“Muğam mənim üçün havadır, nəfəs qədər
əzizdir”
Ustad xanəndə Ağaxan
Abdullayevin 70 illiyində xatirəsi yad edildi
Ötən il görkəmli musiqi xadimlərimizin, xanəndələrimizin yubileyləri qeyd edildi və bu qəbildən hər tədbirdə nədənsə gözlərimin qarşısında o gəlib dayanırdı. Belə bir yubiley gecəsi Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuşdu. Yenə onun yeri görünürdü... Düz 30 il əvvəl H.Hüseynovun 70 illiyində ustadın yetirməsi, 40 yaşlı Ağaxan Abdullayevin oxusu, ifası sanki qulaqlarımda səslənirdi. İndi, 30 il sonra onun 70 illik yubileyi qeyd olunur, amma özünün yoxluğunda...
Onu qəlbində Azərbaycan muğamının od-alovunu daşıyan, sönməyə qoymayan, muğam sənətimizi milyonlara sevdirən xanəndə kimi təqdim edirlər. Mənim yaddaşımda isə elə adi və sadə Ağaxan Abdullayev (1950-2016) kimi qalıb.
Xanəndənin “Segah” üstündə bir ifasını yadıma salıram. Bəlkə də bu onu tanımaq deyil, mənim muğamı, musiqini dərketməmin başlanğıcı idi desəm, daha düzgün olardı. Ona qədər evimizdə həmişə muğam səslənmişdi. Muğam ifaçıları evimizin ən sevilən qonaqları, babamın yaxın dostları idilər. Nədənsə bu dostlar içində mənə muğamı sevdirən məhz Ağaxan müəllim olmuşdu. İlk dəfə onu 9-10 yaşlarım olanda görmüşdüm. Bir də... Bakı toyları başqa aləm idi o zamanlar. Bu başqa aləmi yaradan təkcə mühit deyildi, mənəviyyatca zəngin insanlar, dəyərli sənətkarlar idi. İlk dəfə bir toya Ağaxan Abdullayevin ifası ilə yanaşı, məharətlə və böyük şövqlə dəfdə çalğısına heyrətlə tamaşa etmişdim...
Çox sadə, hədsiz təvazökar insan idi. Dəfələrlə sənət dostları
ilə bağlı xatirələrini bölüşmək
üçün müraciət
etmişdim. Hər kəsin
hörmətini saxlayar
və hər kəsin xatirəsini əziz tutardı. “Muğam mənim
üçün havadır,
nəfəs qədər
əzizdir” deyirdi.
Xəstə vaxtlarında belə
əzizlərinin, özünə
yaxın bildiyi insanların xeyir işində, çox qısa ifa edər
və bununla da oxumaq yanğısını,
qismən də olsa, söndürmüş
olardı. Amma bu ifalar zamanı
insanlar onu nə qədər gur, sürəkli alqışlasalar da, ürəklərdə bir
nisgil olardı - bu cür səs
sahibinin bizdən əbədilik ayrılmaq nisgili... Ancaq heç kim
bu ağrını büruzə verməzdi. Sevincli gözlərin dərinliyində,
əslində, bir kədər gizlənərdi.
Tələbələrini çox sevərdi, eyni zamanda nəsihətlərini,
tövsiyələrini gənclərdən
əsirgəməzdi. Konsertlərdə və el şənliklərində
tələbələrinə öz bacarıqlarını
nümayiş etdirməyə
şərait yaradardı.
Harada Ağaxan müəllim var idisə, orada xoş əhval hökm sürərdi.
Hər zaman ciddi, ağayana
görünən bu insanın özünəməxsus
yumor hissi də vardı. Məlahətli səsi, səhnəyə
uyğun yaraşığı
ilə klassik muğamımızı təhrif
etmədən, məharətlə
bizə çatdırırdı.
Xanəndənin ifasını təkcə
soydaşlarımız sevib
bəyənmirdi. Onun ecazkar səsi
başqa xalqların da nümayəndələrini
öz sehrinə salırdı. Dünya
şöhrətli violonçel
ifaçısı Mstislav
Rostropoviç 2000-ci ildə
Bakıya səfəri
zamanı Ağaxan Abdullayevin ifasını ayaq üstə dinləmiş, xanəndəni
qucaqlayıb ifasını
yüksək qiymətləndirmişdi...
Milli musiqi mədəniyyətimizin
inkişafında müstəsna
xidmətləri olan, ifası ilə musiqi salnaməmizi zənginləşdirən Ağaxan
Abdullayev 1969-1973-cü illərdə
A.Zeynallı adına
Orta İxtisas Musiqi Məktəbində təhsil almışdı.
1977-ci ildən təhsil aldığı
məktəbdə muğam
müəllimi kimi çalışıb, yeni
xanəndələr nəslinin
yetişməsinə töhfələr
verib. Muğam sənətinin yaşadılması
və gənc nəsillərə çatdırılması
sahəsində xidmətləri
yüksək qiymətləndirilən
xanəndə 1992-ci ildə
“Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Azərbaycan milli
musiqisinin inkişafındakı
xidmətlərinə görə
“Şöhrət” ordeni
ilə də təltif edilmişdi.
Prezident təqaüdçüsü idi.
2010-cu ilin fevralında
Heydər Əliyev Fondu A.Abdullayevin 60 illik yubileyi münasibətilə xanəndənin
musiqi albomunu nəşr edib. Alboma Azərbaycan və ingilis dillərində kitab və üç
CD daxildir. Onun ifasında lentə yazılan “Segah”, “Rast”, “Şur”, “Segah-Zabul” muğam-dəsgahları
Azərbaycan Dövlət
Televiziyasının “qızıl
fond”unda saxlanılır.
***
Bu il mərhum
sənətkarın 70 illiyi
silsilə tədbirlərlə
qeyd edilir. İlk tədbirlərdən biri onun doğulduğu gündə – fevralın
6-da Beynəlxalq Muğam
Mərkəzində keçirildi.
Xatirəsini əziz tutan
sənət dostları
onu yad etmək
üçün bir araya gəldi. Yubiley gecəsi Ağaxan Abdullayevin Azərbaycan Televiziyasının fondunda
qorunan “Segah” muğamının videonümayişi
ilə başladı.
Xalq artisti Mənsum İbrahimov çıxış edərək mərhum xanəndənin milli ifaçılıq sənətinə töhfələrindən danışdı. Bildirdi ki, muğam sənətimizin inkişafında, neçə-neçə tanınan muğam ifaçılarının yetişməsində Ağaxan Abdullayevin mühüm xidmətləri var. O, muğamlarımızı həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib. Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihələrdə yaxından iştirak edən sənətkarın fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib.
Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev, Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd çıxış edərək Ağaxan Abdullayevin sənəti haqqında söz açdılar, onunla bağlı xatirələrini bölüşdülər.
Tədbirin bədii hissəsində xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Teyyub Aslanov, Mələkxanım Əyyubova, Simarə İmanova, əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Elnarə Abdullayeva və Məmməd Nəcəfovun ifasında konsert proqramı təqdim olundu.
Sonda sənətkarın oğlu Xoşbəxt Abdullayev ailəsi adından tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Beynəlxalq Muğam Mərkəzinə, “Mədəniyyət” kanalına və gecənin iştirakçılarına təşəkkürünü bildirdi.
L.AZƏRİ
Mədəniyyət.- 2020.- 12
fevral.- S.5.