Heydər Əliyev və nitq
mədəniyyəti
21 fevral Beynəlxalq Ana Dili Günüdür
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən biri hesab olunur.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit edildi. 2001-ci ilin 18 iyununda Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçdi. 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünya liderləri içərisində, o cümlədən türk dünyasında ulu öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran rəhbər olmayıb.
“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.
Bu sözlərin müəllifi ulu öndər Heydər Əliyevin tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməyi ilə bərabər, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında da rolu əvəzedilməzdir.
Natiqlik məharəti auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin imkanlarını məhz bu cür müəyyənləşdirirdilər. Hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda, Romada natiqlik məharətini öyrənən elmin – ritorikanın əsasını qoyan Aristotel, Sokrat, Platon, Siseron, Kvintilian və başqaları hər bir uğurlu nitq üçün əsas olaraq dünyagörüşünü göstərməklə bərabər həmin nitqin ifadə etdiyi dil elementlərini də qeyd edirdilər. Məsələn, Aristotel özünün “Ritorika” əsərində yazırdı ki, “natiqlik məharəti insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər səmimi bilgi tələb edən bir keyfiyyətdir”.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı.
Ulu öndər
bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən
duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Nitqində söz
və ifadələrin
təkrarına mümkün
qədər yol verməzdi. Düzgün
seçilən və
yerində işlədilən
ifadəlilik vasitələrini
– leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik
suallar və s. siyasi liderin nitqini təsirli edir, estetik cəhətdən
gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı,
hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan
dilini mükəmməl
bilməlidir” deyən
Heydər Əliyevə
bu dil əziz
idi, müqəddəs
idi. O, bu dilə mükəmməl
yiyələnmişdi.
Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi.
İti yaddaşa və güclü hafizəyə
malik idi, öz səfərbəredici
nitqi, danışıq
tempi, manerası, jestləri,
mimikası ilə auditoriyanı ələ alaraq öz ideyalarını dinləyicilərə
sadə dildə aşılayardı. Auditoriya Heydər
Əliyevi öz qarşısında Azərbaycan
dilinin incəliklərinə
dərindən bələd
olan bir dilçi alim görürdü.
Nitq mədəniyyəti
hər bir xalqın əsrlərlə
formalaşdırıb bu
günə çatdırdığı
mədəniyyətin ən
vacib, ən mühüm tərkib hissələrindən biridir. Bu baxımdan ulu öndərin XX əsr Azərbaycan siyasi natiqliyinin, ümumiyyətlə,
Azərbaycan nitq mədəniyyətinin təşəkkül
tapmasında rolu birmənalı şəkildə
yüksək qiymətləndirilir.
Heydər Əliyev ən müxtəlif auditoriyalar qarşısında çıxış
edirdi. Bu auditoriyaları
öz parlaq çıxışları ilə
fəth etmək yalnız güclü məntiqə malik təfəkkürdən süzülüb
gələn nitqlə
mümkün olur.
Bütün bunlara
nail olmaq geniş ensiklopedik biliklərə söykənməyin nəticəsidir.
Müxtəlif peşə sahiblərinin
toplaşdığı zallar
öz peşələrinə
aid olan dəyərli sözləri eşidir, həmin peşələrə
xas olan daxili məzmunun incələnməsinin şahidi
olur, heyranlıqlarını
gizlətmirlər. Bütün bu
auditoriyalarda Heydər
Əliyevin heç yerdə yazılmayan, heç kəs tərəfindən təkrar
olmayan nitqinin şahidi oluruq. Məhz belə nitqlər daimi və yaddaqalan
olur. İzahedicilik Heydər Əliyev
nitqinə daxilən xas olan bir
məziyyətdir.
Hələ məktəbli ikən
ulu öndərin rayonumuza səfəri zamanı söylədiyi və sonralar da yüksək tribunalarda şahidi olduğum nitqləri yaddaşımdan silinməyib.
Nitqindəki səmimiyyət,
qətiyyət, nikbinlik,
məntiqi ardıcıllıq
və s. prinsipləri
onu auditoriyaya daha da yaxınlaşdırırdı.
Siyasi lider nitqi ilə
izah etməyi bacarırdı. Daima nitqində
fəlsəfi fikirlərə
üstünlük verir,
girişləri və
sonluqları mükəmməl
qururdu. Bütün bu xüsusiyyətlər
onu həmişə yaddaqalan edirdi.
Ulu öndər
bütün çıxışlarında
mənəviyyat məsələlərinə
toxunurdu. O deyirdi: “Milli dəyərlərimizi,
milli ənənələrimizi
yaxşı bilməyən,
tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər
olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni
sevmək, torpağa bağlı olmaq, budur vətənpərvərlik”.
Hər birimiz yaxşı bilirik ki, filosoflar çıxış və
nitqlərində ana xətti təşkil edən mənəviyyata müxtəlif vaxtlarda özünəməxsus təriflər
vermişlər. Mənəviyyat, Heydər Əliyevə
görə, mənəvi
tərbiyə məsələsidir.
Başqa
bir məqamda mənəviyyat böyük
natiqə görə milli-mənəvi dəyərlərimizdir.
Mənəviyyat inkişaf yoluna
malikdir. Əxlaq fəlsəfəsinin
lüğətində mühüm
yer tutan mənəviyyat anlayışına
ulu öndərin öz baxışı, öz izahı var idi ki,
bu da özünü
müxtəlif çeşidli
auditoriyalarda göstərirdi.
Heydər Əliyev natiqliyi qarşısında keçilməz auditoriya yox idi. Siyasi liderin nitqinin gücü bir çox nitq elementləri – səmimiyyət, qətiyyət, nikbinlik, poetizm ilə şərtlənir ki, onlardan biri də böyük natiqin nitqindəki fəlsəfi fikirlərdir. Müdrikliyi sevmək kimi qəbul edilən fəlsəfə tarix boyu görkəmli şəxsiyyətlərin sözləri ilə zənginləşib. Heydər Əliyev müdrikliyə elə müdrikcəsinə da tərif verir. Müdriklik təkcə insanların elmi, biliyi, təhsili ilə bağlı deyildir. Müdriklik insanın fitri istedadıdır, insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir.
Nitq mədəniyyətində belə bir məqam özünü həmişə büruzə verir. Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan adamların nitqi, adi söhbətləri təvazökarlıq baxımından sadə və xoşagəlimli olur. Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. Məsələn, “Bizim bu sahədəki nəticələrimiz olduqca faydalıdır”, “Bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışaq”. Buradan aydın olur ki, səmimiyyət, təvazökarlıq mədəni nitqin başlıca keyfiyyətlərindəndir. İnsan öz üstünlükləri ilə öyünməməlidir. “Əgər bacarırsansa hamıdan ağıllı ol, amma bu haqda heç kimə danışma”. Ağıllı adamlar “mən” şəxs əvəzliyini az hallarda işlətmişlər. Onlar öz uğurlarından tərəddüdlə danışmış, həm də bunları ümuminin adı ilə verməyə çalışmışlar. Bütün bu insani xüsusiyyətlər siyasi liderin nitqində öz real əksini tapmışdır. Nitqdə ekspressivliyi yüksəltmək baxımından etik və estetik mətnlərdən ustalıqla istifadə etmək hər bir natiqə müyəssər olmur. Ulu öndər öz çıxışlarında bunlara nail olmuşdur.
Etik dəyərlər tarixən dövlət, dövlətçilik anlayışları ilə vəhdətdə olub. Bu cür dəyərlər ulu öndərin çıxışlarında sadə cümlələrlə, publisistik üslubda xalqa çatdırılır.
Sadə, səmimi cümlələrlə insanlarda nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyev nitqlərinin əsas xüsusiyyətləridir. Azərbaycan dilinə hopmuş poetiklik Heydər Əliyev nitqlərində müxtəlif auditoriyaları bəzəyirdi. Bu bir daha onun Azərbaycan dilinin dərin qatlarına bələdliyi fikrini ortaya qoyur. Heydər Əliyev nitqində poetizm haradandır sualına cavabı 29 oktyabr 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində yaşlı nəsildən olan yazıçıların bir qrupu ilə görüşdə böyük natiqin öz dilindən eşidirik: “Mən sizinlə neçə saat istəyirsinizsə oturmağa hazıram. Çünki ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla, şeirlə bizim mədəniyyətlə görüşmək mənim üçün həmişə çox xoşdur”.
Heydər Əliyevin dünya səviyyəsində siyasi lider, dövlət xadimi kimi tanınmasında onun dövlətçilik fəaliyyəti ilə yanaşı natiqlik məharəti də ön planda olmuşdur.
Bu gün bizim gənclərin şəxsiyyət kimi, gələcəyin lideri kimi formalaşmasında nitq mədəniyyətinə yiyələnməyin böyük rolu var. Natiqliyə nail olmağın yolu isə ana dilimizi mükəmməl bilməkdən, geniş biliyə və mütaliəyə malik olmaqdan keçir. Əsas olan – natiqlik sənətinə yiyələnmə yolundakı səbat, inaddır, çünki mahir natiq olmaq uğurlu insan olmağa oxşayır. Auditoriyalar qarşısında çıxış etməyə hazırlaşan insanlar müasir dinləyicilərin informasiya qəbul etmək qabiliyyətinin yüksək olduğunu bilərək, nitqlərində bəzi nüansları diqqətdə saxlamalıdırlar. Təbliğatçının söhbəti qısa, yığcam, aydın, anlaşıqlı, elmi cəhətdən qüvvətli olmalıdır, bir sözlə, mühazirələr, söhbətlər, çıxışlar həyatın tələbindən doğmalı, onun səsinə səs verməlidir. Natiqlik sənətinə aid olan bütün bu xüsusiyyətləri isə gənclərimiz Heydər Əliyevin nitq nümunələrindən əldə edə bilərlər.
Nəzakət RƏHMANOVA
Mədəniyyət üzrə Elmi-Metodiki
və İxtisasartırma Mərkəzi Təlim-tədris
şöbəsinin müdiri
Mədəniyyət.- 2020.- 21
fevral.- S.5.