“Mədəniyyət vasitəsilə sülh”
Bakıda Rerix Beynəlxalq
Mərkəzinin sərgisi açılıb
Bakıdakı
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində
Beynəlxalq Rerix Mərkəzinin “Rerix Paktı – mədəniyyət
vasitəsilə sülh” sərgisinin
açılışı olub.
Beynəlxalq Rerix Mərkəzinin “Rerix Paktı. Tarix və müasirlik” layihəsinin bir hissəsi olan sərgi mədəni irsin mühafizəsi üzrə bu tarixi sənədin 85 illiyinə həsr olunub.
Açılışda “Mədəniyyət vasitəsilə sülh” sənədli filmi nümayiş etdirilib.
Sərginin kuratoru, Beynəlxalq Rerix Mərkəzinə dəstək üzrə təşəbbüs qrupunun üzvü Lalə Sultanova qeyd edib ki, layihə çərçivəsində dünyanın 50-dən çox ölkəsində belə sərgilər təşkil edilib.
“Rerix Paktı” silahlı münaqişələr zamanı və dinc dövrdə mədəni irsin mühafizəsi haqqında ilk beynəlxalq müqavilədir. 1935-ci il aprelin 15-də rus rəssamı, arxeoloq və yazıçı Nikolay Konstantinoviç Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” müqavilə (“Vaşinqton Paktı” və ya “Rerix Paktı” adlanır) imzalanıb. Sənədə ABŞ Prezidenti Franklin Ruzveltin iştirakı ilə 21 ölkənin nümayəndələri imza atmışdı.
Ruzvelt müqavilə imzalanan zaman demişdi: “Bütün dünya xalqlarına bu paktı imzalamalarını təklif edərkən biz sivilizasiyamızın qorunub saxlanılmasının ən mühüm prinsiplərindən birini tətbiq etməyə çalışırıq. Bu müqavilənin mənəvi əhəmiyyəti mətndə ifadə olunduğundan daha dərindir”.
Sonradan bu paktın müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirilib. 15 aprel isə dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunur.
Nikolay Rerix əmin idi ki, biz mədəniyyətin təsir sahəsini qoruyub saxlamaqla və genişləndirməklə müharibələrə yer qoymuruq. O deyirdi: “Mədəniyyət harada varsa, sülh də oradadır”.
Tədbirdə Rusiyanın Azərbaycandakı
səfiri Mixail Boçarnikov,
Hindistanın Azərbaycandakı səfirliyinin mədəniyyət
attaşesi Suceş Çandra Sinha, M.V.Lomonosov adına MDU-nun
Bakı filialının müəllimi Rza
Xəlilov, rəssam Hüseyn Mirtəqavi,
fotorəssam, “İncəsənət haqqında söhbətlər”
müəllif proqramının aparıcısı
Rüstəm Hüseynov
çıxış ediblər. Qeyd olunub ki, Rusiya
İmperator Rəssamlıq
Akademiyasının akademiki Nikolay Rerix “Mədəniyyət
vasitəsilə sülh” və “Sülh bayrağı” beynəlxalq hərəkatlarının
banisidir. Sülh
bayrağı mədəni dəyərləri nəzərə
çatdıran bayraqdır. Bayraqda təsvir
edilmiş qədim simvol
dünyanın ən tanınmış memarlıq abidələrində
həkk olunub.
Mədəniyyət.- 2020.- 14
fevral.- S.1;2.