“Muğamı yaşatmaq bizim üçün müqəddəs vəzifədir”

 

 

Prezident İlham Əliyev ustad xanəndə Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovla görüşüblər.

Prezident ustad xanəndəni 90 illik yubileyi münasibətilə təbrik edərək ona cansağlığı, uzun ömür arzulayıb: “Bir həftə əvvəl mənim sərəncamımla siz Azərbaycan dövlətinin yüksək ordeni olan “Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün bu yüksək mükafatı sizə təqdim edəcəyəm.

Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiniz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr vermisiniz. Siz 100-dən artıq mahnının müəllifisiniz və sizin ifanızda səslənən xalq mahnılarımız, muğamlarımız insanlara xüsusi zövq verir. Xalq sizi ürəkdən sevir, siz həm gözəl sənətkar, həm də gözəl insansınız. Siz Azərbaycan ziyalısını təcəssüm etdirirsiniz. İnsan kimisizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda, həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz. Sizin bu sahədə müstəsna xidmətləriniz yüksək qiymətləndirilir. Çünki bizim bir çox görkəmli muğam ifaçılarımız sizin məktəbinizin, belə demək mümkündürsə, məzunlarıdır”.

Prezident vurğulayıb ki, muğam bizim milli sərvətimizdir: “Siz bizim milli sərvətimizin qorunmasında xüsusi rol oynamısınız. Xüsusilə qeyd etməliyəm ki, müntəzəm olaraq keçirilən muğam müsabiqələri televiziya vasitəsilə milyonlarla insanı əhatə edir. Bu müsabiqələrə baxarkən bizim insanlarımız, hətta musiqidən uzaq olan insanlar muğamın əsl mahiyyətini, incəliklərini öyrənirlər... Siz gənc ifaçılara böyük mərhəmətlə yanaşırsınız, bəzi hallarda görürəm, onları ruhlandırırsınız ki, ruhdan düşməsinlər. Eyni zamanda, onların səhvlərini qeyd edirsinizyol göstərirsiniz. Hesab edirəm ki, əsl sənətkarın xalq qarşısında xidmətləri bundan ibarətdir. Siz o insanlardansınız ki, təkcə öz sənətinizə qapılmamısınız, onu bölüşmək istəyirsiniz. İstəyirsiniz ki, muğam yaşasın, gənclər bu sənətə yiyələnsinlər”.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uzun illərdir keçirilən televiziya muğam müsabiqələrinin nəinki musiqi mədəniyyətimizin, bütövlükdə mənəvi dəyərlərimizin təbliğində xüsusi əhəmiyyəti var: “Mən çox şadam ki, bizim gənclərimizin böyük əksəriyyəti milli musiqiyə bağlıdır. Bu, hər bir ölkədə belə deyil. Elə ölkələr var ki, orada milli musiqi kənarda qalır, indi dəbdə olan hansısa beynəlxalq musiqi nümunələri üstünlük təşkil edir. Ancaq hesab edirəm, bizim üstünlüyümüz və xoşbəxtliyimiz ondan ibarətdir ki, gənclərimiz də milli musiqiyə bağlıdırlar. Muğamı yaşatmaq bizim üçün müqəddəs vəzifədir. Eyni zamanda, ölkəmizdə bir neçə dəfə keçirilmiş beynəlxalq muğam festivalları da xüsusi rol oynayır. Bu festivallara bir çox ölkələrdən ifaçılar gəlir. Məhz bu festivalı Azərbaycanda keçirməklə bir daha sübut edirik ki, muğam bizim sənətimizdir, muğamın vətəni Azərbaycandır və biz bunu bütün dünyaya çatdırırıq. Bu, onu göstərir ki, xalqımız nə qədər istedadlıdır, bizim milli sənətimiz sərhədlərimizin hüdudlarından kənarda çox sevilirbir çox ölkələrdə bu sənət yaşayır”.

Prezident Əlibaba Məmmədovun fəaliyyətinin dövlətimiz tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayaraq deyib: “Siz 20 il bundan əvvəl ulu öndər Heydər Əliyevin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmusunuz. On il bundan əvvəl mənim sərəncamımla “İstiqlalordeni ilə təltif edilmisiniz. Bir həftə bundan əvvəl – fevralın 4-də “Şərəf” ordeni ilə təltif olunmusunuz”.

Sonra İlham Əliyev “Şərəf” ordenini Əlibaba Məmmədova təqdim edib.

Əlibaba Məmmədov dövlət başçısına təşəkkürünü bildirərək deyib: “Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim ulu öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu barədə çox danışa bilərəm. Sizə təşəkkür edirəm, var olun. 90 il yaşamışam, 70 il xalqımıza fasiləsiz xidmət etmişəm. Bax, bu, mənə bəsdir. Amma bu gün bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Haqqımda dediyiniz xoş sözlərə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm”.

Prezident İlham Əliyev: “Sizə verilən bu yüksək mükafat dövlət tərəfindən bu sənətə göstərilən diqqətdir. Çünki xalq kimi, millət kimi bizi əsrlər boyu qoruyan bizim sənətimiz olub. Çünki biz tariximizi yaxşı bilirik. Uzun illər - onilliklər, yüzilliklər ərzində müstəqillikdən məhrum olmuşuq, ancaqdilimizi, nə dinimizi, nə musiqimizi, nə də mənəviyyatımızı itirmişik. Bizi yaşadan bax, bunlardır - sənət, musiqi, ədəbiyyat, dil, milli dəyərlər. Muğam bütün bu amilləri özündə təcəssüm etdirir. Ona görə muğamı yaşatmaq bizim müqəddəs borcumuzdur. Bizgörürük, indi dünya musiqisində müxtəlif meyillər var, istər-istəməz bizim sərhədimizdən də keçir. Çünki bu, elə bir məsələdir ki, orada sədd qoya bilməzsən. Əgər gənclər öz milli dəyərlərindən, öz musiqisindən uzaqlaşsa, gələcəkdə onlar necə vətənpərvər ola bilərlər?! Gələcəkdə müstəqil Azərbaycanın maraqlarını necə qoruya bilərlər?! Gənclərdə milli ruh olmalıdır, milli ruhun mənbəyi də, o cümlədən bizim musiqimizdir. Xüsusilə muğam kimi ümumbəşəri sənətin beşiyi Azərbaycandır”.

Əlibaba Məmmədov: “Düzdür, doğrudan Azərbaycandır, bunu ucadan deyə bilirik. Mən bir münsif, bir muğam ifaçısı kimi həmişə bu sözü ucadan demişəm ki, muğam bizimdir. İnanmırsınız, gəlin baxın. Sağ olsun Mehriban xanım, dedi ki, muğam bizimdir. Bizim üçün mərkəz tikdirdi, muğama, müsabiqələrə yol açdı. O müsabiqələr bizi dünyaya tanıtdırdı. Siz var olun ki, bizim musiqimizi qoruyub saxlayırsınız… Muğam elə bir sənətdir ki, heç kim deyə bilmir bunu mən yaratmışam. Bunun yaradıcısı yoxdur... Bu, Allahdan gəlmədir, bu, ilahi musiqidirOdur ki, Sizin sayənizdə ucadan deyirik ki, muğam Azərbaycanındır, Azərbaycandan başqa heç yerdə belə bir muğam yoxdur”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yubilyar sənətkarı bir daha təbrik edərək ona ən xoş arzularını bildiriblər.

***

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Tarixin şah əsərləri” adlı sərgi ilə tanış olublar. Sərginin eksponatları Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarətdir. Sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası, rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur. Burada Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub. Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, milli təsviri incəsənətimizin inkişafına böyük təsir göstərmiş ornamentportret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmişLive Life” sərgisinə, ötən ilin payızında açılışı keçirilən, müxtəlif ölkələrin 170-dən çox musiqi alətinin nümayiş olunduğuMusiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi və məşhur fotoqraf Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgiyə baxıblar.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.1;2.