“Hacı Zeynalabdin
Tağıyev – uşaqlar üçün”
kitabı təqdim edildi
Fevralın 19-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Hacı Zeynalabdin Tağıyev – uşaqlar üçün” kitabının təqdimatı keçirildi. Kitabın müəllifi Əməkdar artist – aktyor, fotoqraf, rəssam, naşir Bəhram Bağırzadədir.
Təqdimatdan əvvəl çıxış edən muzeyin elmi katibi Fərhad Cabbarov tədbirə çoxlu sayda uşaqların, habelə valideynlərin və müəllimlərin qatılmasının sevindirici hal olduğunu dedi: “Bəhram Bağırzadənin milli mesenat Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi kitabın bu məkanda ilk təqdimatı da rəmzi məna daşıyır. Çünki uşaqlar bu muzeydə Tağıyevin həyat və fəaliyyəti ilə yaxından tanış oldular və onun haqqında kitab əldə edəcəklər. Tağıyev Azərbaycan xalqının gələcəyi üçün böyük işlər görüb və onun irsi ilə əlaqədar həyata keçirilən layihələr bizi sevindirir”.
Müəllif Bəhram Bağırzadə Tağıyevlə bağlı uşaqlar üçün kitabın ərsəyə gəlməsində dəstək göstərən təşkilat və şəxslərə minnətdarlığını ifadə etdi, uşaqlarla birgə tədbirə qatılan valideynlərə və müəllimlərə təşəkkürünü bildirdi.
Daha sonra imzalı kitablar uşaqlara hədiyyə edildi. Təqdimat mərasimində 350-dən artıq uşaq iştirak edirdi.
Qeyd edək ki, Bəhram Bağırzadə kitabın təqdimatından əvvəl bildirmişdi ki, Tağıyev ənənələrinə uyğun olaraq kitab satışa çıxarılmayacaq və yalnız hədiyyə üçün nəzərdə tutulub. Kitab azyaşlı oxuculara milyonçunun həyatından və xeyirxah əməllərindən bəhs edir. Qısa və aydın, uşaqların başa düşəcəyi səlis dildə tərtib edilən mətnlərdə həm də ölkəmizin gələcəyi olan fidan balalara bu hisslər incəliklə aşılanır.
“Şərq-Qərb” nəşriyyatında çap olunan kitabın ideya müəllifləri Bəhram Bağırzadə və Tahirə Əfəndiyeva, redaktorları Nərgiz Cabbarlı, Oleq Reutski, məsləhətçiləri Xalq rəssamı Sakit Məmmədov, Fərhad Cabbarov, Rahib Azəri və Fuad Axundovdur.
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 21
fevral.- S.3.