Təmasda olan mədəniyyətlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu daha bir təşkilatla memorandum imzalayıb
İsveçrənin paytaxtı Berndə Mərkəzi Asiya Araşdırmaları Cəmiyyəti və Bern Universitetinin Arxeoloji Tədqiqatlar İnstitutunun dəstəyi ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutu (İİCAS) Akademik Şurasının 22-ci iclası və “Təmasda olan mədəniyyətlər – Mərkəzi Asiya ticarətin, mədəniyyət mübadiləsinin və biliyin ötürülməsinin mərkəzi kimi” mövzusunda konfrans keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirdə iştirak edib. O, rəhbəri olduğu qurumun yaranması, məqsədləri və fəaliyyətindən, türkdilli xalqların tarixinin, adət-ənənələrinin, mədəniyyətinin təbliği və bu sahədə tədqiqatların aparılmasının, ölkələr arasında mədəni mübadilənin gücləndirilməsinin vacibliyindən söz açıb. Günay Əfəndiyeva həmçinin Böyük İpək Yolu mövzusunun önəmi və türkdilli ölkələrə təsirindən, bu istiqamətdə fondun həyata keçirdiyi layihə və tədbirlər barədə məlumat verib.
Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun direktoru Dmitri Voyakin həyata keçirdikləri layihələrdən bəhs edib, bu xüsusda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa da böyük önəm verdiklərini söyləyib.
Konfransda iki qurum arasında
anlaşma memorandumu imzalanıb. Sənədin məqsədi təşkilatlar
arasında mədəniyyət,
tarix, arxeologiya, coğrafiya, ədəbiyyat
və dilçilik sahələrində, eləcə
də Böyük İpək Yolu ilə bağlı aparılan tədqiqatlar üzrə əməkdaşlıq
yaratmaq və qarşılıqlı maraq
kəsb edən akademik proqramlar və araşdırma layihələrini həyata
keçirməkdir. Eyni zamanda
anlaşma memorandumunda
türkdilli ölkələrin
ortaq mədəniyyətinin
və irsinin qorunması, öyrənilməsi
sahəsində birgə
fəaliyyətin göstərilməsi
nəzərdə tutulur.
Konfransda Azərbaycanın
İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova da iştirak edib.
Mədəniyyət.- 2020.- 14
fevral.- S.3.