İstedadlı gənclər dövlət
qayğısı ilə əhatə olunub
“Bu gün sərgilənən əsərlər gənclərin yaradıcı təxəyyülünün zənginliyini, mövzu rəngarəngliyini, özlərinə məxsus sənət duyumlarını əks etdirir. Nümayiş olunan əsərlər eyni zamanda gənclərin qədim və zəngin mədəni irsimizə maraq və sevgisinin göstəricisidir”.
Mədəniyyət naziri Əbülfəs Qarayev bu fikirləri fevralın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, sərgidə Mədəniyyət Nazirliyi şəbəkəsində fəaliyyət göstərən incəsənət məktəbləri və dərnəklərin şagirdlərinin işləri yer alıb. Gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda oyma, rəssamlıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri ilə böyük maraq doğurur.
Əbülfəs Qarayev vurğulayıb ki, ölkə rəhbərliyinin gəncliyə göstərdiyi diqqət və qayğı onların fəaliyyətini daha da stimullaşdırır, yeni uğurlara ümidləndirir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır, o cümlədən Mədəniyyət Nazirliyinin tabeliyindəki təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir.
Nazir qeyd
edib ki, bu gün incəsənət
və musiqi məktəblərinin fəaliyyəti
təkmilləşdirilir, maddi-texniki
bazası möhkəmləndirilir: “Bu məktəblərin
məzunları ölkəmizin incəsənətinin
simaları olmaqla beynəlxalq müsabiqələrdə
Azərbaycanı layiqincə təmsil edirlər. Hazırda izlədiyimiz
bu əsərlər onu
göstərir ki, gənclərimiz
arasında gələcəyin məşhur təsviri sənət
ustaları yetişir”.
Mədəniyyət.- 2020.- 5
fevral.- S.3.