Qarabağın mədəni irsi Özbəkistanda tanıdılacaq

 

 

 

Özbəkistanın paytaxtı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi” adlı silsilə tədbirlər başlanıb.

Layihə çərçivəsində ilk olaraq mərkəzdə “Hər anımız Vətən desin” adlı sərgi açılıb. Tədbirdə Daşkənddəki aliorta məktəblərin müəllim, tələbə və şagird heyəti, jurnalistlər iştirak ediblər.

Sərgidə Azərbaycanın Qarabağ diyarı, bu bölgənin tarixi, mədəniyyəti, abidələri, işğaldan əvvəl və sonrakı vəziyyətinə dair fotoşəkillər, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid Azərbaycan, özbək və rus dillərində kitablar, jurnallar və digər nəşrlər nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən hazırlanmış eyniadlı sayt təqdim edilib, uşaq və yeniyetmələr üçün dünyanın müxtəlif muzeylərindəki Azərbaycanın Qarabağ diyarına dair eksponatlarla bağlı virtual tur keçirilib.

AMM-in direktoru Samir Abbasov çıxış edərək Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ diyarı, onun tarixi, adət-ənənələri, bugünkü vəziyyəti haqqında məlumat verib. Vurğulayıb ki, min illərdir ulu əcdadlarımız bu torpaqda yaşayaraq böyük tarix və mədəniyyət yaradıblar.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin təmsilçisi, pedaqoq Şaxnoza Nurbekova, pedaqoq Rano Kadırova Özbəkistan-Azərbaycan dostluğundan söz açıb, Azərbaycan mədəniyyətinin incisiŞuşa şəhəri, bu torpağın yetirmələri olan dahi bəstəkar Üzeyir Hacıbəyli, Xan Şuşinski, Bülbül kimi şəxsiyyətlərin bütün dünyada sevildiklərini qeyd ediblər.

Tədbirdə daha sonra mərkəzin nəzdindəki rəqs ansamblı milli rəqslərimizi ifa edib.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.1;8.