Mədəniyyətlərin dialoqunda Şərq-Qərb konteksti

 

 

Dünya mədəniyyəti tarixin ilk mərhələlərindən etibarən vahid bir sistem halında  dünyanın gah bu, gah da digər regionlarında baş verən hadisələrin məcmusu kimi mövcud olmuşdur. Samuel Hantinqtonun yazdığı kimi: “Dünya mədəni böhrana düşüb. Qərb mədəniyyəti əsasən iki istiqamətə – İslamKonfutsi sivilizasiyalarına qarşı yönəlib. Bu proseslər iqtisadi, siyasi böhranlara və hətta müharibələrə gətirə bilər”.

Hazırkı şəraitdə dünyada baş verən sosial-siyasi proseslər bu fikirlərə müəyyən mənada haqq qazandırır. Belə ki, ərəb dünyasında baş verən hərbi toqquşmalar, Qərbin müxtəlif vasitələrlə yeritdiyi siyasətin bilavasitə nəticəsidir. Burada başlıca məqsəd iqtisadi mənbələrin ələ keçirilməsi olsa da, milli mədəniyyət faktları da az rol oynamır. Qərbin “sən də mənim kimi düşün!” şüarı və onun İslam dünyasına yeridilməsi açıq müşahidə edilən gerçəklikdir. Belə ki, Qərb ölkələrində “islamofobiyaqorxusunun yaradılması, Avropadan islamı uzaqlaşdırmaq, müsəlmanların Avropadan qovulması şüarları ilə çıxış etmək bugünkü avrosentristlərin  məqsədinə çevrilmişdir.

Bəlli olduğu kimi, Şərqin və Qərbin mədəniyyət anlayışları mahiyyət etibarilə kifayət qədər fərqlidir. Mədəniyyətin Avropa mənası “becərmə”, “dəyişdirmə”, “təbiətin məhsulunun insani məhsula çevrilməsi” anlamını verir. Çin sözü (ieroqlif) “ven”, “mədəniyyət” sözünün analoji anlamı piktoqrafik olaraq “bəzək”, “bəzəkli insansimvolunu bildirir. Bu anlayışın əsas mənası bəzək, gül, ədəbiyyatdır.

Hələ XI-XII əsrlərdə Qərb və Şərq arasında sıx əlaqələr olmuşdur. Çoxsaylı  tarixiarxeoloji tapıntılar bunu faktiki olaraq təsdiq edir. Amma belə bir tarixi-mədəni fakt da mövcuddur ki, Şərqin təsiri ilə Fransanın, Almaniyanın, İtaliyanın roman üslubu abidələrində yayılmış heyvan təsvirləri birdən-birə yox olur, Xaç (Səlib) yürüşlərinin nəticəsində İslam dünyasının mübarizə əzmi güclənir, beləliklə, Şərqə Qərb mədəniyyətinin daxil olması mümkün olmur. Orta əsrlərin tarixi nümunəsində Qərb və Şərqin qarşılıqlı təsirini, yaxınlaşma və uzaqlaşma prosesini aydın görmək olar. Başqa sözlə desək, Qərbin roman incəsənəti (XI-XII əsrlər) Şərqlə yaxınlaşma vəziyyətində inkişaf edirdisə, qotik incəsənəti (XIII əsr) onunla əlaqənin kəsildiyini təsdiq edirdi.

Əgər Qərb proqressiv, rasional, individual, realist, azadlıqsevər, aktiv olaraq xarakterizə olunurdusa, Şərq arxaik, subyektiv, ailə həyatına qapalı, idealist, mistik, passiv olaraq tanınırdı. Bu əlamətlər artıq bir stereotip kimi XIX əsrin ortalarından ideal mədəniyyət tipləri adlandırılan “Qərb” və “Şərq” tiplərində möhkəmlənir. Bu dövrdən etibarən Qərb və Şərq terminləri fəlsəfi və kulturoloji ədəbiyyatda coğrafi anlayışlar kimi deyil, bir-birinə əks olan mədəniyyət obrazları kimi istifadə olunur. Odur ki, çağdaş dövrdə belə mənəvi tipinə görə Qərbin və Şərqin prinsipial və dəyişməz olaraq bölünməsi mövzusu fəlsəfi, eləcə də kulturoloji baxımdan müqayisəli şəkildə götürülür. Bu isə nəticə etibarilə onların mədəniyyətlərarası dialoqun bərabərhüquqlu üzvü olmalarına mane olur.

Qəribədir ki, qədim zamanlardan Qərb və Şərq haqda təsəvvürlər yalnız coğrafi deyil, siyasi, ideoloji, mədəni münasibətlərdə də mövcud idi. Qərb və Şərq qarşıdurması qədim yunanlardan başlayır. Amma qədim yunan mədəniyyətində Qərbin Şərqə əks qoyulması mövcud deyil, yunan sivilizasiyasının Yaxın Şərq xalqları ilə yanaşı Mərkəzi, Orta və Cənub-Şərqi Asiya xalqları ilə də mədəni-iqtisadi əməkdaşlığı var idi. Qədim Yunanıstanın elmi-fəlsəfi fikri, mədəniyyəti Yaxın Şərq və Asiya ölkələrinin mədəniyyətinin təsiri ilə inkişaf edirdi, siyasətçiləri və filosofları isə Qərbi Şərqə deyil, mədəni yunanı milliyyətindən asılı olmayaraq, mədəniyyətsiz barbara qarşı qoyurdular. Herodot kimi Ön Asiya tədqiqatçıları “barbarlığa” bənzər bir şey tapsalar da, antik dövrdə barbarlıq Şərq dünyasının atributu deyildi.

Yaxın Şərq sivilizasiyaları orada yaşayan astronomlardan və riyaziyyatçılardan dərs alan yunan filosoflarının tədqiqat predmeti olmuşdur. Şərq barədə Qərbin mədəni antipodu kimi təsəvvür Roma ədəbiyyatında da mövcud deyil. Tarixçilərin və filosofların əsərlərində Şərq barədə qeydlər olduqca azdır, Şərq romalıların düşüncəsində nə mədəni cəhətdən, nə də ərazicə mövcud deyil. Məsələn, Strabon ümumiyyətlə, Şərq anlayışından istifadə etmir.

Orta əsrlərin Şərq barədə təsəvvürünü iki istiqamətə ayırmaq olar. Erkən Orta əsrlər dövründə Şərq barədə fantastik təsəvvürlər mövcud idi. Məlumat məhdudluğu üzündən Şərq qeyri-adi insanlarheyvanlarla məskunlaşmış ekzotik dünya kimi təsəvvür olunurdu. J.Le Qoffun fikrincə, “Şərq barədə təsəvvürlərdə nadir ağaclarla, zəngin metallarla dolu adalar, başqa cür həyat, tabunun dağıdılması, kilsənin sərt qaydalarından azadlıq arzuları əks olunurdu”.

İkinci istiqamət üçün Avropa və Şərqin intensiv münasibətləri və müsəlman Şərqinin xristian Avropa mədəniyyətinə təsiri xarakterikdir. Avropalı tacirlər mərkəzi və Şərqi Asiyaya daxil olur, beləliklə, missionerlik fəaliyyəti aparırdılar. Avropa ölkələri siyasi əlaqələr qurmaq üçün Şərq ölkələrində səfirliklər yaradırdılar, buralara gələn avropalılar öz səyahətləri barədə yazırdılar. Marko Polonun səyahətindən sonra Uzaq Şərq barədə təsəvvür əldə edən avropalılar ticarət və missioner fəaliyyəti üçün lazım olan dərəcədə Şərq dillərini öyrənirdilər. Beləliklə, Şərqi daha yaxından tanımaqla onun haqqındakı  təsəvvürlərin ekzotik  detalları tədricən yox olurdu.

Orta əsrlərdə Qərbin fərqli  mədəni-tarixi tip kimi Şərqə qarşı qoyulması baş vermirdi. Orta əsrlər Avropasının filosofları ərəb-fars filosoflarına başqa bir mədəniyyətin və fəlsəfi ənənənin nümayəndələri kimi deyil, yunan fəlsəfə məktəbinin davamçıları kimi baxırdılar. Məhz bu dövrdə sonrakı təsəvvürlərə həlledici təsir göstərən Şərq mədəniyyəti və dünya tarixində Şərqin yeri barədə “İnsan gücü və hikməti Şərqdə doğuldu və Qərbdə sona çatmağa başladı” (Otton Freyzingenski) kimi baxışlar formalaşır.

Böyük coğrafi kəşflər dövrü Şərq haqda təsəvvürlər üçün keçici bir mərhələ sayılır. Bir tərəfdən, qızılla, bahalı daşlarla zəngin Şərq ölkələri barədə məlumatların yer aldığı Orta əsr qeydlərinin yayılması böyük coğrafi kəşflər üçün stimul oldu. Digər tərəfdən, XVI əsrdən etibarən Avropa mədəni inkişaf səviyyəsinə görə Şərqi qabaqlamağa başlayır. Bu, Şərq mədəniyyəti barədə tənqidi fikirlər, onun Avropadan geri qalmasına səbəbləri barədə təhlillərin yaranmasına gətirib çıxardı.

Şərq mədəniyyətinə qarşı neqativ münasibətin yaranması XVII əsrdə yaranmağa başlayır. Təsəvvürlərin dəyişməsinə təsir edən amillərdən biri Uzaq Şərq ölkələrinin kəşf olunması ilə bağlı idi. 1514-cü ildə portuqallar ilk dəfə Çin sahillərinə yan aldılar. Sonralar YaponiyaKoreya kəşf edildi, daha sonralar bura gəlmiş yezuitlər Avropa ictimaiyyətini Uzaq Şərqin coğrafiyası, iqlimi, bitkiheyvan aləmi barədə məlumatlandırdılar.

Şərq mədəniyyətinə münasibətdə maarifçi  filosofları bu mədəniyyətə heyran olanlar (Volter, fransız fiziokratları məktəbi) və onu tənqid edənlər (Monteskye, Russo) olaraq iki hissəyə  ayırmaq olar. Maarifçilərin tədqiqatlarında ümumiləşmiş Şərq obrazı demək olar ki, yoxdur. Onlar hind, Çin, ərəb mədəniyyətini ayrı-ayrılıqda xarakterizə edirlər. Məhz bu dövrdə Şərq və Qərb mədəniyyətinin sintezinin mümkünlüyü, yəni bərabər dəyərliliyi barədə fikirlər yaranır, Şərq barədə təsəvvürlər dövrün maarifçilərində, Volterdə, sonra Hötedə ruhi kamillik, eləcə də ədalətli dünya nizamı axtarışları ilə bağlı idi. Əhalinin müxtəlif təbəqələrini əhatə edən Şərqə maraq sadəcə ekzotikaya olan həvəsə bənzəyirdi.

Şərq mədəniyyətinin yeni tərzdə anlaşılmasına romantiklərin də əsərlərində rast gələ bilərik. Amma bu da var ki, erkən romantikləri Şərq mədəniyyətinin özünəməxsus dünyası nəinki cəlb etmir, hətta özündən uzaqlaşdırır. Onlar ilk növbədə müsəlman İranla və ərəb Şərqi ilə daha çox maraqlanırdılar. Sonrakı romantiklər, məsələn, amerikan transsendentalistləri R.U.Emerson, Q.Toqo üçün Şərq ayrıca olaraq Qərb sivilizasiyasının pisliklərindən qorunmaq üçün sığınacaq, təxəyyülün azadlığına imkan verən ekzotik dünya idi. İlk dəfə Şərq mədəniyyətinin  Qərbdən fərqli xüsusiyyətlərini müəyyənləşdirməyə cəhd edənlər Şərqə və Qərbə vahid bir hissənin qarşılıqlı əlaqədə olanbir-birini tamamlayan iki parçası kimi baxırdılar.

XVIII əsrdə şərqşünaslığın müstəqil elm kimi fəaliyyəti və Şərq haqda təsəvvürlərin elmi-nəzəri səviyyədə öyrənilməsi başlayır. Amma onu da qeyd etmək vacibdir ki, XIX-XX əsrlərdə fəlsəfi və kulturoloji fikirdə Şərq barədə təsəvvürlər Şərq-Qərb fərqliliyi hüdudlarında öyrənilir. Bu zaman Qərbin inkişaf xətti əsas götürülür, Şərqin inkişafı isə Qərblə  müqayisədə nəzərdən keçirilirdi.

Bu sayaq universalist yanaşma çərçivəsində qeyd olunur ki, Şərq xalqları heç vaxt tarixə (Avropa anlamında) malik olmayıblar, buna görə də Avropa tarixçilərinin tarixi təhlil metodları Şərq tarixinə tətbiq edilə bilməzdi. Odur ki, həmin universalist yanaşmaya tənqidi münasibət XX əsrdə O.Şpenqlerin “Avropanın qürubu” əsəri ilə açıq şəkildə bildirildi. XX əsrin sonlarına yaxın universalizmin tənqidi dünyanın Şərqə və Qərbə bölünməsinin tənqidinə yönəlir və A.Toynbinin, S.Hantinqtonun, D.Frolun, D.Stidmanın əsərlərində özünü göstərir. Amma burada tənqid ilə yanaşı romantikinqilabi yanaşma da mövcud idi. Belə ki, Qərbin və Şərqin mədəni antipod olmaması fikri, onların sintezinin vacibliyi ideyası,  A.Şveytserin etik konsepsiyası, Şərq və Qərb düşüncəsinin kəsişməsində hər iki mədəniyyətdə çatışmazlıqları aradan götürmək cəhdləri, XX əsrin 40-cı illərində  F.Nortropun “Şərqin və Qərbin görüşməsi” ideyasının tədricən həyat gücü qazanması faktı bunun danılmaz sübutudur.

Osvald Şpenqlerin “Avropanın qürubu” əsərində göstərildiyi kimi, Qərb mədəniyyəti böhran mərhələsinə qədəm qoymuşdur, onun gələcəyi təhlükə altındadır. Qərbdə getdikcə daha çox yayılan ucuz və bayağı mədəniyyət nümunələri: kütləvi mədəniyyət, şou-biznes, feminizasiya meyilləri, bulvar ədəbiyyatı (“sarı ədəbiyyat”) və s. insanların psixikasına təsir göstərir, fərdiyyətçilik həyat normasına çevrilir. Qərb ölkələrində əhali artımı digər irqlərin və emiqrantların hesabına nizamlanır, yerlilər və gəlmələr arasında sosial bərabərsizlik və ziddiyyətlər yaranır, əhalinin milli tərkibi ciddi deformasiyalara məruz qalır, qara və sarı irqin xüsusi çəkisi artır. Avropada ərəblərin, türklərin, ümumiyyətlə, AfrikadanAsiyadan gələnlərin, ABŞ-da isə çinlilərin və ispandillilərin sayı əvvəlki dövrlərə nisbətdə müqayisə olunmaz dərəcədə çoxalmaqdadır. Bütün bunlar Avropa mədəniyyətinin özülünə təsir göstərib onu laxladır, yerində isə surroqat tipli yeni bir mədəniyyət yaradır ki, həmin prosesin nəticəsi olaraq, bəşəriyyət ümumi, planetar bir mədəniyyətə doğru üz tutur. Getdikcə daha inamla labüdləşən bu mədəniyyətdə kimin aparıcı rol oynayacağı hələ bilinmir. Əgər sözügedən prosesdə aparıcı rol Qərb mədəniyyətinə məxsus olacaqsa, o, artıq əvvəlki Qərb mədəniyyəti olmayacaq, müxtəlif xalqlar, o cümlədən qoca Avropaya axışan mühacirlər tərəfindən yeniləşdirilmiş, mahiyyətcə zənginləşdirilmiş yeni tipli mədəniyyət olacaq. Çünki çağdaş dövrdə müşahidə edilən yenilik prosesləri təkcə Qərbə məxsus deyil. Müşahidələrdən və elmi-nəzəri araşdırmalardan əldə edilən qənaətlərə görə, ispandilli mədəniyyət, islam mədəniyyəti,  Hind-Çin regionunun, slavyan xalqlarının mədəniyyəti, eləcə də, yapon mədəniyyəti çağdaş dövrümüzdə, ikinci onilliyini bitirdiyimiz XXI əsrdə  güclü inkişaf perspektivlərinə malikdir.

 

Aynur İSRAFİLOVA

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2020.- 7 fevral.- S.7.