Şəhid baş leytenant doğum günündə anılıb

   

 

 

2016-cı ilin Aprel döyüşlərinin şəhidi, Mİ-24 hərbi döyüş helikopterinin borttexniki, baş leytenant Əbu Bəkr Vüqar oğlu İsmayılovun xatirəsi fevralın 10-da, doğum günündə anadan olduğu Kürdəmir rayonunda anıldı. Kürdəmir Regional Mədəniyyət İdarəsi işçilərinin iştirakı ilə şəhidin doğulub boya-başa çatdığı evin qarşısında, xatirə barelyefi önündə anım mərasimi keçirildi.

2016-cı ilin 1 aprelində ilk döyüş əməliyyatı zamanı Əbu Bəkr öz pilot dostları ilə qəhrəmanlıq göstərərək düşmənin hərbi texnikalarını məhv etmiş, hərbçilərimiz havadan dəstək sayəsində irəliləyərək Lələtəpə yüksəkliyinə Azərbaycan bayrağını sancmışdılar.

İkinci döyüş əməliyyatı zamanı Mİ-24 helikopteri vuruldu. Ekipaj üzvləri – baş leytenant Əbu Bəkr İsmayılov, mayor Urfan Vəlizadə və mayor Təbriz Mustafazadə geri çəkilib özlərini bəlkə də xilas edə də bilərdilər. Amma onlar alovlanan helikopterlə ermənilərin ən böyük postunu dağıdaraq düşmənə daha bir zərbə vurdular. Vətən torpağı uğrunda şəhid oldular.

Qəhrəman pilotlarımız Bakı şəhərində II Fəxri xiyabanda izdihamla dəfn edildilər. Əbu Bəkr İsmayılov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə (ölümündən sonra) təltif edildi.

Bu xatirə mərasimində onun  barelyefi önünə gül qoyarkən düşünürdüm. Analar övladlar dünyaya gətirir, onları min bir əziyyətlə böyüdür. Vətənin dar günündə övladlarını, öz ciyər-paralarını yağı düşmənin qarşısına göndərirlər, təki Vətən yaşasın deyə! Əbu Bəkrin anası Rəna anamız kimi!

Əbu Bəkr hələ uşaq ikən ondan kim olacağını soruşanlara “Mən böyüyəndə qəhrəman olacağam” deyərmiş. Hər kəsin uşaq söhbəti kimi dinləyərək qəbul etdiyi bu sözlərin arxasında nə böyüklükdə igidlik, qəhrəmanlıq dururmuş... Toyda “Vağzalı” çalınanda Əbu Bəkr “Əsgər marşı”nın sədaları ilə gəlin gətirməyə yollandı, maşını gül-çiçək yerinə Azərbaycan bayrağı ilə bəzədi.  Azərbaycan bayrağı onun üçün əvəzolunmaz idi. Sonda isə bütün arzularını üçrəngli bayrağa büküb ən uca zirvəyə, şəhidlik zirvəsinə sancdı. İndi hər kəs onun adını hörmət və məhəbbətlə xatırlayır.

 

Məryəm  ƏLİYEVA

Kürdəmir rayon MKS-nin baş biblioqrafı

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.6.