Xalqımın toy kimi bir adəti var...
“Milli dəyərlərə
bağlılıq, milli
irsə sahib çıxmaq
o qədər vacib nüansdır ki, hər birimiz bu missiyanın öhdəsindən layiqincə
gəlməliyik. Adət-ənənələrin yaşadılması çox zəruridir”.
Bu fikirlər fevralın
13-də Azərbaycan Milli
İncəsənət Muzeyində
təşkil edilən
“Deyirlər ki, toy olacaq” adlı mühazirədə səsləndirildi. Mühazirəni Əməkdar mədəniyyət
işçisi, etnoqraf
alim Solmaz Məhərrəmova aparırdı.
Mütəxəssis xalqların adət-ənənələrinin onun özünəməxsusluğunun
əsas göstəricisi
olduğunu dedi. Bildirdi ki, Azərbaycan mədəniyyəti və
incəsənəti tarixin
bütün dövrlərində
milli adət və ənənələrlə
bağlı olub, xalq yaradıcılığından
qidalanıb.
Milli adət
və ənənələrimiz
şifahi ensiklopedik toplu kimi mədəni
irsimizin, bədii-estetik
fikir tariximizin incilərini özündə
qoruyub saxlayıb. Bu baxımdan adət-ənənələrin
bədii-emosional hissin
formalaşmasında və
inkişafında əvəzsiz
rolu var.
Solmaz Məhərrəmova
qeyd etdi ki, toy adətləri əsrlər boyu Azərbaycanın müxtəlif
bölgələrində inkişaf
edərək vahid və zəngin bir adət sisteminə
çevrilib. Toy rəsmi
nikah mərasimi olmaqla yanaşı, bir-biri ilə bağlı təntənəli
ənənələr (qız
bəyənmə, elçilik,
nişanlılıq dövrü,
toy öncəsi adətlər,
toy və s.) sistemidir.
Milli toy adətlərində
Azərbaycan xalqına
xas olan bütün müsbət xüsusiyyətlər öz
əksini tapıb: “Azərbaycanın toy adət-ənənələri
həm başqa xalqların adətlərinə
təsir edib, həm də özü digər xalqların mədəniyyətindən
müəyyən elementlər
götürüb. Toy adətlərinə zəmanənin
də təsiri hiss edilməkdədir. Son dövrlərdə
toyların bir qayda olaraq xüsusi
şadlıq saraylarında
təşkil edilməsi,
bəy-gəlin rəqsinin
hazırlanması, mələk
libasında kiçik
qızların bəy-gəlin
ətrafında rəqs
etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması,
bal ayının keçirilməsi
də bu qəbildəndir”.
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Tünzalə Məmmədzadə bildirdi
ki, bir xalqın
tarixi kökünü,
milli mənəviyyatını
öyrənmək istəyiriksə,
mütləq həmin
xalqın adət-ənənələrinə
nəzər salmalıyıq. Çünki
milli adət-ənənələr
hər bir xalqın mənəvi zənginliyindən, irsindən,
inkişafından və
dəyərlərindən xəbər
verir: “Milli dəyərlərə bağlılıq,
milli irsə sahib çıxmaq o qədər
vacib nüansdır ki, hər birimiz
bu missiyanın öhdəsindən layiqincə
gəlməliyik. Adət-ənənələrin yaşadılması çox vacibdir. Onu yaşatmalı olan isə biz vətəndaşlarıq”.
Sonda tədbir
iştirakçılarının sualları cavablandırıldı.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 14
fevral.- S.1;2.