Ələddinin şıltaq şahzadəsi...
Mükəmməl incə gözəlliyə sahib Dodo Çoqovadze hələ yeddi yaşında ikən kinoya çəkilmişdi. Geniş tamaşaçı auditoriyası isə onu 15 yaşında çəkildiyi Şərq gözəli, şahzadə Budur rolu ilə sevdi...
Dodo Çoqovadze 1 fevral
1951-ci ildə Tbilisidə
anadan olub. Atası Aleksandr
Çoqovadze aqronom, anası İraida Kitayeva evdar qadın idi. Müharibə vaxtı anasının
ailəsi Tbilisiyə evakuasiya olunmuşdu.
Deyilənə görə, anası
gözəllikdə amerikalı
kinoulduz Eva Qardnerə
oxşayırmış, qızı
Dodo da anasına bənzəyib.
O, uşaqlıqda rəqs etməyi çox sevirdi. Bunu görən valideynləri
Dodonu xoreoqrafiya məktəbinə qoyurlar.
Burada onun müəllimi tanınmış rəqqas
Vaxtanq Çabukiani idi.
Dodo Çoqovadze ilk dəfə
1958-ci ildə “Manana” filmində epizodik rola çəkilir. 1963-cü ildə “Kiçik cəngavərlər” filmində
əsas rollardan birini (Nana) oynayır.
Xoreoqrafiya məktəbinə müxtəlif yerlərdən
rejissor və rejissor köməkçiləri
gəlirdi. Rejissor
Stanislav Rostotski M.Y.Lermontovun romanı əsasında çəkdiyi
“Zəmanəmizin qəhrəmanı”
filmində (1965) Bela roluna aktrisa axtararkən məktəbdə
Dodonu görür və onu Moskvaya
sınaq çəkilişinə
dəvət edir. Qızın gözəlliyi, istedadı
rejissorun çox xoşuna gəlir və bu haqda
onun anasına da deyir. Lakin qızın 14 yaşı
olduğunu öyrənəndən
sonra onu bu rola çəkməyə
ehtiyat edir. Rejissor yetkinlik yaşına çatmayan uşağı
bu cür rola çəkə bilməyəcəyini bildirir.
Dodo və anası
peşmançılıq hissi
ilə Tbilisiyə qayıdırlar. Lakin Dodonun
şəkilləri kinostudiyanın
kartotekasında qalır.
Bir il sonra
– 1966-cı ildə rejissor
Boris Rıtsarev “Ələddinin
sehrli çırağı”
nağıl-filminin çəkilişlərinə
başlayarkən təsadüfən
Dodo Çoqovadzenin şəklini
görür və onu da Şahzadə
Budur rolunun sınaq çəkilişlərinə
dəvət edir. Bu rola müraciət
edənlər həddindən
artıq çox idi, onların arasında məşhur aktrisa İrina Peçernikova da var idi. Nəhayət, rejissor B.Rıtsarev
D.Çoqovadzeni Budur roluna təsdiqləyir.
O da rolun öhdəsindən məharətlə
gəlir və milyonların yaddaşında
şahzadə Budur kimi qalır. Yeri gəlmişkən, bu filmdə bizim sevimli aktyorumuz Hüseynağa Sadıqov da Baş vəzir
rolunda çəkilib.
Aktrisa 1981-ci ildə
isə rejissor Yevgeniya Juqlenkonun “Göydə gecə cadugərləri” filmində
Sofiko rolunu oynayır. Bundan sonra kinoya çəkilmir.
Dodo Çoqovadze Tiflis Teatr İnstitutuna daxil olur və
onu müvəffəqiyyətlə
bitirir. Müəllimi Vaxtanq Çabukiani onu Zakaria Paliaşvili
adına Tbilisi Dövlət Opera və Balet Teatrına işə düzəldir.
Bir müddət sonra aktrisa Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna xoreoqraf ixtisası üzrə oxumağa gedir. Tbilisiyə qayıtdıqdan sonra teatrda xoreoqraf
olaraq işləməyə
başlayır.
Şəxsi həyatına gəlincə,
aktrisa Opera və Balet Teatrının müğənnisi David Şuşaninlə
ailə həyatı qurur. Cütlüyün bir qızları
dünyaya gəlir, adını da Nina qoyurlar. Lakin bir müddət
sonra ayrılırlar.
Nina konservatoriyanı (piano bölməsi) qurtarsa da, musiqi onun
peşəsinə çevrilmir.
Sonradan universitetin psixologiya fakültəsini bitirir.
Bu yaxınlarda 69 yaşını
qeyd edən Dodo Çoqovadze Tbilisi Dövlət
Teatr və Kino Universitetində ritm və rəqsdən dərs verir. O, müsahibələrinin
birində deyib: “Tələbələrlə işləmək
mənim üçün
çox maraqlıdır.
Lakin onlara baxanda fikirləşirəm ki, tələbələrimi asan
tale gözləmir. Çünki
hazırda Gürcüstanda
filmlər az
çəkilir, teatrda
maaşlar azdır. İstedadlı bir tələbəmi
restoranda ofisiant işləyən görəndə
çox pis oluram. Düzdür, mən özüm
də həyatda çox şeyi əldən vermişəm
və bu gün yaradıcı aclıq hissi keçirirəm. Hiss edirəm
ki, hələ də filmlərdə rol almağa, oynamağa gücüm var və mənə
elə gəlir ki, bu, məni
xatırlayan tamaşaçıları
da sevindirər...”.
Dodo Çoqovadze deyir ki, xalası Moskvada tək yaşayır və vaxtilə oraya köçüb Rusiya vətəndaşlığı almadığı üçün təəssüf edir. O zaman yaradıcılıq fəaliyyətini daha dolğun davam etdirə bilərdi...
Səbinə ƏLİBALAQIZI
Mədəniyyət.- 2020.- 5
fevral.- S.7.