Zərif əllərin yaratdığı
ölməz əsərlər
Sənətkar yaratdığı əsərə bütün duyğusunu, sevgisini, enerjisini verəndə həqiqi sənət nümunəsi yaranır və insanlar tərəfindən qəbul olunur. Əslində, sənətin əsas səciyyəvi xüsusiyyəti də elə budur. Əməkdar rəssam Elmira Hüseynova da ömrünü sənətə həsr edən və yaratdığı əsərlərdə yaşayan sənətkarlardandır.
Elmira Mehralı qızı Hüseynova 12 fevral 1933-cü ildə Bakıda dünyaya göz açıb. Erkən çağlardan rəssamlığa maraq göstərir. Hələ məktəbli ikən gələcək həyat yolunu müəyyənləşdirir. Rəssamlıq təhsili almaq üçün öz üzərində ciddi çalışır. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur, 1954-cü ildə təhsilini uğurla başa vurur. Bir müddət bu sahədə müstəqil çalışdıqdan sonra İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olur. Burada müvəffəqiyyətlə sənətin sirlərinə yiyələnir.
1957-ci ildən ölkəmizdə və onun hüdudlarından kənarda təşkil olunan sərgilərdə iştirak edir. Müxtəlif səpkili əsərləri öz lakonikliyi və orijinal kompozisiyası ilə sənətsevərlərin diqqətini çəkir. Mütəxəssislər qeyd edirlər ki, onun fərqli peşə və sənət sahiblərinin heykəl, portret, büst, barelyef və s. bir-birindən maraqlı əsərlərində sənətkarın dərin müşahidəçilik qabiliyyəti və mövzuya professional yanaşdığı aydın görünür.
Elmira Hüseynova eyni zamanda monumental heykəltəraşlıq sahəsində də özünü sınayıb. Araşdırmalarda qeyd olunur ki, onun 1967-ci ildə görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunan sərgidə nümayiş etdirdiyi xatirə lövhəsi kompozisiya və bədii keyfiyyətləri ilə maraq doğurub. Əsərdə böyük ədibin görkəmi sənətkarlıqla, işıq və kölgə effektləri isə harmonik şəkildə yaradılmışdı.
Heykəltəraşın müxtəlif illərdə ərsəyə gətirdiyi nümunələr ideya-sənətkarlıq baxımından mükəmməlliyi ilə seçilir. Onun “Kolxozçu qız”, “Fəhlə”, “Ailə” kompozisiyası, “Rəsul Rza”, “Taxılçı”, “Qızımın portreti”, “Polşalı tələbə qız”, “Sevgi obrazı”, “Hər şey cəbhə üçün”, “Neftçilər”, “Əsmərin portreti”, “Rejissor Tofiq Kazımovun xatirəsinə”, “Akademik M.Cəfərovun portreti” və s. əsərləri Azərbaycan heykəltəraşlığının dəyərli nümunələri sırasındadır. Bu əsərlərdə görkəmli sənətkarın elm, mədəniyyət və incəsənət sahəsində böyük uğurlara imza atmış insanlara necə hörmətlə yanaşdığını görürük.
Müəllifin İçərişəhərdəki binalardan birinin qarşısında ucaldılan maraqlı bir əsəri də var. Abidədə görkəmli maarifçi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi “Əkinçi”ni oxuyarkən təsvir edilib. Tunc qranitdən hazırlanmış bitkin kompozisiya da obrazın xarakter keyfiyyətləri ustalıqla açılıb.
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr etdiyi portretdə obrazın qabarıq təqdimatı, üz cizgilərinin inandırıcı və yaddaqalan tərzdə verilməsi ilk baxışda diqqəti çəkir. Əsərdə sənətkar şəxsiyyətinin bütövlüyü, daxili dünyasının zənginliyi dolğun şəkildə təqdim olunur.
Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun büstü də Elmira Hüseynovanın təqdimatında mükəmməlliyi ilə könül oxşayır. Əsərdə teatr sənətimizin inkişafına mühüm töhfələr bəxş edən rejissorun sənətkarlığı ilə şəxsiyyəti vəhdətdə verilib.
Zəngin və özünəməxsus yaradıcılığı ilə Azərbaycan heykəltəraşlığına yeni səhifələr yazan Elmira Hüseynovanın əsərləri Bakı və Sumqayıt şəhərlərinin küçə və meydanlarını bəzəyir. Onun əsərləri eyni zamanda Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.
Sənətkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1967-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. Zərif əlləri ilə ölməz əsərlər yaradan Elmira Hüseynova 23 yanvar 1995-ci ildə, 62 yaşında vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 14
fevral.- S.7.