UNESCO-da ölkəmizdəki mədəni özünüifadə müxtəlifliyindən danışılıb

 

 

Fevralın 11-də Parisdə, UNESCO-nun qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyası işə başlayıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov tədbirdə iştirak edir.

Sessiyanın gündəliyi qəbul edildikdən sonra müşahidəçilərin siyahısı təsdiqlənib və komitənin on ikinci iclasının ətraflı icmal protokolu qəbul edilib. Sonra qurumun katibliyinin 2018-2019-cu illərdə həyata keçirilmiş fəaliyyət hesabatları dinlənilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək 2005-ci il konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətində əvəzsiz rolundan danışıb. Bildirib ki, 2010-cu ildən konvensiyaya qoşulan Azərbaycan mədəniyyət sahəsində bütün qanun və sənədlərində onun prinsiplərini cəmləşdirib. Qeyd edib ki, Azərbaycan çox müxtəlif etnikdini icmalara malikdir. Bu cür mədəni zənginliyə əsaslanaraq ölkəmiz mədəni özünüifadə müxtəlifliyinə hörməti səmərəli şəkildə inkişaf etdirməyə, icmalar arasında inklüzivliyi təşviq etməyə, yaradıcılıq sahələrinin inkişafını artırmağa, vətəndaş cəmiyyəti qurumlarını və sənət adamlarını cəlb etməyə və dəstəkləməyə, eləcə də müxtəlif səviyyələrdə müasir mədəni özünüifadə dəyərləri haqqında məlumatlılığı artırmağa nail olub.

Mədəniyyət nazirinin müavini Azərbaycanın multikulturalizm nümunəsi olduğunu vurğulayaraq deyib ki, ölkəmiz mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində öz mədəniyyət mənbələrindən fəal şəkildə istifadə edir və davamlı inkişafın təmin edilməsində mədəniyyətin əsas amillərdən biri kimi tanıdılmasının fəal tərəfdarlarındandır. Azərbaycanın mədəniyyət sahəsində fəaliyyəti 2005-ci il konvensiyasının məqsədlərindən biri olan mədəniyyətlərarası dialoqun geniş və balanslı mübadiləsinin təmin edilməsinin təşviqi ilə üst-üstə düşür.

Qeyd olunub ki, mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. UNESCO ölkəmizdə hər iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlarından biridir. 2017-ci və 2019-cu illərdə BMT-nin iki qətnaməsində  Bakı Forumunun mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində qlobal platforma olduğu qeyd edilib.

Nazir müavini ölkəmizdə mədəni özünüifadədə hamıya bərabər imkanlar yaratmaq prinsipinə riayət edilməsindən, inklüziv layihələrin həyata keçirilməsindən də  danışıb. Yaradıcı sənayenin 2005-ci il konvensiyasının prioritet sahələrindən olduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə sənətə və sənət adamlarına xüsusi qayğı göstərilir. Yaradıcı sənaye sahələri barədə məlumatlılığı artırmaq və yerli istehsal, eləcə də yerli yaradıcı məhsul və xidmətlərin yayılması və ixracının təşviqi üçün “Yaradıcı Azərbaycan” portalı istifadəyə verilib. Həmçinin UNESCO-nun qərarı ilə Bakı şəhərinin “Dizayn” tematikası üzrə təşkilatın “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildiyi diqqətə çatdırılıb.

Sessiya fevralın 14-də başa çatacaq.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.1;2.