Şah əsərim Qələbə marşı olacaq

 

 

 

Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə, Qarabağa yaxın bir yerdə. Buradan Qarabağ dağları görsənir. Əsgərlərlə bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq. Bu marşı özüm ifa edəcəyəm. Arzum budur ki, biz Qarabağa, Şuşaya qayıdaq və Cıdır düzündə gözəl tədbirlər keçirək. Xarı Bülbül festivalını yenidən təşkil edək.

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar və müğənni Polad Bülbüloğlu fevralın 4-də Beyləqanda N saylı hərbi hissədə olarkən jurnalistlərə müsahibəsində söyləyib.

Polad Bülbüloğlu deyib: “Biz bu nümunəni Prezident İlham Əliyevdən götürürük. O, doğum gününü əsgərlərlə, məcburi köçkünlərlə birgə keçirir. Prezident gözəl bir ənənə yaradıb. Mən də hələ yay aylarında düşünürdüm ki, Prezidentdən nümunə götürüb ad günümü əsgərlərlə bir yerdə qeyd edim. Dünən Prezidentimiz mənə “Heydər Əliyev” ordenini təqdim etdi. Ünvanıma çox gözəl sözlər dedi. Mən də fürsətdən istifadə edərək, işimə, yaradıcılığıma qiymət verdiyi üçün dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, dünən qızım dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daInstagram” səhifəsində məni təbrik edib. Mehriban xanıma da dərin təşəkkürümü bildirirəm. Çox duyğulandım”.

Qeyd edək ki, fevralın 4-də Beyləqan rayonunun Olimpiya İdman Kompleksində Polad Bülbüloğlunun 75 illiyi münasibətilə təntənəli mərasim təşkil olunub. Fevralın 7-də isə Bakıda – Heydər Əliyev Sarayında yubiley gecəsi keçiriləcək.

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.2.