Yaşayan Mirzə Cəlil və “Molla Nəsrəddin”
Xalqa, vətənə xidmət eşqi ilə alışıb-yanan, ona dostunu, düşmənini tanıdıb azadlıq uğrunda mübarizəyə səsləyən böyük yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyə malikdir.
Mirzə Cəlil və onun yaratdığı “Molla Nəsrəddin” jurnalı haqqında həm sağlığında, həm də vəfatından sonra məqalələr, tədqiqat əsərləri, hətta salnamə belə yazıldı. Ədibin yaradıcılığı və “Molla Nəsrəddin”in mövcud olduğu dövr, mühit tarixi baxımdan çox əhəmiyyətlidir. Dramaturqun həm bədii yaradıcılığı, həm də jurnaldakı cəhaləti ifşa edən publisistikası xalqın maariflənməsində əvəzolunmaz rol oynadı. Ona görə də Mirzə Cəlil yaradıcılığını xalqı cəhalətdən oyadan kəskin silah adlandırmaq olar. Bu zəngin irsə maraq günümüzdə də davam edir.
Mirzə Cəlil satirik jurnalın ətrafında Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Haqverdiyev, Ü.Hacıbəyli, M.S.Ordubadi və başqa ziyalı ədibləri birləşdirmişdi. “Molla Nəsrəddin” jurnalını oxuyanda xalq öz bağrını deşən tikanları görür, boynuna vurulan zəncirlərin şaqqıltısını eşidirdi. Məhz bu jurnal vasitəsilə xalqın gözü qəflət yuxusundan açılmağa qədəm qoyurdu. C.Məmmədquluzadənin böyüklüyü həm də onda idi ki, o, xalqa deyilməsi zəruri olan fikirləri elə xalqın öz dilində çatdırmağın daha əlverişli üsul olduğunu bilirdi. Bu məqsədlə “Molla Nəsrəddin”də çap olunan məqalələrə xalq ədəbiyyatı örnəklərini ya başlıq olaraq seçir, ya da ideya və fikirlərini birbaşa folklor örnəkləri vasitəsilə ifadə edirdi. Bu mövqedən yanaşma eyni zamanda ədibin xalqın mənəvi keçmişinə dərindən bələdliyini də sübut edir.
Ümumiyyətlə, “Molla Nəsrəddin”i ümumbəşəri jurnal da adlandırmaq olar. Çünki dərgi bütün dünya xalqlarının arzularının ən gözəl ifadəçisi, onların mənafelərinin ən yaxşı müdafiəçisi olmuşdur. “Molla Nəsrəddin” düşüncəsinə görə, kəskin problemləri aradan qaldırmaq üçün ictimai ədalət mütləqdir.
Buna görə də mollanəsrəddinçilər “insan insanın dostu olmalıdır amalı” ilə qaragüruhçuluğa qarşı mübarizə aparırdılar.
“Molla Nəsrəddin” jurnalı nəşrə başlayandan sonra ictimai-ədəbi mühitdə böyük rezonans doğurmuşdu. Müəllifi sevənlərlə yanaşı, maarifçi düşüncədən narahat olanlar onun aradan götürülməsi üçün yollar arayırdılar. Çar məmurlarının təzyiqləri ilə yanaşı, hətta həmin dövrdə Mirzə Cəlili öldürmək üçün pul təklif edənlər də tapılırdı. Bütün bu qadağalara baxmayaraq, o, yazıb-yaradır, əsərləri tamaşaya qoyulurdu...
Məlumdur ki, sovet dövründə yazıb-yaradan ədiblər öz fikirlərini tam sərbəst şəkildə deyil, müəyyən müəmmalar, sətiraltı məna çalarları ilə ifadə etməyə çalışmışlar. Buna səbəb həmin şəxsiyyətlərin təkcə hakim qüvvələrdən çəkinməkləri deyildi. Çünki “hərə bir cana borcludur” düşüncəli, türk qanlı ziyalılarımız öz canlarından, hətta ailə üzvlərinin taleyindən qorxmurdular. Onların narahatlığı, nigaranlığı xalqına lazım olanı, cəmiyyətin zəruri ehtiyac duyduqlarını onlara verə bilməmək qorxusu idi.
Mirzə Cəlilin keşməkeşli həyatı sovetlərin gəlişi ilə daha da ağırlaşır, yeni quruluşla bağlı təbliğ olunan ideallar, verilən vədlər unudulur, sadə kütlənin düçar olduğu bəlalar aradan qaldırılmırdı. Böyük ədib bir çox qələmdaşlarından fərqli olaraq öz həqiqətinə, “düzü düz, əyrini-əyri” prinsipinə sadiq idi. Mirzə Cəlilə görə, “sözün düzünü demək böyük cəsarətdir” ideyası daha məqsədəuyğun yol sayılırdı və o, elə bu yolla da davam edirdi...
***
“Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. Ədibin bu fikrindən aydın olur ki, cəmiyyətdə baş verənlər təbiət və mühitlə əlaqədardır. Hər bir yazarın da həyatı, yaratdığı obrazlar yaşadığı mühitdən asılıdır. Mirzə Cəlilin yaratdığı obrazlar da yaşadığı dövr və mühitin insanlarıdır. Novruzəlilər, usta Zeynallar, Qurbanəlibəylər mühitdən gələn obrazlardır. Yaşadığı mühiti qəbul etməyənlər ya İsgəndərlər olur və ya manqurtlaşırlar. Mirzə Cəlil də elə sovet dövrünün İsgəndəri idi.
Görkəmli yazıçı-dramaturq, ictimai xadim Nəriman Nərimanov Mirzə Cəlilin və mollanəsrəddinçilərin arzularını öz dövründə müasirlərinə, xalqına daha geniş arealda çatdırmaq arzusunu hər zaman qəlbində daşıyırdı. Yeri gəldikcə bu ideyaları gerçəkləşdirmək uğrunda böyük risklərə də gedirdi. Lakin, təəssüflər olsun ki, həyat heç də həmişə arzuların tələbi ilə getmir, gedə bilmir. Vətən üçün, savadlı Azərbaycan gəncliyi üçün qəlbi çırpınan Nərimanovun vəfatından sonra Sovet Azərbaycanında mühit çox dəyişdi. Onun da əsas məqsədi Azərbaycan xalqını işıqlı sabahlara aparmaq idi. Bu yolda mətbuatın müstəsna rol oynadığını çox yaxşı bilirdi. Həmin dövrdə Azərbaycan mətbuatının ən kəskin silahı “Molla Nəsrəddin” jurnalı idi. Əslində, Nərimanovun siyasi fəaliyyətinə nəzər yetirəndə onun məhz “Molla Nəsrəddin” ideyalarına söykənən fəaliyyət üsullarını görmək mümkün olur...
1925-ci il. Nərimanov həyatda
yoxdur. Azərbaycan ziyalılarına, milli mətbuata, o cümlədən “Molla Nəsrəddin”ə qarşı
böhtan kompaniyası
genişlənir. Hökumət dairələri belə hesab edir ki,
artıq “Molla Nəsrəddin”in fikirləri
köhnəlib. Cəmiyyət onsuz da sovetlərin
köməyi ilə maariflənir. “Molla Nəsrəddin” isə xalqı müasir üsulla oyatmağı bacarmır.
Köhnəni köhnə ilə
necə təzələmək
olar?! Bu baxımdan, jurnalın ideya üsulunu, hətta dilini bəyənməyib onu tənqid edənlər günü-gündən çoxalırdı.
Qəzetlərin birində
yazılırdı: “Bunu
heç kim
inkar etməz ki, “kommunizm əlifbası”nı “Molla
Nəsrəddin”in dili
ilə tərcümə
etmək olmaz. Etsək də, Yaxın Şərqdə kimsə oxumaz”. O dövrün
məlumatlarını izləyəndə
görürük ki, dünən mollanəsrəddinçi
olmuş bəzi insanlar artıq mətbuatda dərgini “köhnə fikirli” adlandırırdı.
Böyük mütəfəkkirə, onun
yaradıcılığına münasibət dəyişdiyi
vaxtlarda hətta görkəmli ziyalı, ədəbiyyatşünas, tərcüməçi
Əziz Şərifə
Mirzə Cəlili müdafiə etdiyinə görə hücumlar başlamışdı. Mirzə Cəlil
o dərəcədə mənəvi
təqiblərə məruz
qalmışdı ki,
vicdanının səsi
ilə qələmə
aldıqlarını sobada
yandırırdı. Bu
hadisəni də sovet ideologiyası başqa cür qələmə verirdi – guya “uşaqlara soyuq olub”. Məlumdur ki, bir dəstə
kağız yandırmaqla
bir evi qızdırmaq
olmazdı. Çox
təəssüf ki,
indi də bu saxta yanaşmanı
təbliğ edənlər
tapılır.
Görkəmli ədibin həyat
yoldaşı Həmidə
Məmmədquluzadə-Cavanşir xatirələrində yazır
ki, Ənvərin otağı soyuq olduğu üçün
Mirzə Cəlil əlyazmalarını yandırırdı...
Həmidə xanım bu xatirələri sovet dövründə, xalqın
ağır repressiyadan
yenicə nəfəs
almağa başladığı
bir vaxtda qələmə almışdı.
Əlyazmaların yandırılması faktı məişət şəraiti ilə əlaqələndiriləndə böyük ədibin gülüşü yada düşür. Bu gün Azərbaycan müstəqildir və keçmişimizi düzgün
təhlil etməsək,
bəs nə vaxt edəcəyik?!
Yaxşı xatırlayıram, 1994-cü ildə
ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin
ev-muzeyinə gəlmişdi. Muzeydə dahi
siyasətçiyə bələdçilik
edəndə belə bir fikir söylədim
ki, Mirzə Cəlil ağır mənəvi repressiyalara məruz qalmış, hətta bu üzdən
əlyazmalarını yandırmağa
vadar olmuşdu. Xalqımızın böyük oğlu
bu fikirlərimə təəssüf hissi ilə “Böyük Mirzə Cəlil gör nələr çəkib!” – deyə reaksiya verdi.
Mirzə Cəlil yaradıcılığına
dünən olduğu
kimi, bu gün də böyük ehtiyac var. Bu bədii miras heç vaxt dəyərini, aktuallığını
itirməyəcək. Ulu öndər Heydər Əliyev “Ölülər”
əsəri haqqında
demişdir: “Mən
tam cəsarətlə deyə
bilərəm ki, dünya ədəbiyyatında
buna bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər
Cəlil Məmmədquluzadənin
həm də nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız
özünəməxsus fitri
istedadını əks
etdirir”.
Milli-mənəvi dəyərlərə, azərbaycançılıq
ideyalarının zənginləşməsinə
xidmət edən ən kiçik fəaliyyətə belə
böyük dəyər
verən ümummilli lider dahi Mirzə
Cəlilin ölməz
ideallarını hakimiyyətdə
olduğu hər dövrdə layiqincə qiymətləndirmişdir. Ulu öndərin
sadiq davamçısı
– möhtərəm Prezidentimiz
İlham Əliyev də görkəmli ədibin irsinə böyük diqqətlə
yanaşır. Ötən
il ölkə
başçısının sərəncamı ilə
Mirzə Cəlilin 150
illiyinin yüksək səviyyədə qeyd olunması, respublikamızda
və xaricdə rəngarəng tədbirlərin
keçirilməsi dahi
yazıçıya gerçək
münasibətin göstəricisidir.
Yubiley ilində Mirzə Cəlilin Bakıdakı ev-muzeyində əsaslı
təmir işləri
aparılaraq istifadəyə
verilməsi ölkə
rəhbərliyinin mütəfəkkir
ədibin irsinə diqqət və qayğısının bariz
nümunəsidir.
Yeganə MƏMMƏDOVA
Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi
Mədəniyyət.- 2020.- 5
fevral.- S.6.