Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər
Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Heydər Əliyev Mərkəzində şəhər kitabxana filialı ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Mərkəzin elmi işçisi Şəbnəm Əliyeva, kitabxana filialının işçisi Kəmalə İsmayılova 1992-ci ilin 26 fevralında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırımı haqqında danışıblar.
Sonra “Xocalı: faktlar” adlı sənədli film nümayiş olunub. Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı sərgiyə baxış keçirilib.
***
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində soyqırımının 28-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Rayon MKS-nin işçilərinin də qatıldığı tədbirdə mövzuya dair fotolardan və Xocalı haqqında kitablardan ibarət sərgi nümayiş olunub.
***
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Heydər Əliyev Mərkəzində “Şəhid Xocalım” adlı tədbir keçirilib. Tədbirdə M.Həsənov adına Köçərli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə Xocalı faciəsi haqqında danışılıb. Bildirilib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının XIX əsrdən başlayaraq Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır.
Tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiya təqdim olunub.
***
Tədbirə Füzuli Dövlət Dram Teatrında səhiyyə işçilərinin iştirakı ilə keçirilən anım tədbirində Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova və Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Natiq Şükürov çıxış ediblər.
Diqqətə çatdırılıb ki, dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır.
Sonda teatrın
aktyorlarının ifasında Akif Həsənoğlunun
“Yaddaş” tamaşası göstərilib.
Mədəniyyət.- 2020.- 21
fevral.- S.4.