Örnək sənət ömrü

 

 

 

Haqlı olaraq deyirlər ki, sənətdə istedadlı olmaq azdır. Əsl sənət hünəri istedadla zəhməti qovuşdurmağı bacarmaqdır. İstedadını, bacarığını incəsənətimizin yüksəlişinə sərf edən, sənəti ilə yüksələn sənətkarlarımıza həmişə xalq sevgisi olub, indivar.

Azərbaycan kinosunda bir çox sevilən simalar var ki, cəmiyyət onları mədəniyyət etalonu hesab edir, nümunəvi cəhətlərini örnək alır. Məqamında doğru istiqamətləndirdikləri istedadlarından, humanistliyi təbliğ edən sənət gözəlliyindən, ülviyyətindən onlara pay böldüklərinə görə də belə sənətkarlara daim minnətdarlıq hissi duyur.  

Milyonların sevgisini qazanan görkəmli sənətkar, respublikanın Xalq artisti Əliabbas Qədirov da yaratdığı fərqli, koloritli rolları ilə teatrkino salnaməmizi zənginləşdirdi, yaradıcılığını əsl sənət nümunəsinə çevirdi. Onun istər teatr, istərsə də kino rollarını izləyəndə sənətinə nə qədər ürəkdən yanaşdığının fərqinə varırıq. O, hər bir roluna doğma yanaşır, işinə can yandırır, müxtəlif xarakterli personajların inandırıcı alınması üçün həssas qəlbinin titrəyişini belə səsində hiss etdirirdi. Elə buna görə də bəzən şaqraq, bəzən mülayim, bəzən titrək, bəzənsə kövrək səs tembri obrazların istək və məqsədinə ustalıqla uyğunlaşdırılır, onun səhnə danışığı mədəniyyətinin yüksək keyfiyyət daşıyıcısından əlavə bədii qiraət ustası kimi də tanınıb sevilməsinə səbəb olurdu.

Əməkdar artist, ustad sənətkarın yaradıcılığını örnək alan Elşən Rüstəmov Əliabbas müəllimin uğurlu sənət taktikasını belə xarakterizə edir: “Əliabbas müəllimin çox tamaşalarına baxmışam. Səhnədə məni təəccübləndirən jestləri çox olub. Məsələn, görkəmli teatr rejissoru Vaqif İbrahimoğlunun quruluş verdiyiCasus” tamaşasında Qazan xan rolunu oynayırdı. Bilirik ki, Əliabbas müəllim rolları az hərəkətli olan, ağır maneralı aktyordur. Amma Vaqif müəllim Qazan xan roluna elə mizan vermişdi ki, o, səhnədə demək olar ki, daim hərəkətdə idi. Fərqli yaradıcılıq nümayiş etdirirdi. Ümumiyyətlə, Əliabbas müəllim olduqca maraqlı yaradıcılığa malik aktyor idi. Ona həvalə olunan bütün rolların öhdəsindən bacarıqla gəlirdi və düşündürməyi bacarırdı”.

Bəli, Əliabbas Qədirov sənət üçün doğulmuşdu. Tanrı ona bir çox üstünlükləri bəxş etmişdi. Sənət və həyat missiyası cəmiyyəti maarifləndirmək olan aktyorun səhnənin şərtiliklərini unutduran, ədəbi materialın reallığına inandıran, eləcə də kinokameranın qarşısında hər hansı bir həyat hekayəsinin sərbəst şərhini verən müdrik, çoxşaxəli yaradıcılığı insanlara doğru həyat istiqaməti verirdi.

Azərbaycan dublyaj sənəti uğurlu nümunələrinə görə tamaşaçıların rəğbətini qazanıb, xarici filmləri doğma dilimizdə səsləndirən aktyorlar xalqın sevimlisinə çevrilib. 70-ci illərdən etibarən bu işdə fəal iştirak edən Əliabbas Qədirov dublyaj sənətinin vacibliyini, onun kinonun ayrılmaz hissəsi olduğunu bir daha sübut etdi, qüsursuz diksiya və danışıq texnikasına görə Azərbaycan dilinin istifadə qaydalarının tənzimlənməsində mühüm rol oynadı. Əməkdar mədəniyyət işçisi, dublyaj rejissoru Arif Həbibi aktyorun bu fəaliyyətindən söz açarkən deyir: “Əliabbas Qədirovu dublyaja “Əhməd haradadır?” filmindən uzundraz Oqtay kimi tanıdığımız Novruz Axundov gətirib. 1971-72-ci illər olardı, mən onda (dublyaj assistenti vəzifəsindən) dublyaj rejissoru vəzifəsinə yeni təyin olunmuşdum. Novruz Axundov onu dublyaja gətirərək səsinin gözəl olduğunudublyajla məşğul olmaq istədiyini bildirdi. Onda mən ona bir rol verib səsini yoxladım. İlk gündən heyran qaldığım bir fakt oldu. O, mikrofonla o qədər sərbəst davranırdı ki, elə bil illərlə dublyajda işləmişdi. Tədricən ona daha genişplanlı rollar verdim. “Özbəkfilm”in istehsalı olan “Gəlinlərin qiyamı” filmində yeddi oğuldan birini səsləndirməyi ona həvalə  etdim. “Rüstəm Zal haqqında əfsanə” filmində isə ikinci baş rolu səsləndirdi. Onun yaradıcılıq qabiliyyəti get-gedə yüksəlirdi. Bu bizi sevindirirdi. Sənət intuisiyadır, istedaddır. Əliabbas sənətini duyaraq, düşünərək yaradırdı. Buna görə də səsi ilə ürəklərə yol tapırdı”.

Çoxşaxəli yaradıcılığında teatrın, kinonun ən güclü maarifləndirici təbliğat vasitəsi olduğunu isbatlayan aktyorun bacarığını Tanrının lütfü də adlandırmaq olar. Çünki bir ömürdə onlarla personajın xarakterini yaratmaq, nəzərləri səhnəyə yönəltmək, tamaşaları nəfəs çəkmədən izləməyə vadar etmək, tamaşaçını inandırmaq, məsləyini peşəkarlığına rəğmən milyonlara sevdirmək xoşbəxtliyi hər aktyora nəsib olmur.

Uzun illər dublyaj rejissoru kimi fəaliyyət göstərən aktyor, rejissor Novruz Axundov sənət dostunu böyük sevgi ilə xatırlayır: “Əliabbas çox mərd insan idi, bir çox müsbət keyfiyyətlər onda vardı. Mənim ən yaxın dostlarımdan biri idi, xətrini çox istəyirdim. Biz institutu bitirən ili o, qəbul olmuşdu. Həmişə özündən yaşca böyük olan sənət adamları ilə oturub-dururdu. Həmişə də çalışırdı ki, biz dostlarına qonaqlıq versin, mehribançılıq yaratsın. Sənət müəllimimiz Müxlis Cənizadə idi. O həm də yaxın dostumuz idi. Bir gün görüşdüyümüzdə Əliabbası göstərib dedi ki, “Novruz, bax necə ki, Adil İsgəndərov səni mənə tapşırmışdı, mən də Əliabbası sənə tapşırıram. Mən sənin üçün xahiş etmişəm, sən də onun üçün elə. Ondan muğayat ol. O, gələcəyin böyük aktyorudur”.

Dublyaja gəlməyi Müxlis müəllim ona məsləhət görmüşdü. Səsinin daha mükəmməl olması üçün radioda, dublyajda çalışmasını tövsiyə etmişdi. Həmin illərdə potensialına inandığım, sənətinə, aydın diksiyasına vurulduğum üç aktyorun istedadına heyran idim. Bunlar Mikayıl Mirzə, Səməndər Rzayev və Əliabbas Qədirov idi. Mən dublyaj etdiyim filmlərdə də çalışırdım ki, bu aktyorların səsindən çox istifadə edim. Heyf ki, onların üçüuzun ömür yaşamadı, həyatdan tez getdi”.

Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan aktyorun bu teatrla bağlı uğurlarının əsas səbəblərindən biriixtisas üzrə kurs rəhbərinin Xalq artisti, professor Mehdi Məmmədovun olması, səhnə danışığı müəllimi – Əməkdar artist, qiraət ustası Müxlis Cənizadədən sənət sirlərini öyrənməsi idi. Çağdaşklassik əsərlər əsasında hazırlanan müxtəlif mövzulu tamaşalardakı iştirakı isə yaradıcılıq manerasının zənginləşməsinə, kino üçün lazımlı və vacib kadr kimi yetişməsinə səbəb oldu. 

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-dan artıq filmdə, o cümlədən “Xatirələr sahili”ndə İmran Zahidov, “İşarəni dənizdən gözləyin”də Sultanov, “Babək” tarixi-bioqrafik filmində Fəzl, “Sevinc buxtası”nda Nazim, “Qızıl uçurumda Cəlil və başqa yaddaqalan rollar yaradan aktyor eyni zamanda  25-dən artıq yerli filmdə personajları peşəkarlıqla səsləndirməklə ekran obrazlarına ifaçılar qədər uğur qazandırıb. Səhnə plastikası və səsləndirmə texnikasına yaxşı bələd olduğundan səsləndirdiyi rolların ifaçılarını qəlbəyatan səsində bizlərə daha da doğmalaşdırıb, sevdirib. “Dədə Qorqud” filmində Yalıncıq (Əli Haqverdiyev), “Dərviş Parisi partladır”da Şahbaz bəy (Ənvər Həsənov), “Həyat bizi sınayır”da Fərəc (Ömür Nağıyev), “Yeddi oğul istərəm”də Cəlal (Ənvər Həsənov), “Yol əhvalatı” filmində İbadulla (Ceyhun Mirzəyev) və başqa aktyorların ifalarına peşəkarlıqla uyğunlaşdırdığı səs tembri ilə personajların həyat mövqeyini bəzən ahəngdar, bəzən iddialı, bəzən kədərli, bəzən baməzə, bəzənsə ironik təqdim edib, rolların uğurlu təqdimatını tamamlayıb.

Kino kollektiv sənət növüdür. Ümumi işin uğurlu cəmi isə fərdi istedadların sənət sevgisinin təcəssümüdür. Əliabbas Qədirovun tükənməz sənət eşqiona həvalə olunan rolların peşəkarlıqla canlandırılmasına, səsləndirilməsinə səbəb olub. Ürəyi səsində olan  aktyor 50-dən artıq xarici filmi ahəngdar, ifadəli səsləndirməklə ekran qəhrəmanlarının hiss və duyğularını da (incəliyinə qədər) tamaşaçılara dəqiq, emosional çatdırmağa müvəffəq olub.

Aktyorun kinoda debüt rolu rejissor Yalçın Əfəndiyevin 1972-ci ildə çəkdiyi  “Xatirələr sahili” filmindəki İmran obrazıdır. Rolun şəxsi keyfiyyətləri və cəmiyyətdəki rolu haqqında kifayət qədər məlumat əldə edən tamaşaçı kinomuzun yeni simasını elə ilk təqdimatda  qəbul etdi. Kinokameranın sevdiyi aktyorun uğurunun ardıcıllığını təmin edən rejissorlar isə müxtəlif xarakterli rolları ona tərəddüd etmədən həvalə etməklə filmlərinin uğuruna bir daha imza atmış oldular. “Sevinc buxtası” filminin yaradıcı heyəti (5 nəfər) 1978-ci ildə respublika Dövlət mükafatına layiq görüldü. Filmin uğur qazanmasında baş rol ifaçısı Əliabbas Qədirovun əməyi böyükdür. Bu filmdəki Nazim obrazı onu geniş kino ictimaiyyətinə daha yaxından tanıtdı və sevdirdi.

Kino yaradıcılığında xarakterik rollar çoxluq təşkil edən aktyor eyni zamanda bir neçə “Mozalansatirik kinosüjetinə çəkilib, sənədli filmlərin mətnini ahəngdar səsi ilə oxuyub. Kinorejissor Nicat Feyzullayevin çəkdiyi “Küçələrə su səpmişəm” (2004) filmində oynadığı Çərkəz dayı obrazı onun kinoda sonuncu rolu olub.

Əliabbas Qədirov sənətdə göstərdiyi xidmətlərə görə də 1982-ci ildə respublikanın Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Görkəmli sənətkar bu gün həyatda olmasa da, unudulmazların sırasındadır. Onun sənətə töhfələri lentlərə hopan rolları, qəlbləri titrədən səsidir. O, bütün yaradıcılığı boyu klassikçağdaş dramaturqların əsərlərinə uğurlu səhnə, ekran taleyi bəxş edib, məsləyini hər zaman ali səviyyədə təqdim etməklə milli teatr, kino sənətimizə uğur qazandırıb.

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.6.