“Hacı Zeynalabdin
Tağıyev öz dövrünün
aynasında”
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Hacı Zeynalabdin Tağıyev öz dövrünün aynasında” kitabı nəşr olunub.
İnstitutdan bildirilib ki, topluya xeyriyyəçinin həyatı və gördüyü işlər haqqında ilk dəfə ictimai-siyasi xadim Nəriman Nərimanovun yazdığı və 1900-cü ildə çap olunmuş “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaətə xidmətləri” əsəri, Axund Yusif Talıbzadə tərəfindən yazıldığı ehtimal olunan və 1903-cü ildə çapdan çıxmış “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” əsəri və tarixi sənəd və məktubları əks etdirən, 1904-1906-cı illərdə işıq üzü görən “Himəm ər-rical” (“Kişilərin himməti”) adlı ikicildlik kitabdan seçmələr daxildir. Nəşrdə fotolar, ərəb-fars sözlərindən ibarət lüğət də yer alıb.
Kitabın mətnini transfoneliterasiya və tərtib edənlər filologiya üzrə fəlsəfə doktorları Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, redaktoru tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovadır. Mətnləri farscadan tərcümə edən, lüğəti və adlar göstəricisini hazırlayan Əkrəm Bağırovdur.
Qeyd edək ki,
kitab ilk dəfə
1993-cü ildə çapdan
çıxıb. Təqdim olunan təkrar
nəşrdə ərəb-fars sözləri lüğəti
daha da təkmilləşdirilib,
əlavə olaraq adlar
göstəricisi verilib.
Mədəniyyət.- 2020.- 14
fevral.- S.7.