Türkoloqlar Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər

  

Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfrans keçirilib. Konfransda ölkəmizi Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov təmsil ediblər.

Universitetin rektoru, professor Şuxrat Sirociddinov konfransı açaraq böyük özbək şairi Əlişir Nəvainin yaradıcılığı haqqında məlumat verib, onun ölməz əsərlərinin məziyyətlərindən danışıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Əlişir Nəvainin əsərlərinin Azərbaycanda da sevildiyini, çap edildiyini diqqətə çatdırıb. O, Nəvainin Azərbaycan şairi Nizami Gəncəviyə böyük rəğbət göstərdiyini və onu öz ustadı hesab etdiyini bildirib.

Professor Ramiz Əskər Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsi barədə məruzə edib, böyük şairin əsərlərinin təkcə türk dillərinə deyil, dünyanın bir çox dillərinə tərcümə edilməsinin zəruriliyini vurğulayıb. Alim məmnunluqla bildirib ki, iki il əvvəl Nəvai şəhərində keçirilən beynəlxalq konfransda ona bu şəhərin fəxri vətəndaşı adı verilib.

Konfransda Elçin İbrahimovun “Əlişir Nəvainin “Mühakimatül-lüğəteyn” əsərinin türk dilinə təsiri” mövzusunda çıxışı da maraqla qarşılanıb.

***

Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunda BDU-nun kafedra müdiri, professor Ramiz Əskər və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Elçin İbrahimovla görüş keçirilib.

İnstitutun prorektoru Nadir Abdullayev Ramiz Əskərin elmi fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, alim türkdilli xalqların ədəbiyyatını Azərbaycan dilinə tərcümə edir, özbək ədəbiyyatına dair 10 tərcümə kitabının müəllifidir. Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”si, Sultan Hüseyn Bayqaranın “Divan”ı, “XX əsr özbək şeiri antalogiyası” bunların arasındadır. Ramiz Əskər elmi və tərcüməçilik fəaliyyəti haqqında söhbət açıb, Ə.Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini bu yaxınlarda bitirdiyini deyib.

Elçin İbrahimov həm də AMEA-nın “Türkologiya” jurnalının məsul katibi olduğunu qeyd edərək özbək alimlərini bu nəşrlə daha sıx əlaqə yaratmağa çağırıb.

***

Səfər çərçivəsində Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində AMEA-nın beynəlxalq “Türkologiya” jurnalının təqdimatı da keçirilib.

Universitetin Filologiya fakültəsinin dekanı, professor Jeliboy Eltazarov jurnalın tarixindən danışıb, keçmiş SSRİ dövründə “Sovetskaya turkologiya” adı ilə belə bir nəşrin yalnız Azərbaycanda çap edildiyini bildirib. O, gələcəkdə bu jurnalla əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, jurnalın məsul katibi Elçin İbrahimov nəşr haqqında ətraflı məlumat verib.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S. 7.