UNESCO Hökumətlərarası Komitəsinin
sessiyası başa çatır
UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının (2005) Hökumətlərarası Komitəsinin Parisdə keçirilən sessiyası fevralın 14-də başa çatır.
Fevralın 11-də UNESCO-nun qərargahında başlayan sessiyada Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov iştirak edir.
Sessiyada mədəni özünüifadə müxtəlifliyi haqqında 2005-ci il Konvensiyasına uyğun olaraq yaradılan Beynəlxalq Mədəni Müxtəliflik Fondu, maliyyələşdirmə üçün 10-cu çağırışdan tövsiyə olunan layihələr, 2020-2021-ci illər üçün ilkin büdcə və s. məsələlər müzakirə olunub. Azərbaycan nümayəndə heyəti müzakirələrdə iştirak edib və fikirlərini bildirib.
Sessiya çərçivəsində Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva İsveçin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anna Brandt ilə görüşüb. Görüşdə İsveç Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (AİDS) maliyyə dəstəyi ilə UNESCO katibliyinin həyata keçirdiyi xüsusi SİDA proqramı çərçivəsində əməkdaşlıq müzakirə edilib.
UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimovun da iştirak etdiyi görüşdə Beynəlxalq Mədəni Müxtəliflik Fondu çərçivəsində ölkəmiz tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq Mədəni Müxtəliflik Fondu inkişaf etməkdə olan ölkələrdə dinamik mədəni sektorun inkişafına təkan verərək, mədəni özünüifadə müxtəlifliyinin qorunması siyasətinə xidmət edən layihələri maliyyələşdirir.
Xatırladaq ki, Azərbaycan UNESCO-nun sözügedən konvensiyasına 2010-cu ildə qoşulub.
Sessiyada
çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın bu
konvensiyanın prinsiplərinə sadiq olduğu diqqətə çatdırıb. Qeyd edib ki,
Azərbaycanda müxtəlif etnik və dini icmalar yaşayır. Bu mədəni
zənginliyə əsaslanaraq ölkəmizdə icmalar arasında inklüzivliyin
təşviq edilməsinə, yaradıcılıq sahələrinin
inkişafına, eləcə də müxtəlif səviyyələrdə
müasir mədəni özünüifadə
dəyərləri haqqında məlumatlılığın
artırılmasına xüsusi diqqət
ayrılır. Nazir müavini
Azərbaycanın multikulturalizm nümunəsi
olduğunu vurğulayaraq
deyib ki, ölkəmiz
davamlı inkişafın təmin edilməsində mədəniyyətin
əsas amillərdən biri kimi tanıdılmasının tərəfdarıdır.
Mədəniyyət.- 2020.- 14
fevral.- S.1;2.