Gənclərin uğurları gələcəyin
xoş sorağıdır
Gənclərə diqqət və qayğı, onların istedadının dəstəklənməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Öz növbəsində yaradıcı gəncliyimiz də bu diqqət və qayğı müqabilində yeni-yeni uğurlara imza atır, ölkəmizin mədəniyyətini, incəsənətini müxtəlif tədbirlərdə layiqincə təmsil edirlər.
Hər il olduğu kimi, bu il də 2 fevral – Gənclər Günü ilə bağlı müxtəlif sahələrdə uğur qazanan gənclərimizin bir qrupu Mədəniyyət Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı. Mədəniyyət və incəsənət sahəsində təltif olunan gənclərin bir qismi ilə oxucularımızı tanış etmək istərdik.
***
Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif edilən Mənzurə Abdurahmanova 2005-ci ildə Kürdəmir rayonunda anadan olub. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xanəndə ixtisası üzrə IX sinfində təhsil alır. Burada təhsil aldığı müddətdə respublika və beynəlxalq müsabiqələrdə, festivallarda yüksək nəticələr əldə edib, laureat adını qazanıb. Bülbülün 120 illik yubileyinə həsr edilmiş milli musiqi alətləri ifaçıları, xanəndələri və vokal ifaçılarının III müsabiqəsində üçüncü dərəcəli diplom alaraq laureat olub, klassik musiqi və folklor ifaçılarının «World Harmony» Beynəlxalq müsabiqəsində (2019) II dərəcəli diploma layiq görülüb. Mənzurə həmçinin ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ölkəmizin Belçikadakı səfirliyində keçirilən konsertdə və Niderlandın Utrext şəhərində muğam konsertində çıxış edib.
***
Elvin Salmanov Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbində saksofon ixtisası üzrə təhsil alır. 2016-cı ildə “Future stars” müsabiqəsində III yerə, həmin il dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında respublika müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Elvin 2018-ci ildə Gürcüstanda keçirilən musiqi müsabiqəsində iştirak edərək I yeri qazanıb. Ötən il Mədəniyyət Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən “World Harmony” beynəlxalq müsabiqəsində solo ifada birinci olub. Eyni zamanda Bakı Caz Festivalı çərçivəsində müsabiqədə II yerə layiq görülüb.
***
Bakı Xoreoqrafiya Akademiyasının bakalavr tələbəsi Zəhra Tanrıverdiyeva bu təhsil ocağının kollec pilləsində oxuyarkən Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I beynəlxalq müsabiqənin laureatı adını qazanıb. Dövlət tədbirlərində fəal iştirak edən gənc rəqqasənin ən uğurlu çıxışlarından biri Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində Gülyanağın partiyası olub. Onun ötən il Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Sarayında keçirilən tədbirdə BXA-nın hazırladığı solo partiyadakı çıxışı da alqışlarla qarşılanıb. Gənc rəqqasə BXA-nın hazırladığı layihələrdə, eyni zamanda dövlət əhəmiyyətli tədbirlərdə aktiv iştirak edir. Klassik rəqs üzrə təhsil alsa da, milli rəqs üstündə qurulan xoreoqrafik kompozisiyalara da maraq göstərir.
***
Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılan gənclər sırasında da incəsənətin müxtəlif sahələrini təmsil edən istedadlar var. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Nurlan Süleymanlı (Xəyyam) onlardan biridir. İsmayıllı rayonunun Xankəndi kəndində anadan olan Nurlan 2017-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram, teatr və kino aktyoru fakültəsini bitirib. Ötən ildən Gənc Tamaşaçılar Teatrında çalışır. Onun ifasında İzqara (“Tanrıya on dörd məktub”, E.E.Şmidt), Qrinç (“Qrinç”, R.Hovard), Pişik (“Qızıl balıq”, A.S.Puşkin), Gənc aktyor (“Oqtay Eloğlu”, C.Cabbarlı), Siçan bəy (“Möcüzəli pillələr”, A.Salmanlı), Gürcü (“Şeyx Sənan”, H.Cavid) və s. obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
***
Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən istedadlı gəncləri də diqqətdən kənarda qoymamışdı. Sumqayıt, Gəncə, Mingəçevir, Kürdəmir, İsmayıllı, Qusar, Lənkəran, Ağdaş, Sabirabad, Salyan, Ağcabədi, Masallı, Gədəbəy, Şəki, Qazax, Şamaxı şəhər və rayonlarının müxtəlif mədəniyyət ocaqlarında fəaliyyət göstərən gənc əməkdaşlar fəxri fərmanlarla təltif edildilər.
Lalə AZƏRİ
Mədəniyyət.-2020.- 7 fevral.-
S.4.