Muğam ifaçılarının
yaxın dostu
Şair-publisist Gülhüseyn Kazımlının
yaradıcılıq gecəsi
Fevralın
4-də Beynəlxalq Muğam Mərkəzində
şair-publisist Gülhüseyn Kazımlının 70 illiyinə
həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin aparıcılıq etdiyi gecədə əvvəlcə Mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubu oxunub. AYB və ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyevin adından da yubilyara təbriklər səsləndirilib.
Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov yubilyarı təbrik edərək onu muğam ifaçılarının yaxın dostu adlandırıb. Vurğulayıb ki, müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışmasına baxmayaraq, o, həmişə musiqiyə bağlı insan olub: “Biz Beynəlxalq Muğam Mərkəzində, bölgələrdə dəfələrlə birlikdə tədbirlərdə olmuşuq. O, yüksək daxili mədəniyyəti və özünün musiqiyə xüsusi münasibətilə seçilir. Gözəl dostdur, bütün muğam festivallarında həmişə yanımızdadır”.
Gülhüseyn Kazımlının məhsuldar, Azərbaycan ziyalısına yaraşan bir ömür yaşadığını qeyd edən filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov onun dəyərli elmi tədqiqat əsərlərinin müəllifi olduğunu diqqətə çatdırıb.
Yubilyarı 50 ilə yaxındır tanıdığını söyləyən Xalq artisti Ramiz Quliyev onun muğama, musiqiyə olan diqqət və marağından söz açıb. Bildirib ki, o, uzun illər dövlət işlərində çalışsa da, hər zaman musiqi, ədəbiyyat və muğam onun qəlbində xüsusi yer tutub. Bu gün də bu sahədə fəaliyyətini yorulmadan davam etdirir. Onun tanınmış muğam ifaçılarımız haqqında kitabları muğam sənətimiz üçün dəyərli töhfələrdir.
Gülhüseyn Kazımlının şair, yazıçı olmaqla yanaşı, gözəl publisist olduğunu söyləyən Mətbuat Şurasının sədri Əflatun Amaşov ona təmsil etdiyi qurumun fəxri diplomunu təqdim edib.
Yazıçı-publisist Səyyad Aran, şair Maşallah Məftun və başqaları yubilyarı təbrik edərək onun yol yoldaşlığı, təşkilatçılığı, təvazökarlığı, özünəməxsus yumora malik insan kimi xüsusiyyətlərindən danışıblar.
Çıxışlarda qeyd edilib ki, Gülhüseyn Kazımlı “Vətən sevgisi”, “Yollarda ömür”, “İnsanın dərki”, “Ümid yeri” və s. kitabların müəllifidir. Şeirlərinə Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və başqa bəstəkarlar tərəfindən mahnılar bəstələnib.
Xalq artistləri Ramiz Quliyev, Mənsum İbrahimov,
Teyyub Aslan, Ənvər
Sadıqov, əməkdar artistlər Təyyar Bayramov,
Sevinc Sarıyeva, Azad Şükürov, Zakir
Əliyev və gənc xanəndələr Almaxanım Əhmədli,
Murad Rüstəmzadə, Nisbət Sədrayevanın
ifaları yubiley gecəsinə rəng
qatıb. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı
müşayiət edib.
Mədəniyyət.- 2020.- 7
fevral.- S.5.