Sumqayıtda mədəniyyət müəssisələrinin
fəaliyyəti ilə bağlı tapşırıqlar verilib
Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 31-də vətəndaşların qəbulu ilə bağlı gəldiyi Sumqayıt şəhərində bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Nazir ilk olaraq şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla birgə Heydər Əliyev Mərkəzinin foyesində Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində yaradılmış “Mədəniyyət könüllüləri” dəstəsinin təqdimatında iştirak edib.
Mərasimdə çıxış edən Əbülfəs Qarayev bildirib ki, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilində gənclərimizdən ibarət könüllülər də fəal iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub. Nazir könüllü gənclərlə işin təşkilinin sistemləşdirilməsi, onların mədəniyyət sahəsində fəaliyyətinin stimullaşdırılması məqsədilə nazirliyin müəssisələrində könüllülər şəbəkəsinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. “Bu proqram ölkədə vahid mədəniyyət könüllüləri bazasının yaradılmasında mühüm rol oynayır. Fəal könüllülər gələcəkdə Mədəniyyət Nazirliyi sistemində vakansiya yaranan zaman işlə təmin olunacaqlar”, - deyə nazir bildirib.
Nazir Heydər Əliyev Mərkəzində tərtibatçı-rəssam Ramin Allahverdiyevin əl işlərindən ibarət sərgiyə də baxıb. Sərgidə fərqli formatda hazırlanan geniş çeşidli suvenirlər nümayiş etdirilir.
Əbülfəs Qarayev daha sonra Sumqayıt şəhərində ötən il istifadəyə verilən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
2019-cu ilin noyabrında açılışı keçirilən “Nizami” kinoteatrının ikimərtəbəli binasında hər biri 80-100 yerlik olmaqla üç kinozal və digər inzibati otaqlar var. Məlumat verilib ki, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan kinoteatrın yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Bu, şəhər həyatı ilə bağlı mədəni tədbirlərin keçirilməsini daha da stimullaşdıracaq, insanların istirahətinin təşkilində əhəmiyyətli rol oynayacaq, gənclərin bu tədbirlərdə daha fəal iştirakına təkan verəcək.
Əbülfəs Qarayev sonra Sumqayıt bulvarı ərazisində yerləşən Muğam Mərkəzinə gəlib. Diqqətə çatdırılıb ki, mərkəzin binasında konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb və zəruri avadanlıqla təchiz edilib. Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var.
Nazir daha
sonra Bayraq Muzeyi və Sumqayıt bulvarı ilə də
tanış olub.
Mədəniyyət.- 2020.- 5
fevral.- S.4.