Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi
anılıb
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib.
Bu fikirlər Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) vəfatının ildönümü ilə əlaqədar fevralın 13-də Şəki şəhərində keçirilən xatirə tədbirində səsləndirilib.
Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları əvvəlcə unudulmaz şairin Şəki şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İ.Nakam adına Mərkəzi kitabxanasında keçirilən “Poeziyamızın Bəxtiyarı” adlı tədbirdə mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Regional idarənin rəisi Mirvari Zeynalova çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, qüdrətli söz ustası xalqımızın əsrlər boyu təşəkkül tapmış milli-mənəvi dəyərlərinin qorunması, yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb-yaradıb.
Şair azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin direktoru Elşən
Zəkəriyyəbəyli, MKS-nin direktoru Seyid Vahabov və 3 nömrəli Musiqi
məktəbinin direktoru Şəmsiyyət
Əsgərova çıxış edərək şairlə
bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, B.Vahabzadə Vətəninə,
doğulduğu yerə bağlı bir insan idi,
anadan olduğu yurdu – Şəkini çox
sevirdi. Yaratdığı əsərlərdə
Şəkiyə xas kolorit,
düşüncə özünü
aydın göstərirdi.
Mədəniyyət.- 2020.- 14
fevral.- S.1;2.