Səhnəyə “Bahar” gəldi

 

Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyətində fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulan sosial-mədəni layihələrə də xüsusi yer ayırır. Yaradıcı kollektiv 17-18 fevral tarixində  növbəti  musiqili tamaşasının premyerası ilə sənətsevərləri yenidən öz ətrafına topladı.

 

“Əngəlləri səhnədən aşaq...” devizi altında bu dəfə Abdulla Şaiqin “Gözəl bahar” adlı mənzum pyesinin motivləri əsasında hazırlanan “Bahar” tamaşası təqdim olundu.

 

Teatrın nəzdində yaradılan azyaşlı həvəskar aktyorlardan ibarət “Oyuq” və fiziki imkanları məhdud səhnə bacarıqlı uşaqların cəmləşdiyi “Küllücə” studiyalarının birgə işi maraqla qarşılandı.

 

Mədəniyyət Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi layihənin məqsədi istedadlı uşaqları bir araya gətirməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək, fərqli səhnə, sənət bacarıqlarını təkmilləşdirmələrinə dəstək olmaqdır.

 

Tamaşanın səhnələşdirəni və  quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Röya Hüseynova, xoreoqrafı Günay Əhməddir.

 

Uşaqlara təbiəti, fəsilləri, insanları sevməyi təlqin edən, onları ətraf mühitin qorunmasına səsləyən birhissəli tamaşada rolları Nazan Qafarova, Həcər Abdullayeva, Selcan Müseyibova, Zəhra Qafarova, İbrahim Məmmədli, Ülvi Bayramov, Nigar Süleymanzadə, Aslımaral Umarova, Sofiya Əlizadə, Murad Abdurrəhmanov, Aysu Cəbrayılova, Hüseyn Abdullazadə, İlqar İbrahimli, İbrahim Süleymanlı, Aydan Əhmədova, Fuad Atayev  və başqaları ifa edirdilər. İstedadını, səhnə və sənət sevgisini nümayiş etdirən balacalar tamaşaçıların gur alqışlarını qazandılar.

 

Uşaq teatr-studiyası kimi bir çox festivallarda uğurlara imza atanOyuq” və yarandığı qısa müddətdə xeyli sayda fiziki və əqli məhdudiyyətli uşağın özünüifadə meydanına çevrilən “Küllücə” bir daha sənətin, teatrın, musiqinin insanları birləşdirmək gücünü göstərdi.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.4.