Şopen müsabiqəsindən
Qran-pri ilə
“Ölkəmə qalibiyyət
qazandırdığıma görə çox sevindim”
Gənc pianoçu Leyla Zeynalova 9-16 fevral tarixində Estoniyanın Narva şəhərində
keçirilən XIII Beynəlxalq
Şopen Müsabiqəsində
Qran-pri mükafatına
layiq görülüb.
Leyla Zeynalova
təəssüratlarını qəzetimizlə bölüşərək
bildirdi ki, müsabiqəyə öz
təşəbbüsü ilə qatılıb. İlk dəfə
bu müsabiqədə
12 yaşında iştirak
edərək 2-ci yeri qazanıb.
Budəfəki seçim turuna ötən ilin oktyabrında videoifasını
göndərən Leyla
noyabrda müsabiqəyə
dəvət alıb. Müsabiqənin birinci turunda 25, ikinci turda 30 dəqiqə solo proqramla, sonda isə orkestrlə birgə çıxış edərək
böyük uğura imza atıb.
Qazandığı uğurlara görə
ona dəstək olan insanlara təşəkkürünü bildirən pianoçu dedi: “Bakı Musiqi Akademiyasının professoru Kəmalə Neymanovanın tələbəsiyəm.
Bu illər ərzində
onunla çox layihələr həyata keçirmişik. Müəlliməm hər zaman məni dəstəkləyir,
yanımda olmağa çalışır. Hətta müsabiqəyə
birlikdə getməsək
də, hər turdan əvvəl telefonla əlaqə yaradıb məsləhətlərini
verir, mənə dəstək olurdu. Düzdür,
müsabiqəyə qatılan
hər kəsin içində qalib olmaq inamı olur. Bu uğur
mənim üçün
inanılmazdır. Yaşadığım hissləri ifadə etmək çətindir.
Sadəcə, vurğulamaq istəyirəm
ki, çox istedadlı rəqiblərim
var idi və
onlara qalib gələrək ölkəmə
qalibiyyət qazandırdığıma
görə çox sevindim”.
Müsabiqədə Leylanın çıxışını onlayn izləyən Əməkdar incəsənət
xadimi, professor Zümrüd Dadaşzadə
bildirir ki, bu, çox təntənəli bir hadisə idi: “Leyla Şopenin 2-ci piano konsertinin 2-ci və
3-cü hissələrini orkestrlə
ifa etdi. Bəllidir ki, Şopenin 2-ci konserti dünya fortepiano ədəbiyyatının ən
görkəmli əsərlərindən
biridir. Odur ki, hamının
bu əsər haqda artıq müəyyən musiqi təsəvvürü var. Leyla
çalğısı ilə
ilk notlardan məni musiqi axınına qərq etdi. Yəni mən Şopenin yaratdığı o gözəlliyi
Leylanın təqdimatında
bir daha anlayır və əsl estetik zövq alırdım”.
Z.Dadaşova deyir ki, Leyla
düşünən, araşdırmaya
meyil göstərən
pianoçudur. Digər tərəfdən o, gözəl,
zərif bir səs toxuması da yarada bilir:
“Bəlkə də bu ondan irəli
gəlir ki, Leyla məktəbli ikən violin alətində
də çalıb. Bu iki cəhətin
birləşməsi – məncə,
Leylaya bu dəfə də müvəffəqiyyət gətirdi.
Bir də onda vüqar
hissi güclüdür.
Güclü xarakter, möhkəm
iradə sahibidir.
Leyla ilə bağlı böyük arzularımız
var. İstərdim ki,
gələcəkdə o, Varşavada
keçirilən məşhur
Şopen müsabiqəsində
də Azərbaycanı
təmsil etsin”.
Qeyd edək
ki, Leyla Zeynalova 2001-ci ildə Bakıda anadan olub. Prezident İlham
Əliyevin 8 oktyabr
2014-cü il tarixli sərəncamı ilə adı gənc istedadların “Qızıl kitab”ına yazılaraq Prezident təqaüdünə layiq
görülüb.
Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda təhsil alan Leyla Almaniya, İngiltərə, Belçika və Latviyada bir sıra müsabiqələrdə iştirak edib, laureat olub, əksəriyyətində Qran-pri mükafatına və birinci yerə layiq görülüb. O, dəfələrlə Yuri Başmetin rəhbərlik etdiyi MDB və Baltik ölkələrinin “Uşaq Musiqi Akademiyası”nın ustad dərslərində iştirak edib. 2015-ci ildə gənc pianoçu Vladimir Spivakovun təşkil etdiyi “Moskva dostları qarşılayır” festivalına qatılıb. Leyla həmçinin “Bakı 2015” Avropa Oyunlarının ən gənc məşəlçisi olub.
L.Zeynalovanın uğurlu fəaliyyəti 2018-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən qiymətləndirilib və o, “Gənclər mükafatı”na layiq görülüb.
Onu da bildirək ki, Leylanın qardaşı, beynəlxalq müsabiqələr laureatı Rüstəm Zeynalov da vaxtilə Narvada keçirilən Şopen müsabiqəsinin baş mükafatını alıb. Rüstəm hazırda Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsilini davam etdirir.
Leyla 8 ildən sonra bu nəticəni yeniləyib və Zeynalovlar ailəsi bir müsabiqənin ikinci Qran-prisinin sevincini yaşayıb.
2020-ci ildə musiqi sahəsində ölkəmizə ilk Qran-pri mükafatını gətirən gənc pianoçuya sənət yolunda yeni uğurlar arzulayırıq.
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 21
fevral.- S.1;4.