“Qoca qartalın əbədi
uçuşu”
“Bu filmdə biz portret janrından çıxış edərək Azərbaycandan kənarda da Mikayıl Azaflının aşıq sənətinə münasibətini əks etdirmişik. Filmlə onu göstərmək istədik ki, Mikayıl Azaflı tək aşıq deyil, həm də dövrün dissident şairidir. O, sənəti ilə Türkiyə və Gürcüstanda məşhurluq qazanıb. Biz, eyni zamanda yeni nəsildə aşıq sənətinə maraq oyatmağa çalışmışıq”.
Bu sözləri yanvarın 30-da Rəşid Behbudov adına Mahnı Teatrında aşıq Mikayıl Azaflıya həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimində ekran əsərinin quruluşçu rejissoru Elnurə Kazımova bildirib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Bədii və sənədli filmlər studiyası (keçmiş “Azərbaycantelefilm”) tərəfindən istehsal olunan filmin ssenari müəllifi Məti Osmanoğludur. O deyib: “Çəkiliş qrupunun qarşısında iki yoldan birini seçmək dururdu. Ya xalqın yaratdığı mifi “söküb yenidən yığmaq”, ya da mövcud əfsanənin obrazını “televiziya dilində” bərpa etmək, tamaşaçının təsəvvüründəki obrazı kino estetikasının tələbləri əsasında görüntülərə çevirib əyaniləşdirmək... Biz ikinci yola üstünlük verdik və mənə elə gəlir ki, bu yanaşma özünü doğrultdu. Mikayıl Azaflının portreti əsasında Azərbaycan aşıq sənətinin keçdiyi enişli-yoxuşlu, bəzən də “ildırımlı” yolu, bu sənətin ölməz gələcəyini canlandırmağa çalışdıq. Buna nə dərəcədə nail olduğumuzun qiymətini tamaşaçı verəcək”.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı bildirib ki, Mikayıl Azaflının qeyri-adiliyi onu xalqın gözündə əfsanəyə çevirmişdi və filmdə də bu obraz canlanır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Bədii və sənədli filmlər studiyasının rəhbəri, Xalq artisti Ramiz Həsənoğlu filmin ərsəyə gəlməsinə görə çəkiliş qrupuna təşəkkür edib.
Ekran əsərində Mikayıl Azaflının keçdiyi ömür yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı rol işıqlandırılıb.
Filmin elmi məsləhətçisi, professor Qəzənfər Paşayev, redaktoru Sadıq Elcanlıdır.
Sonda “Azaflı himni” aşıq havası təqdim olunub.
Qeyd edək ki,
filmin çəkilişləri əsasən
Tovuz rayonunda, Əsrik
çayının sahillərində, aşığın ana yurdu Azaflı kəndində,
eləcə də Cirdək, Qaralar,
Əlimərdanlı və digər kəndlərdə
aparılıb.
Mədəniyyət.- 2020.- 5
fevral.- S.6.