Xalq hikmətlərindən ilham alan yazıçı

 

 

 

Bənzərsiz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən, nəsr dilimizin  inkişafına töhfələr verən ədiblərimiz arasında Xalq yazıçısı Əli Vəliyevin xüsusi yeri var. Erməni zülmünün canlı şahidi olmuş ədib bir sıra əsərlərində mənfur düşmənin xalqımıza qarşı həyata keçirdiyi qırğın və talanları oxunaqlı bir dillə qələmə alıb.

Əli Qara oğlu Vəliyev 27 fevral 1901-ci ildə Zəngəzur mahalında – Qarakilsə (Sisyan) rayonunun Ağdü kəndində dünyaya göz açıb. İlk təhsilini kəndlərindəki dördillik rus-tatar məktəbində alıb.

Çox gənc ikən həyat onu çətin sınaqlara çəkir. Erməni daşnaklarının 1918-ci ildə Zəngəzur mahalında törətdikləri talan Ağdü kəndindən də yan keçmir. Yurd-yuvası tar-mar olan, taleyinə qaçqınlıq yazılan Qara kişinin ailəsi Azərbaycanın bir neçə rayonunda yaşamalı olsa da, sonda Bakıda məskunlaşır.

Əli Vəliyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-ictimaiyyət fakültəsini bitirib. 1933–1934-cü illərdə “Şərq qapısı” qəzetinin redaktoru vəzifəsində çalışıb. 1941–1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak edib, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında “Cəbhə hekayələri” kitabını qələmə alıb. O, müharibədən qayıtdıqdan sonraKommunist” qəzetinin redaktor müavini, məsul redaktoru (1943-1949) işləyib. Bir müddət Azərbaycan Yazıçılar İttifaqında məsul katib (1949-1954), “Azərbaycan” jurnalında məsul redaktor vəzifələrində çalışıb.

Araşdırmalardan məlum olur ki, Əli Vəliyevin uşaqlığı və gəncliyi çox faciəli keçib. O, doğma adamlarının hamısını faciəli şəkildə itirib. Ata, ana, üç bacı və bacısı uşaqları gözləri qarşısında xəstəlikdən və acından vəfat edib. Ac-susuz, evsiz-eşiksiz özgə qapılarında qalan gənc tamamilə ümidsiz olub. Yazıçı sonralar qələmə aldığı sənədli əsərlərində bu illəri ürəkağrısı ilə xatırlayır. “Turaclıya gedən yol”, “Qarabağda qalan izlər” romanlarında, “Sənət eşqi”, “Qohumlar” povestlərində, “Durna qatarı”ndakı bir sıra oçerklərində qaçqınlıq illəri kədərli səhnələrlə təsvir edilir.

Ədəbiyyata erkən çağlardan maraq göstərən Əli Vəliyev yaradıcılığa şeirlə başlayır. Ancaq çox keçmir nəsr əsərləri qələmə alır. Müəllifin “Nənəmin cəhrəsi” adlı ilk hekayələr kitabı 1930-cu ildə işıq üzü görür.

Yazıçının “Qəhrəman” romanında insanların yeni həyat uğrunda mübarizəsindən bəhs olunur. “Cəbhə hekayələri”, “Sovqat” kitabları Böyük Vətən müharibəsi döyüşçülərinin qəhrəmanlığına və sadə insanların fədakar əməyinə həsr edilib. Müharibədən sonrakı yaradıcılığında isə kənd mövzusu əsas yer tutur. Onun  “Madarın dastanı”, “Qarlı dağlar”, “Gülşən”, “Çiçəkli”, “Ürək dostları”, “Zamanın ulduzları”, “Turaclıya gedən yol”, “Anaqız”, “Bir cüt ulduz”, “Samovar tüstülənir”, “Durna qatarı”, “Qarabağda qalan izlər”, “Zəngəzur qartalları”, “Narahat adam”, “Sənət eşqi”, “İşığa doğru”, “Cəbhə hekayələri”, “Ərköyün” kimi roman və povestlərində dövrün kənd həyatı əksini tapır. Yazıçı bu əsərlərində köhnəliyə qarşı mübarizə aparan, yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyətlərin bədii obrazını yaradıb.

Yazıçının xüsusilə geniş oxucu marağı doğuran əsəri 1957-ci ildə qələmə aldığı “Budağın xatirələri” olub. Kitabda erməni daşnaklarının Zəngəzurda, xüsusilə də Ağdü kəndində törətdikləri faciələr öz əksini tapıb. Müəllif Hadisələri təsvir edərkən təsirli ifadə vasitələrindən ustalıqla və yerli-yerində istifadə edib.

Əli Vəliyevin ədəbiyyatımızın inkişafında xidmətləri yüksək qiymətləndirilib, 1974-cü ildə Azərbaycanın Xalq yazıçısı fəxri adı, 1976-cı ildə 75 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib. Ömrünün çox hissəsini bədii yaradıcılığa həsr edən, əsərlərində xalq yaddaşından sənətkarlıqla istifadə edən yazıçı 2 fevral 1983-cü ildə Bakıda dünyasını dəyişib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.6.