Dağlıq Qarabağda
ermənilərin heç bir
tarixi nişanəsi yoxdur
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı panel müzakirələrdə
söylədiyi: “ermənilər ... işğal
altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda
Ermənistanın heç bir
tarixi irsi yoxdur” fikirləri tarixi həqiqəti
əks etdirir.
Almaniyadakı müzakirələrdə bu dəfə də erməni hiyləsi keçmədi və Prezident İlham Əliyev qalib görkəmdə dialoqa başlamaq istəyən N. Paşinyanı məğlub kimi yola saldı. Hamı gördü ki, Azərbaycan Prezidenti İlham Əliyev baş nazir Nikol Paşinyana tarix dərsi verdi və acı həqiqətləri xatırlatdı. Ermənistanın baş naziri ölkəmizə qarşı üsyan qaldırmış separatçı rejimin müstəqil qurum kimi tanınması haqqında saxta informasiya verməklə, beynəlxalq aləmdə yanlış fikir formalaşdırmağa çalışırdı. Torpaqlarımızı hamilərinin dəstəyi ilə işğal edən erməni dövlətinin baş naziri beynəlxalq hüququn pozulmuş norma və prinsiplərini növbəti yalanları ilə bir daha pozurdu. Ermənistan hökuməti Dağlıq Qarabağın bayrağımız altına gəlmək istəməyən, üsyan qaldırmış rejimini tərəf - müqabili kimi qələmə verməyə çalışır. Bu dialoq çərçivəsində Prezident İlham Əliyev erməni yalanları ilə aldadılmış dünya ictimaiyyətinə tarixi reallıqları əks etdirən faktlarla cavab verdi. Ermənilərin Cənubi Qafqaz ərazilərinə köçürülməsi Rusiya imperiyasının Qacar dövləti (1813 və 1828-ci illər) ilə Osmanlı imperiyası (1829-cu il) üzərindəki qələbələrdən sonra həyata keçirilmişdir. Bu tarix çox da uzaq deyil və ermənilərin torpaqlarımızda məskunlaşdırılması siyasəti XIX yüzilliyə aid tarixi sənəd və mənbələr öz əksini tapmışdır.
XVII-XVIII əsrlərdə Qarabağ
bəylərbəyliyinin və xanlığının xristian əhalisi
Son 200 ilə yaxın müddətdə çar və sovet hökumətinin apardığı siyasət nəticəsində insanların şüuruna yeridilmiş Cənubi Qafqazda “ermənilərin qədimliyi” fikri əsassızdır. Ancaq ardıcıl təbliğat öz işini görmüşdür və hər hansı mənbələri oxuyarkən orada xristian əhalidən bəhs olunursa, həmin an beyinlərdə “xristian” məfhumu “erməni” ilə əvəzlənir. Belə “əvəzlənmə”lərin avtomatlaşdırılması üçün edilən tərcümələr də mühüm rol oynamışdır. Misal üçün, hər hansı bir mənbədə Azərbaycandakı xristian əhalidən bəhs edilirdisə, tərcümədə “xristian” sözünün əvəzinə “erməni” yazılırdı. Çar Rusiyası və Sovet hökuməti zamanında aparılan belə təbliğat nəticəsində az qala qafqazdilli udin əhalisi “erməni” kimi qələmə verilirdi.
Qızıl Orda dövlətinin torpaqlarını işğal edərək Qafqaza yaxınlaşan Rusiya dövlətinin XVII-XVIII yüzilliklərdə Azərbaycanın müxtəlif bölgələrindəki xristian türk, udin əhalisi ilə əlaqələri, çox təəssüf ki, XIX yüzillikdən sonra erməni əhalisi ilə əlaqələr kimi qiymətləndirilmişdir. Qeyd: Bu bölgədə bir-iki erməni-hay kəndi olmuşsa da, onlar “Qarabağnamələr”də qeyd edildiyi kimi müxtəlif zamanlarda köçmüş məlikliklərlə gəlmişdilər və bölgə əhalisi içərisində heç bir nüfuza malik olmamışdılar. Ermənilər və onların havadarları son 200 ildə apardıqları təbliğat nəticəsində məliklikləri “erməni” kimi qələmə verməyə çalışmış və bizim əksər araşdırma və dərsliklərimizdə də bu fikirlər öz əksini tapmışdır. Ancaq ölkəmiz dövlət müstəqilliyi əldə edəndən sonra yeni araşdırmalar və yanaşmalar tarixi gerçəkliyi üzə çıxarmağa başlamışdır.
Qarabağın mahallarından olan “Xəmsə” adlanan məlikliklərin əhalisinin etnik mənsubiyyətini araşdırdıqda onların erməni haylarla heç bir əlaqəsi olmadığını görürük. XVIII yüzilliyin ortalarında Qarabağda, Pənahəli xanı qəbul etməyən Gəncə və Şəki xanlarına arxalanan xristian alban türkləri, sonda – Şahverdi xanın zamanında Pənahəli xandan qaçaraq Gəncə ətarafında məskunlaşmışdılar. Həmin tarixdə artıq Gəncə ətrafında bir neçə erməni kəndi formalaşmışdı ki, bura köçən xristian türklər onları özlərinin din qardaşı sayırdılar. Qeyd edək ki, Qarabağ bəylərbəyliyinə (sonra Qarabağ və Gəncə xanlıqları) aid xristian əhalinin əksəriyyəti dil və etnik mənsubiyyətcə Azərbaycan-alban türklərinə aid olmuş, ancaq Rusiya işğalına qədər xristian dinini saxlamışdılar. Rusiya işğalından sonra erməni kimi qeydə alınmaq istəməyən xristian türklər dağılaraq, dağ və dağətəyi bölgələrdə dilləri ilə fərqlənməyən müsəlman əhali ilə qaynayıb-qarışmışdırlar.
Xristian türklərin özlərini erməni saymadıqları haqqında məlumat erməni keşişi Simeon Yerevantsinin (Simon İrəvanlı) “Djambr” (1958-ci il nəşri) əsərinin girişindəki qeydlərdən görə bilərik. Eçmiədzin (Üçkilsə. yaxud Üçmüəzzin) katolikosu Simeon yazır ki, “İsrail (Gəncə xristianlarının patriarxı nəzərdə tutulur) Gürcü çarı II İrakliyə yazdığı məktubunda albanlarla ermənilər arasındakı etnik fərqi qeyd edərək çalışır ki, Qarabağ və Gəncə ermənilərini alban kimi təqdim etsin”. Yəni, Qarabağ və Gəncə ətrafında olan xristian türklərin başçıları olan keşişlərin gürcü xanı (çar) II İrakliyə yazdığı məktubda qeyd edirdilər ki, biz xristianıq, ancaq erməni deyil, albanıq (ağvan). Yuxarıdakı məlumatı verməklə qeyd etmək istəyirəm ki, XIX yüzillikdə köçürülən ermənilərin (haylar) bu bölgənin xristian əhalisi ilə heç bir etnik bağlılığı yox idi – nə xristian türklərlə, nə də qafqazdilli udinlərlə.
XVIII yüzillikdən başlayaraq Rusiya imperiyasının apardığı xristian əhalinin erməniləşdirilməsi siyasəti türk xristian əhalisi tərəfindən qəbul edilmədi, ancaq onların yurdlarına köçürülən haylar ustalıqla tərk edilmiş vənglərə (kilsə) sahib çıxdılar və burada öz qədimliklərini sübut etməyə çalışdılar. Bəzən bizlər tərəfindən də yanlış olaraq Qarabağ ermənilərinin alban olması qeyd edilir və bu yanlış fikir bölgəyə köçürülmüş ermənilərdə “aborigen”lik, “avtoxton”luq fikri formalaşdırır. Halbuki, bu bölgədə olan xristian əhali əsasən türk xristianları idi və onların da əksəriyyəti Rusiya işğalından sonra “erməni” kimi yazılmaq istəmədilər və müsəlmanlığı qəbul etdilər. Dini ayrı qardaşlar eyni dinli oldular, ancaq erməni-haylara heç bir aidiyyəti olmayan qədim kilsələrini “itirdilər”. Ona görə “itirdilər”, yaxud “itirdik” yazıram ki, XX yüzillikdə xəstə təxəyüllü erməni ideoloqlarının təsiri ilə Qarabağ bölgəsindəki qədim vənglərin yaxud kilsələrin üzərindəki ermənilərin oğurladıqları əlifba ilə alban türkcəsində yazılmış yazılar müxtəlif bəhanələrlə silindi, dağıdıldı.
Rusiya imperiyasının işğalı ilə bağlı Qafqazda baş verən hadisələrə mənbələrin işığında baxsaq, görərik ki, başımıza gələn bütün bəlalar mərkəzləşmiş güclü dövlətimiz olan Səfəvi-Qızılbaş dövlətinin dağılmasından sonra gəldi. XVIII yüzilliyin ortalarında Azərbaycan xalqı mərkəzləşmiş dövlətindən məhrum olduqdan sonra yaranmış xırda feodal dövlətlər–xanlıqlar öz aralarında hakimiyyət uğrunda mübarizə apararaq, xarici dövlətlərin işğalçılıq planlarına şərait yaratdılar.
XIX əsrin başlanğıcında I Alеksandr hakimiyyət başına gəldikdən sоnra Rusiyanın Cənubi Qafqaz siyasətində köklü dəyişiklik yarandı. Rusiya impеriyası Azərbaycan xanlıqlarına qarşı açıq işğal siyasəti yürütməyə başladı. 1803-cü ildə P. D. Sisiyanоvun Qafqazın baş kоmandanı təyin еdilməsi ilə Qafqaz xalqlarına qarşı ən qaba hərbi-işğalçı siyasəti yеridilməyə başlandı. Çar-Balakən camaatlığının və Gəncə xanlığının əhalisi qan içində boğuldu. Müharibənin başlanmasından az sоnra Rusiya Azərbaycan xanlıqlarına, о cümlədən Qarabağ xanlığına təzyiqi gücləndirdi, İbrahimxəlil xan 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsini imzalayaraq Rusiya himayəsini qəbul еtməyə məcbur оldu. Traktatın bağlanması ilə Qarabağ xanlığının bütövlüyünün saxlanmasına “İmpеratоr zəmanəti” vеrilirdi.
Bеləliklə, Qarabağ xanlığı öz müstəqilliyindən məhrum оldu, rus qоşunları Şuşada yеrləşdirildi. Qarabağ əhalisini “qоrumağa” gələn rus qоşunu 1806-cı ildə mayоr Lisanеviçin başçılığı altında İbrahimxəlil xanı bir nеçə nəfər əhl-əyalı və yaxın adamı ilə (17 nəfər) qətlə yеtirdi. I Alеksandrın 13 sеntyabr 1806-cı il tarixli fərmanı ilə Mеhdiqulu ağa (1806-1822) Qarabağ xanı təyin еdildi. Rusiya ilə Qacar dövləti (İran) arasında birinci (1804-1813-cü illər) müharibənin bütün döyüşlərinin Azərbaycan ərazisində gеtməsi xanlıqların əhalisinin say dinamikası və digər dеmоqrafik prоsеslərdə dərin iz buraxmışdı. 1813-cü il оktyabrın 12-də Qarabağda bağlanmış Gülüstan müqaviləsi ilə Azərbaycan tоrpaqlarının bölüşdürülməsi işi başlandı. Qaynaqların verdiyi məlumatlardan da göründüyü kimi, Qarabağda bağlanmış müqavilələrin heç birində “erməni” elementindən bəhs olunmur, “görünməz” olan ermənilər köçürmədən sonra birdən-birə “məşhuri-cahan” və “aborigen” olurlar.
Ermənilər haqqında yazılanlardan
Ermənilərin mənşəyindən bəhs еdən еrməni tarixçisi N. Adоns göstərirdi ki, е.ə.VII yüzillikdə kimmеr tayfalarının axınları nəticəsində Kiçik Asiyada öz yеrlərindən sıxışdırılan Frikiya еrməniləri Fərat çayını kеçərək yеrli aramеy əhalisi ilə qarışdılar. Gəlmə frikiyalıların aramеy mənşəli abоrigеnlərlə qarışmasından еrməni xalqının özəyi fоrmalaşdı. Еrmənilərin ikili adı – hayk və armеnius оnların özəyinin ikili tərkibi haqqında ən yaxşı sübutdur (Адонц Н. Армения в эпоху Юстиниана. Ереван: EГУ, 1971, с.398). N. Adоns Əhəməni impеratоrluğu dövründə sоnralar Еrmənistan adlanan ərazidə müxtəlif xalqların məskunlaşdığını göstərərək qеyd еdir ki, еrmənilər qərbdə kilikiyalılarla, şərqdə matiеnlərlə qоnşu оlub, kilikiyalılardan Fərat, matiеnlərdən Dəclə çayının bir qоlu ilə ayrılırdılar [Адонц Н. Армения в эпоху Юстиниана. Ереван: EГУ, 1971, c.393]. Göründüyü kimi, еrməni tarixçisi е.ə. IV yüzilliyədək indi Еrmənistan adlanan ərazidə еrmənilərin yaşamadığını qеyd еtmişdir.
Başqa bir еrməni müəllifi B. İşxanyan yazırdı: “Еrmənilərin həqiqi vətəni… Kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır...” (Ишханян Б. Народности Кавказа. Состав населения, проф. группировка и общ. расслоение кавказск. народностей. Пг., 1916, с.19). Еrmənilərin Qafqazın abоrigеn əhalisi оlmadığını, оnların Еrmənistana, Zaqafqaziyaya, Rusiya ərazisinə gəlmə xalq оlduğunu bir çоx tədqiqatçılar əsaslı şəkildə sübuta yеtirmişlər .
Ermənilər bizə qarşı I Pyotr dönəminin kilsə məktublarını istifadə etməyə cəhd göstərir və burada ermənilərin yaşadıqlarını sübut etməyə çalışırlar. XVII yüzilliyin sonu-XVIII yüzilliyin əvvəllərində İvan Karapet, İsrail Ori kimilərinin xristian əhali içərisində apardıqları təbliğat, qarışıq zamanlarda müsəlman-xristian qarşıdurması yaratmaq cəhdləri Avropa missionerlərinə və Rusiya dövlətinə agentlik etmələri ilə bağlı idi. I Pyotra və onun adamlarına orilər və karapetlər tərəfindən yazdırılan məktublar isə, kilsələrə Eçmiədzin katolikosu tərəfindən təyin edilmiş, mxitaristlərin müsəlmanlar və türklər əleyhinə yazdıqları kitablarla beyinləri zəhərlənmiş, kilsələrdə keşiş kimi xidmət edən ermənilər tərəfindən yazılmışdı. O məktubları imzalayan bəylər, kəndxudalar isə “din qardaşları” olan böyük Rusiyanın onlara xoşbəxtlik gətirəcəyinə inanırdılar. Ancaq XIX yüzilliyin əvvəllərindəki işğaldan sonra yanıldıqlarını anladılar və yuxarıda qeyd etdiyim kimi, xristian türklərin əksəriyyəti müxtəlif bölgələrə dağılaraq İslam dinini qəbul etdilər.
Rusiya imperiyası tərəfindən bu bölgəyə köçürülən haylar, siryani-aysorlar isə erməni kimi qeyd edildilər və tədricən bölgənin qədim xristian abidələrinə sahiblənməyə başladılar. Ancaq yenə də alban türklərinə məxsus güllü xaçlar erməni xaçından formasına görə fərqlənirdi. 1988-1992-ci illərə qədər qaçqın-köçkün düşən türk-müsəlman əhali xristian alban türklərinə məxsus ibadət evlərinə “vəng”, erməni haylara aid ibadətxanalara isə “kilsə” deyərək fərqliliyi yaddaşlarda saxlayırdı. Münxen görüşündə dövlət başçımızın da qeyd etdiyi kimi, Qarabağda ermənilərin heç bir tarixi, mədəni irsi yoxdur, onlar ancaq xristian türklərə məxsus abidələri erməniləşdirməyə çalışırlar.
1923-cü ildə sovetlərin mənfur “milli” siyasəti nəticəsində və birbaşa İosif Stalinin dəstəyi ilə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti süni şəkildə yaradılmış inzibati ərazi vahidi idi. Qarabağ aranlı-dağlı bir vəhdət təşkil edir. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllindən danışan zaman, istər bizim, istərsə də vasitəçi dövlətlərin nümayəndələri təkcə DQMV əhalisinin deyil, eyni zamanda, Qarabağın dağlıq hissəsinin–Kəlbəcər, Laçın, Qubadlı rayonlarının əhalisinin də rəyini nəzərə almalıdırlar. Kəlbəcər, Laçın, Qubadlı rayonlarının və Ağdamın, Füzulinin DQMV ilə həmsərhəd kəndlərinin əhalisinə də Qarabağın “azərbaycanlı icması” statusu verilməli və DQ problemi ilə bağlı görüşlərdə onlar da bu statusla çıxış etməlidirlər. Belə olarsa, Qarabağa erməni iddialarının real mənzərəsi aydınlaşar.
Son otuz ildə ermənilər bir az da irəli gedərək İslam mədəniyyətinə aid abidələrimizi də məhv etməyə, yaxud özgələşdirməyə başlamışlar. Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Dağlıq Qarabağda heç bir tarixi irsi olmayan ermənilər işğal altındakı torpaqlarımızda mədəni irsimizi məhv etməyə girişiblər.
Azərbaycan xalqının iradəsinə arxalanan dövlət başçısı işğalçı Ermənistanı nəzərdə tutaraq söylədiyi: “Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!” -- fikirlərində olan inam bir xalqın arzusunu əks etdirir. İnanırıq ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edəcək və separatçıları bayrağımız altına gətirəcəyik.
Qorxmaz MUSTAFAYEV,
Azərbaycan Dillər
Universitetinin Qafqazşünaslıq və
Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.-2020.-22 fevral.-S.8.