Bəstəkar soydaşımızın “Qərarsız pıçıltılar”ı

 

Avstriyada ilk dəfə ifa olunub

 

Əslən Cənubi Azərbaycandan olan, Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbourinin tar və orkestr üçün bəstələdiyi “Qərarsız pıçıltılar” əsəri Qrats şəhərində ifa olunub. Əsər solo tarorkestr üçün bəstələnmiş ilk eksperimental musiqi əsəri hesab oluna bilər.

Qrats Musiqi və İfaçılıq Sənətləri Universitetində burada təhsil alan bəstəkarların əsərlərindən ibarət konsert təşkil olunub. Azərbaycanlı bəstəkarın əsəri ilk dəfə ictimaiyyətə təqdim olunub və konsertdə tar partiyasını müəllifin özü ifa edib.

Əsərlə bağlı fikirlərini bölüşən A.Torkanbouri bildirib ki, onu dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə ithaf edib. Qeyd edilib ki, əsərdə müasir üslub musiqiyə xas olan və indiyədək tətbiq edilməmiş texnikalara da yer verilib. Bir müddət əvvəl İranda baş vermiş təyyarə qəzasında çoxlu sayda insanın həlak olmasından kədərlənən bəstəkar bu əsərində həmin kədəri ifadə etməyə çalışıb.

Qeyd edək ki, 1989-cu ildə Təbrizdə doğulan Aria Torkanbouri uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Musiqiyə olan sevgi onu Təbriz Universitetində mühəndislik təhsilini yarımçıq saxlayaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına gətirib. Professor Arif Məlikovun və Ceyhun Allahverdiyevin siniflərində təhsil alan gənc bəstəkar sonra təhsilini Berlin, İstanbulQrats şəhərlərində davam etdirib. 2016-cı ildən Qrats Musiqi və İfaçılıq Sənətləri Universitetində müasir musiqi üzrə tanınmış simalardan olan professor Beat Furrerin sinfində təhsil alır.

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.8.