2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub
“Bu, bizim
əlaqələrimizi, dostluğumuzu,
əməkdaşlığımızı
artırmağa kömək
edəcək”
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət
səfərinə gedib. Qeyd edək
ki, Prezident İlham Əliyev 2005, 2008
və 2014-cü illərdə
İtaliyada rəsmi səfərdə, həmçinin
2011 və 2015-ci illərdə
işgüzar səfərlərdə
olub. İtaliya Prezidenti Sercio Mattarella 18-19 iyul 2018-ci il tarixində
Azərbaycana ilk dövlət
səfərini edib.
İtaliya Respublikasında dövlət
səfərində olan
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fevralın 20-də
Romada, Kuirinale Sarayında rəsmi qarşılanma mərasimi
keçirilib.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.
Dövlət himnlərinin səslənməsi
və fəxri qarovul dəstəsinin qarşısından keçiddən
sonra Azərbaycan
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.
Azərbaycan nümayəndə heyəti
İtaliya Prezidentinə,
İtaliya nümayəndə
heyəti isə Azərbaycan Prezidentinə
təqdim olunub.
***
Sonra Azərbaycan
və İtaliya dövlət başçılarının
təkbətək görüşü
olub. Daha sonra prezidentlərin
nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
görüşü keçirilib.
Prezident Sercio Mattarella Azərbaycan rəhbərini
salamlayaraq bu səfərin iki ölkə arasında səmimi dostluğun və güclənən əməkdaşlığın bir daha qeyd
edilməsi, habelə bütün istiqamətlərdə
– enerji, ticari-iqtisadi, siyasi və mədəni sahələrdə
əməkdaşlığın dəyərləndirilməsi üçün
gözəl fürsət
olduğunu vurğulayıb.
Prezident
İlham Əliyev dövlət səfərinə
dəvətə və
göstərilən qonaqpərvərliyə
görə Sercio Mattarellaya təşəkkürünü
bildirərək deyib:
“Sizin Azərbaycana tarixi səfərinizi məmnuniyyətlə xatırlayıram.
Səfər zamanı əldə
edilmiş razılaşmalar
artıq həyatda öz əksini tapır və bu gün İtaliya-Azərbaycan
əlaqələri yeni
yüksək səviyyəyə
qalxır. Həm siyasi
sahədə, iqtisadi sahədə, energetika, mədəniyyət, nəqliyyat,
demək olar ki, bütün sahələrdə şirkətlərimiz
arasındakı əlaqələr
yeni pilləyə qalxır. Səfər zamanı imzalanacaq
çoxsaylı sənədlər
bizim əlaqələrimizi
daha da gücləndirəcək.
Onların arasında xüsusilə
strateji tərəfdaşlığın
gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim”.
Görüşdə vurğulanıb ki, iki ölkə arasında “Çoxölçülü
strateji tərəfdaşlığın
gücləndirilməsinə dair Birgə Bəyannamə” siyasi, iqtisadi, ticari, enerji və digər sahələri əhatə edir.
Söhbət zamanı ölkələrimiz
arasında mədəniyyət
sahəsində əlaqələrin
inkişafında Heydər
Əliyev Fondunun rolu xüsusi qeyd olunub. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından
“Azərbaycan ili” elan edildiyi diqqətə
çatdırılıb.
***
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və İtaliya Respublikasının Prezidenti
Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
İtaliyanın dövlət başçısı
qeyd edib ki, bu səfər
iki ölkə arasındakı əlaqələrin
nə qədər güclü olduğunu göstərir: “İtaliya
ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və
regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa
çox açıq
və bütün dünya tərəfindən
görünən müasir
bir ölkədir.
Biz iqtisadi-ticari sahədə çox intensiv əlaqələrə
malikik, çox böyük inkişafla irəli gedirik. İtaliya müəssisələri Azərbaycana
cəlb olunur, bir çoxları işləyir və bundan sonra digərləri
də bu sahəyə cəlb olunacaqlar”.
Sercio Mattarella bir daha vurğulayıb ki, 2020-ci il
İtaliyada “Azərbaycan
ili” elan olunub: “Bu, bizim əlaqələrimizi, dostluğumuzu,
əməkdaşlığımızı
artırmağa kömək
edəcək və iki ölkə arasında münasibətləri
daha da intensivləşdirəcək”.
Prezident
İlham Əliyev bildirib ki, iki
ölkə arasında
birgə bəyannamədə
bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri
müəyyən edilir:
“Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri
əhatə edən bir sənəddir. Eyni zamanda, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar
çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında
da müddəa var.
Bu da yaxın, dost ölkələr, müttəfiqlər
arasında olan bir məsələdir. İqtisadi sahədə əməkdaşlığımızın
gələcək inkişafı
çox müsbət
olacaqdır. Əminəm ki, bundan sonra
biz İtaliya şirkətlərinin
qeyri-neft sektorunda əməkdaşlıq etmələrini
görəcəyik. Ticarət dövriyyəsinə
gəldikdə, İtaliya
bizim üçün
dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır”.
Azərbaycan rəhbəri mədəniyyət
sahəsində də
əməkdaşlığın əhəmiyyətini qeyd edib: “Biz bu sahədə
əməkdaşlığı dərinləşdirmək istəyirik.
Azərbaycanın İtaliyada Mədəniyyət
Mərkəzinin açılışı
nəzərdə tutulur.
Bir neçə il bundan
əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi “Villa Borgeze” parkında ucaldılıb.
Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu
sahədə də sənədlərin imzalanması
nəzərdə tutulur.
Hazırda Azərbaycanın
1500-dən çox tələbəsi
İtaliyanın ali məktəblərində
təhsil alır”.
***
Fevralın 20-də Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri
Cüzeppe Konte ilə təkbətək görüşü olub.
Söhbət zamanı ölkələrimizin
enerji sahəsində uğurla əməkdaşlıq
etdiyi və Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin bu il son
mərhələsinə qədəm
qoyduğu bildirilib. Həmçinin İtaliya şirkətlərinin
Azərbaycanda qeyri-neft
sektorunun inkişafında
və iqtisadiyyatın
şaxələndirilməsində çox fəal surətdə iştirak etdikləri vurğulanıb.
Görüşdə Azərbaycan ilə
İtaliya arasında
elm, təhsil, tələbə
mübadiləsi, turizm
sahələrində əməkdaşlıq
məsələləri də
müzakirə olunub.
***
Görüş başa çatandan sonra Azərbaycan-İtaliya
sənədlərinin imzalanma
mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar.
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliyanın İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair memorandum nazirlər Pərviz Şahbazov və Stefano Patuanelli tərəfindən imzalanıb.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini imzalayıblar.
Həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında, iki ölkənin Milli Olimpiya komitələri arasında əməkdaşlıq, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə İtaliyanın şirkətləri arasında və s. sənədlər imzalanıb.
***
Prezident İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kaselatti, Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.
***
Fevralın 21-də Romada
İtaliya-Azərbaycan biznes forumu keçiriləcək.
Mədəniyyət.- 2020.- 21
fevral.- S.1;2.