“Hər zaman partitura yazanda onun sözləri qulağımda səslənir”

 

 

Qara Qarayevin ev-muzeyində Polad Bülbüloğlu ilə görüş

 

Fevralın 8-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlu ilə görüş keçirildi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq bir gün əvvəl Heydər Əliyev Sarayında sənətkarın 75 illiyinə həsr olunmuş konsertlə bağlı təəssüratlarını bölüşdü. O, yubiley tədbirinin yüksək səviyyədə keçdiyini vurğulayaraq bir daha iştirakçılar adından Polad Bülbüloğlunu təbrik etdi.

Qara Qarayevin ev-muzeyinin rəhbəri Züleyxa Qarayeva-Bağırova çıxış edərək yubilyara doğma olan evdə onu salamlamaqdan məmnunluğunu ifadə etdi. O, ötən illəri, gənclik xatirələrini yada salaraq Qara Qarayevin sevimli tələbələri sırasında olan Polad Bülbüloğlunun bu evə tez-tez gəldiyini, atası ilə sənət söhbətləri apardığını diqqətə çatdırdı.

Xalq artisti Polad Bülbüloğlu müəllimi Qara Qarayevi və tələbəlik illərini yada saldı, dahi bəstəkarın ev-muzeyinin fəaliyyətini yüksək dəyərləndirdi. Gənclik illəri ilə bağlı xatirələrini bölüşən Polad Bülbüloğlu bildirdi ki, Qara Qarayevin yaradıcılığı gənc nəsillər üçün böyük məktəbdir. O, ilk çıxışının da xeyir-duasını məhz müəllimi tərəfindən verildiyini diqqətə çatdıraraq onun tövsiyəsinə hər zaman sadiq qaldığını qeyd etdi: “Hər zaman partitura yazanda onun sözləri qulağımda səslənir. Bunu tələsik yazmısan”, – deyən zaman biz onun peşəkarlığına məəttəl qalardıq. İndi üstündən illər keçib, bir neçə gün əvvəl “EşqÖlümbaletini izləyəndə kaş ki, bu hissədə daha diqqətli olaydım düşüncəsi ilə yenidən Qara müəllimin fikirlərini xatırladım. Onun evində olmaqdan çox məmnunam. O, hər zaman mənim müəllimim olaraq qalacaq”.

Görüşün bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım Nicat, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti Taleh Yəhyayev, Mahir Tağızadə və F.Əmirov adına İncəsənət məktəbinin şagirdi Rafiz İbrahimovun ifalarında Polad Bülbüloğlunun əsərlərindən ibarət proqram təqdim olundu.

Görüşdə Polad Bülbüloğlunun ailə üzvləri, eləcə də yubiley tədbiri ilə əlaqədar Bakıda qonaq olan SSRİ və Tacikistanın Xalq artisti Jurabek Muradov, Gürcüstanın keçmiş Mədəniyyət naziri Valeri Asatiani iştirak edirdi.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış, Polad Bülbüloğlunun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş edildi. Muzey tərəfindən yubilyarın nəvəsinə simvolik not açarı hədiyyə olundu.

Polad Bülbüloğlu görüş iştirakçılarına təşəkkür edərək ev-muzeyi ilə yaxından tanış oldu. Sonda xatirə şəkli çəkdirildi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S..