Başqalarının səhvi
təkrarlanmasın deyə...
“Sevgi
romanı” bədii filminin təqdimatı
Nizami Kino Mərkəzində “Sevgi romanı” filminin təqdimatı keçirildi. Qala gecəsinə çoxsaylı incəsənət nümayəndələri qatılmışdı. Filmin nümayişindən əvvəl yaradıcı heyət media nümayəndələrinin suallarını cavablandırdı.
Ekran işində əsas obrazlardan birinə həyat verən aktrisa Oksana Rəsulova bildirdi ki, rəhbəri olduğu “Oksi Media Production”ın ərsəyə gətirdiyi filmin rejissoru Vüsal Hacı Qədir, ssenari müəllifi aktyor Azər Aydəmirdir. Rolları Oksana Rəsulova, Azər Aydəmir, Şəhriyar Əbilov, Zümrüd Bədəlova, Əbdülqəni Əliyev, həmçinin Xalq artisti Kazım Abdullayev və başqaları oynayır.
Aktrisa bildirdi ki, film həm də gənclərə ünvanlanan, bu ekran əsərinə baxaraq başqalarının səhvini təkrarlamasınlar deyə bir mesajdır.
Cəmilə varlı bir iş adamının qızıdır. O, atasının iş ortağının oğlu Xanlarla ailə qurur. Cəmilənin seçiminin yanlış olduğu isə onun atasının ölümündən sonra üzə çıxır. Həyatı cəhənnəmə çevrilən qız atasının ölümü barədə həqiqətləri öyrəndikdən sonra qaçmaq qərarına gəlir. Lakin Xanlar onun izinə düşməyə başlayır. Çünki Cəmilənin var-dövlətinə sahib çıxmaq üçün onun razılığı lazımdır. Qaçış vaxtı təsadüfən Eldarla rastlaşır. O, kömək edərək Cəmiləni ərinin adamlarının əlindən alır. Bundan sonra olaylar fərqli məcraya yönəlir...
Film böyük maraqla qarşılandı. Yaradıcı heyət səhnəyə çıxaraq tamaşaçılara təşəkkürünü bildirdi.
Təəssüratlarını bölüşən kinoşünas Şəhla Əmirli diqqətə çatdırdı ki, hər yeni film haqqında fikirlər ictimai rəyin formalaşmasına zəmin yaradır. Bu rəylər həm filmə baxmağa daha çox tamaşaçı cəlb edəcək, həm də kinoya həvəslə gələn gənclərə stimul verəcək. Yəni kinoya həvəsli, maraqlı insanların kollektiv cəhdi, ortaya iş qoymaları ilk baxışdan hiss olunur.
Eyni zamanda yaradıcı heyətin əgər bir yerdə zəif ifası varsa, növbəti dəfədə özündə inam, güvən oyadacaq, səhvini düzəldəcək.
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 19
fevral.- S.4.