Gəncliyə göstərilən
qayğı
Prezident mükafatına layiq görülmüş
gənclərimizi siz də tanıyın
İstedadlı, yaradıcı, intellektual gənclərimizin qazandığı hər bir uğur gələcəyimizlə bağlı ümidləri artırır. Gənclərin fəaliyyətinin dövlət tərəfindən qiymətləndirilməsi və dəstəklənməsi isə onların yaradıcılıq vüsətini gücləndirir, yeni nailiyyətlər üçün ruhlandırır. Prezident İlham Əliyevin 11 fevral 2020-ci il tarixli sərəncamı ilə 10 nəfər gəncin 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülməsi ölkə başçısının Azərbaycan gəncliyinə diqqətinin daha bir göstəricisidir. Mükafata layiq görülmüş gəncləri oxucularımızın da tanımasını istədik.
***
2020-ci il Gənclər üçün Prezident
mükafatı alan gənclərdən biri Ziya Ağadır.
1991-ci ildə Ağdam rayonunun
Muradbəyli kəndində anadan olub. İlk ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb. Bir neçə filmdə çəkilən Ziya sonradan bu
sahədə də təhsil almaq qərarına
gəlir, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə qəbul olunur. Hazırda universitetin dram teatrı və kino aktyoru
ixtisası üzrə
“Sabah” qrupunda təhsil
alır.
O, ilk dəfə 2013-cü ildə
“Sus” qısametrajlı
bədii filmində əsas rollardan birinə çəkilib. Daha sonra “Qurbağa” qısametrajlı və “Arzuların ardınca” tammetrajlı bədii filmlərində rol alıb.
“Səda” tədris
teatrının səhnəsində
bir çox rollarda çıxış
edən aktyor həmçinin bir müddət Yuğ Dövlət Teatrının
nəzdində laboratoriyada
aktyor kimi fəaliyyət göstərib. Xalq artisti
Vidadi Həsənovun yaratdığı “M-Teatrı”nda
səhnəyə çıxan
Ziya Ağa 2017-ci ildə yaradılmış
müstəqil “Human” teatrında
da çalışıb.
Hazırda Akademik Milli
Dram Teatrında işləyən
aktyor bir neçə tamaşada çıxış edir.
Qeyd edək ki, ADMİU-nun
“Sabah” qrupunun tələbələri
2019-cu ildə Ümumrusiya
Dövlət Kinematoqrafiya
İnstitutunun 39-cu beynəlxalq
tələbə festivalında,
həmçinin Rusiya
Teatr Sənəti İnstitutunda təşkil
olunan “Otello əfsanəsi” festivalında Otello roluna görə mükafata layiq görülüb.
***
İncəsənət sahəsində mükafata
layiq görülən
digər gənc Məhərrəm Hüseynlidir. O, 1995-ci ildə
Bakıda anadan olub. 3 yaşından skripkada ifa etməyə
başlayan Məhərrəmi
valideynləri yeddi yaşında Ə.Bədəlbəyli
adına 23 saylı Musiqi məktəbinin skripka sinfinə yazdırırlar.
O, 14 yaşından Bakı
şəhər L. və
M.Rostropoviçlər adına 21 nömrəli
onbirillik Musiqi məktəbində vokal dərsləri almağa başlayır. Bu məktəbdə konsertlərin
birində Rostropoviçlərin
qızı iştirak
edir və Məhərrəmin ifasını
çox bəyənir.
Konsertdən bir ay sonra M.Rostropoviçin həyat
yoldaşı – tanınmış
opera ifaçısı Qalina
Vişnevskaya onu Moskvaya dəvət edir. Lakin o təhsilini Bakıda
davam etdirir.
2012-ci ildə adı
“Gənc istedadların
qızıl kitabı”na salınaraq Prezident təqaüdünə
layiq görülür.
Məhərrəm daha sonra təhsilini
Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın La Skala Akademiyasında davam etdirir. Həm La Skala
səhnəsində, həm
də müxtəlif layihələrdə uğurla
çıxış edən
gənc ifaçı
“Bohema”, “Karmen” kimi tamaşalarda əsas partiyaları ifa edir. Vokalçımız həmçinin Azərbaycanda
Rostropoviç, Qəbələ
və Üzeyir Hacıbəyli festivallarında
çıxış edib.
O, azərbaycanlı vokal
ifaçı Azər
Rzazadə və dünyanın məşhur
ifaçıları ilə
birlikdə İtaliya səhnələrini fəth
etməkdədir. Hazırda Milan şəhərində yaşayan
Məhərrəmin Bakıda
ilk debütü bu ilin aprelində “Bohema” operasında çıxışı ilə
reallaşacaq.
Prezident
mükafatına layiq görüldüyünə görə
dövlət başçısına
minnətdarlığını bildirən Məhərrəm
uğur qazanmağında
özünəinam hissinin
əsas rol oynadığını deyir:
“Biz Vətəndən kənarda
olsaq da, ölkəmizi təmsil edir və fəxr
edirik ki, azərbaycanlıyıq”.
***
Faiq Məmmədov
Gəncə şəhərində
anadan olub. Azərbaycan Dillər
Universitetinin (ADU) Beynəlxalq
münasibətlər fakültəsinin
bakalavr pilləsində
təhsil alıb.
2014-cü ildə universitetdə Tələbə
Gənclər Təşkilatının
sədri seçilib.
O, 2015-ci ildə 47-ci Beynəlxalq
Kimya Olimpiadasının
Təşkilat Komitəsində
protokol xidmətinin əməkdaşı, 2017-ci ildə
Bakıda keçirilən
IV İslam Həmrəyliyi
Oyunlarının Əməliyyat
Komitəsində Protokol
departamentinin mütəxəssisi
vəzifələrində çalışıb.
Həmin il
Avropa Gənclər Kartı Assosiasiyasının
Serbiyada keçirilən
Baş Assambleyasında
9 nəfərdən ibarət
İdarə heyətinin
ilk azərbaycanlı və
ən gənc üzvü olub. Bununla yanaşı, o, 2017-ci ildən
Təhsil Nazirliyi yanında Tələbə
və Gənclər üzrə Daimi Şuranın üzvüdür.
***
Ölkə başçısının mükafata
layiq gördüyü
Mətanət Quliyeva
(Qüdsi) ədəbi
yaradıcılıqla məşğuldur. Şəmkir şəhərində anadan
olub. Gəncə Dövlət Regional Kollecinin Təsviri incəsənət müəllimliyi
fakültəsini bitirib.
“Mətanət Qüdsi”
təxəllüsü ilə
şeirlər yazır. “Kəpənəyin saldığı
yol” adlı şeirlər kitabı işıq üzü görüb. Hazırda şeir
və esselərinin yer alacağı yeni kitab üzərində
işləyir. Eyni
zamanda “Mən o qadınam ki...” adlı sosial kitabını da bitirmək üzrədir.
Bir sıra
yerli və beynəlxalq layihələrdə
iştirak edib. Azərbaycan Gənclər
Fondunun elan etdiyi qrant müsabiqələrində
iki layihəsi uğur qazanıb. M.Quliyeva təsviri sənət sahəsində də fəaliyyət göstərir.
Müxtəlif janrlarda çəkdiyi
rəsmlər sərgilərdə
nümayiş olunub.
***
Günay Kazımzadə isə gənc tədqiqatçıdır,
süni intellekt sahəsində fəaliyyət
göstərir. O, Almaniya tərəfindən maliyyələşdirilən
və süni zəka, Blokçeyn, İoT kimi texnologiyalar
ətrafında fokuslanmış
Vayzenbaum İnstitutunda
tədqiqatçı olaraq
süni zəka, inklüzivlik və s. mövzularla bağlı araşdırmalar aparır.
G.Kazımzadə 2018-ci ildə “Google” şirkətinin
xanımlar üçün
təsis etdiyi qrantın ilk azərbaycanlı
qalibidir. TED-in (texnologiya,
əyləncə, dizayn)
layihəsində süni
zəka üzrə çıxış edən
ilk azərbaycanlı xanımdır.
Avropa ölkələrində, ABŞ-da keçirilən elmi konfranslarda iştirak edib, süni intellekt üzrə Berlində və Bakıda uşaqlar və valideynlər üçün
treninqlər təşkil
edib.
2019-cu ildə “Tech Centrum” platformasını
təsis edən G.Kazımzadə müasir
texnologiyalar sahəsində gənclərə
yardımçı olmaq
və onlara praktiki biliklər verməyi qarşısına
məqsəd qoyub. Qısa müddətdə layihə
çərçivəsində mindən çox azərbaycanlı gənc ölkəmizdən və
xaricdən olan ekspertlərdən dərs
alaraq yeni biliklərə yiyələnib.
***
Mükafata layiq görülmüş
gənclərdən biri
də Murad Ağazadədir. Fizika, riyaziyyat və
informatika təmayüllü
liseyin 11-ci sinif şagirdi olan Murad Ağazadə riyaziyyat fənni üzrə olimpiadaların
fəal iştirakçısıdır.
O, məktəblilər arası
I fənn müsabiqəsində
birinci yerə, riyaziyyat üzrə fənn olimpiadalarında qızıl medala layiq görülüb. Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında
və Beynəlxalq Meqapolislər Olimpiadasında
isə bürünc
medal qazanıb.
***
Sərvinaz Hacıyeva 1994-cü ildə
anadan olub. Azərbaycan Tibb
Universitetinin Əczaçılıq
fakültəsini bitirib.
Nanoaraşdırmalar Mərkəzində böyük laborant vəzifəsində çalışıb.
Bir çox konfrans və seminarlarda ölkəmizi layiqincə
təmsil edib. Hazırda Bakı Dövlət Universiteti Kimya fakültəsinin Zərif üzvi sintez elmi tədqiqat
laboratoriyasında elmi
işçi olan Sərvinaz Hacıyeva nanotexnologiyalar, əczaçılıq
kimyası, nanotexnologiyanın
əczaçılıqda tətbiqi,
yeni dərman maddələrinin sintezi, əczaçılıq biotexnologiyası,
liposomların və nanoliposomların sintezi üzrə elmi tədqiqatlar aparır.
***
Prezident mükafatına layiq görülənlərdən Elmar
Əsgərzadə 1995-ci ildə
Qəbələ rayonunda
anadan olub. 2013-2019-cu illərdə Bakı Ali Neft Məktəbində oxuyub. Hazırda Azərbaycan Dövlət
Neft və Sənaye Universitetində magistr təhsili alır.
***
Kənan İbrahimov Şəmkir
Rayon İcra Hakimiyyəti
İctimai-siyasi və
humanitar məsələlər
şöbəsinin baş
məsləhətçisidir. O, Gəncə
şəhərində anadan
olub və Azərbaycan Dillər Universitetinin Jurnalistika fakültəsini bitirib. 2017-ci ildə Şəmkir
rayonunda “İlin gənci” seçilib.
***
Daha bir mükafatçı gəncimiz
Sabir Rüstəmov
1997-ci ildə Özbəkistanın
paytaxtı Daşkənddə
anadan olub. Hazırda Çinin
Çenjou Universitetində
Çin dili üzrə təhsil alır. 2018-ci ildən Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli
Şurası İdarə
heyətinin üzvüdür.
***
Fəaliyyəti yüksək qiymətləndirilən
bütün gənclərimizi
təbrik edir, onlara gələcək işlərində uğurlar
arzulayırıq.
Lalə ƏLƏKBƏROVA
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 19
fevral.- S.5.