Gözəlliklə istedad birləşəndə...
Tamaşaçılar onu daha çox “Arşın mal alan” (1965) filmindən – Asya obrazından tanıyır. Deməli, yüksək sənət zövqü ilə yaradılmış bir obraz da sənət möhürünə çevrilə, onu əbədi olaraq yaddaşlarda saxlaya bilər. Xalq artisti Xuraman Hacıyeva da məhz belə aktrisalarımızdandır. Anadan olmasının 75 illiyi və vəfatının 15 illiyi münasibətilə onun ömür və sənət yoluna nəzər salırıq.
Xuraman Abdulla qızı Hacıyeva 7 mart 1945-ci ildə Bakı şəhərində anadan olub. Erkən çağlardan teatra maraq göstərib, hələ şagird ikən məktəbin dram dərnəyinə yazılıb. 1964-cü ildə orta məktəbi bitirən Xuraman Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə qəbul olunur. İkinci kursda oxuyanda görkəmli rejissor Tofiq Tağızadənin dəvəti ilə “Arşın mal alan” bədii filmində Asya roluna çəkilir. Bu onun kinoda ilk uğurlu debütü olur.
Mənbələrdə göstərilir ki, Xuraman Hacıyevanın filmin çəkilişlərinə görə dərsə davamiyyəti zəifləyir. Bu da müəyyən narazılıqlara səbəb olur və o, institutdan xaric edilir. Sənət, səhnə uğrunda mübarizəsini davam etdirən aktrisa Gəncə Dövlət Dram Teatrına müraciət edir və müsbət cavab alır. Qısa müddətdə kollektivə uyğunlaşır və bir sıra tamaşalarda baş rollarda səhnəyə çıxır.
Ancaq ali təhsil sevdası aktrisanı burada da tərk etmir. O, Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Tarix-filologiya fakültəsini bitirir.
Gəncə səhnəsində maraqlı, yaddaqalan obrazlar
qalereyası yaradan aktrisa
yenidən Bakıya dönür, 1972-ci ildə
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında işə götürülür.
Könül verdiyi sənətdə
uğurlarını paytaxt səhnəsində
də davam etdirir.
Tanınmış aktyor, Xalq
artisti Tariyel
Qasımov Xuraman Hacıyeva ilə
bağlı xatirələrini bölüşərkən deyib: “Onunla ilk tanışlığımız orta məktəb illərində olub. Əvvəllər dram
dərnəyi var idi. İlk tanışlığımız da həmin dərnəkdə oldu.
Tərəf-müqabil kimi bəzi tamaşalarda çıxış etdik. Sonra yollarımız
ayrıldı. Xuraman ali
məktəbə daxil oldu.
Mən də institutu bitirib Akademik Dram Teatrına getdim. O, ikinci kursda oxuyanda “Arşın mal alan” filmində
Asya roluna çəkildi... Xalq artisti
Xuraman Hacıyeva tamaşaçı qəlbində
ilk növbədə bu
obraz ilə qalıb. Çünki
o vaxtlar “Arşın
mal alan” filmi bir sənət
əsəri kimi tamaşaçılar tərəfindən
maraqla qarşılandı.
Xuraman xanım da filmdə
gözəlliyi və
istedadı ilə tamaşaçıların diqqətini
çəkdi”.
X.Hacıyevanın gözəl siması və istedadlı ifasına görə rejissorlar əksər tamaşalarda baş rolları ona verirdilər. O da bütün etimadları layiqincə doğruldurdu. Amma bu, təəssüf ki, kollektivdə müəyyən qısqanclıq
da doğururdu. Ancaq aktrisa öz sənətinə qəlbən
bağlı olduğu
üçün bu hallara məhəl qoymurdu.
X.Hacıyeva Gənc Tamaşaçılar
Teatrının səhnəsində
yaratdığı Ceyran
(“Yolda”, Hüseyn Arif), Qızılgül (“Aycan”, Xanımana Əlibəyli) Rəna (“Təzə şagird”, Qılman İlkin), Eyzəngül (“Şirinbala
bal yığır”, Salam Qədirzadə),
Gülsüm (“Yadındamı?”,
Altay Məmmədov), Gülzar
(“Tamahkar”, Süleyman Sani Axundov), Firəngiz (“Məhəbbət
novellası”, Şamil
Xurşud və Əşrəf Hacıyev),
Yetər (“Hacı Qəmbər”, Nəcəf
bəy Vəzirov) və s. səhnə obrazları ilə tamaşaçıların qəlbinə
yol tapıb. Təəssüf ki, aktrisanın səhnədə
yaratdığı maraqlı
və diqqətçəkən
rolların hamısının
lent yazısı qalmayıb.
X.Hacıyeva “Arşın mal alan” filmindən sonra da kinoda
fəaliyyətini davam
etdirib. “Azərbaycanfilm”
kinostudiyasında müxtəlif
vaxtlarda lentə alınan “Bakıda küləklər əsir”,
“Birisi gün gecəyarısı”, habelə
“Lətifə”, “Gilas ağacı”,
“Ömrün səhifələri”
və s. ekran əsərlərində müxtəlif
səpkili rollara çəkilib. O, bəzi
bədii və cizgi filmlərimizin, o cümlədən “Baladadaşın
ilk məhəbbəti”, “Sən
belə cumbulusan”, eyni zamanda “Mozalan”
satirik kinojurnalının
bir çox buraxılışlarının səslənməsində iştirak
edib. “Gənclik
macərası” televiziya
tamaşası Xuraman xanımın ifası ilə tamaşaçı
rəğbəti qazanıb.
Sevilən aktrisanın sənət fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1979-cu ildə “Əməkdar artist”, 1999-cu ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 15 fevral 2005-ci ildə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 19
fevral.- S.7.