Gənclərin qrup
“Axın”ı
Fevralın 3-də Bakı Kitab Mərkəzində gənc rəssamların “Axın” adlı qrup sərgisi açıldı. Gənclər Gününə həsr olunmuş sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə gerçəkləşdi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov layihə haqqında məlumat verdi. Bildirdi ki, “Axın” layihəsi gənc rəssamların yaradıcılığını dəstəkləmək məqsədi daşıyır: “Layihəyə istənilən gənc rəssam qoşula bilər. Bu qrupun üzvü olan gənclər təşkil etdiyimiz müxtəlif tədbirlərdə iştirak edəcəklər. Bu gün keçirilən tədbir üçün xüsusi seçim aparılıb və ən dəyərli əsər müəllifləri sərgidə iştirak etmək hüququ qazanıblar”.
Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva fəaliyyət istiqamətləri barədə danışdı. Dedi ki, ədəbiyyata və mütaliəyə xidmət edən mərkəz hazırda öz fəaliyyətini genişləndirib. Burada rəsm sərgiləri, musiqi gecələri və müxtəlif maarifləndirici tədbirlər də təşkil olunur.
Xalq rəssamı Arif Hüseynov layihənin əhəmiyyətini yüksək qiymətləndirdi, sərgidə iştirak edən gəncləri təbrik edib yeni uğurlar arzuladı.
Sonra sərgidə nümayiş olunan işlərin müəllifləri diplomla təltif edildilər.
Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.
Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etməkdir. Ekspozisiyada 30-dan çox gəncin 60-a yaxın əl işi nümayiş olunurdu.
N.MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 5
fevral.- S.8.