Pompeonun postsovet turnesi: qlobal və regional geosiyasi trendlərin kəsişməsində
Amerika Birləşmiş
Ştatları dünyanın
qüdrətli və böyük geosiyasi güc mərkəzlərindən
biri kimi xarici siyasətdə fəallığını yeni
səviyyəyə yüksəldir. Getdikcə
daha aydın hiss olunur ki, Prezident
Donald Trampın bir sıra addımları, əslində, dərin siyasətin özünəməxsus
təzahürləridir. Bu baxımdan ekspertlər dövlət katibi Mayk Pompeonun dörd postsovet məkanı ölkəsinə
bir səfər çərçivəsində baş çəkməsini
qlobal və regional geosiyasi dinamikanın qarşılıqlı əlaqəsi
müstəvisində qiymətləndirməyə
üstünlük verirlər.
Doğrudan da, həmin
prizmadan aparılan təhlillər göstərir
ki, burada çoxlu sayda faktorların qarşılıqlı
təsiri mövcuddur.
Onların sırasında M.Pompeonun
postsovet məkanı ölkələrinə səfərinə
Londonda müzakirələr
apardıqdan sonra başlamasına diqqət
yetirir, bunu rəmzi olaraq ABŞ-ın Avrasiya məkanında əsas müttəfiqini müəyyən
etməsi kimi dəyərləndirirlər. Bundan başqa, həmin səfər bütövlükdə
qlobal geosiyasətdə
özünü göstərən
başlıca trendlərlə
əlaqələndirilir. Burada daha çox məsələyə ABŞ-Çin-Rusiya
münasibətlərinin dinamikası
aspektində baxırlar.
Amerikanın özünün iki geosiyasi rəqibinə
qarşı daha təsirli mövqe tutmağa başladığı
vurğulanır.
Üç gücün toqquşması:
qlobal miqyasdakı təzahürlər
ABŞ-ın dövlət
katibi Mayk Pompeonun bir həftə
ərzində postsovet
məkanının dörd
ölkəsinə səfər
etməsini beynəlxalq
siyasətdə adi hadisə saymırlar. Məsələ dövlət katibi M.Pompeonun kimliyində və ya Amerikanın
böyüklüyündə deyil. Ekspertlər üçün bu addımın arxasında dayanan qlobal geosiyasi və regional geosiyasi-hərbi-iqtisadi
məqamlar aktuallıq
kəsb edir. Həmin prizmadan baxdıqda isə M.Pompeonun səfərini iki səviyyədə – qlobal
geosiyasi və konkret dörd ölkə ilə əməkdaşlıq perspektivləri
çərçivəsində analiz etməyin faydalı olacağını
düşünürük. Əslində, həmin səfərə
həsr edilmiş təhlillərdə də
bu iki xətt
aydın və ya gizli ifadə
olunur.
Öncə məsələyə qlobal
geosiyasi trendlər prizmasından nəzər
salaq. Ekspertlər əmindirlər ki,
hazırda dünya nizamı böhran vəziyyətindədir. Onun üçün
risklər xeyli artıb. Geosiyasi turbulentlik getdikcə
daha geniş miqyas alır, dərin və həssas məqamları qabardır. Bunun fonunda bütövlükdə
dünyada qeyri-müəyyənlik
artır.
Maraqlı məqamlardan biri odur ki, bu
cür gedişat böyük geosiyasi güclərin daha da fəallaşması ilə müşayiət olunur. İndi qlobal geosiyasi
meydanda bir neçə fəal oyunçu vardır.
Onların sırasında, əlbəttə,
ABŞ, Çin və
Rusiya xüsusi yer tutur. Analitiklər
məhz bu üç qüvvənin
mübarizəsi dinamikasında
müasir qlobal geosiyasi mənzərənin
dəyişməsini vurğulayırlar.
M.Pompeonun səfərinə də qlobal geosiyasi müstəvidə
məhz bu kontekstdə yanaşılır
(bunun əsaslı olub-olmaması başqa mövzudur).
Qlobal miqyaslı
digər faktor hadisələrin sürətlə
cərəyan etməsi
ilə bağlıdır. Hətta böyük
güclər üçün
sürətlə dəyişən
mühitdə sabit siyasət yeritmək asan deyil. Məsələn, M.Pompeonun postsovet
məkanı ölkələrinə
səfəri yanvarın
əvvəlinə nəzərdə
tutulmuşdu. Lakin İraqda
vəziyyətin kəskinləşməsi
səfəri təxirə
salmağa məcbur edib. Ekspertlərə görə, bu,
səfərin məzmununa
da müəyyən dərəcədə təsir
göstərib. Nəhayət, M.Pompeonun həmin səfərinə ABŞ-Çin-Rusiya
geosiyasi mübarizəsinin
indiki durumu çərçivəsində yanaşmaq lazım gəlir. Çünki son zamanlar bu
böyük dövlətlər
arasında qlobal geosiyasi dinamikanı dəyişə biləcək
mübarizə gedir.
Məlumdur ki, Amerika Çini özü üçün ən böyük təhlükə
kimi qəbul edir. Çin rəhbərliyi də
son dövrlərdə Amerikanı
özünə ən
böyük təhlükə
saydığını bəyan
edib. Bu o deməkdir ki, onlar arasında mübarizə tam olaraq qarşılıqlı radikal
müstəviyə transfer olur
ki, burada bir-birini təhlükə
elementi hesab etmək onlar üçün xarakterik olur. Digər məqamlarla yanaşı,
bunun mənalarından
biri də dünyanın hər yerində ABŞ və Çinin bütün vasitələrlə savaşa
biləcəkləridir.
Şübhə yoxdur ki, Mərkəzi
Asiya bu sırada sonuncu deyil. Əksinə, Pekinin həmin
regiona güclü maliyyə-iqtisadi nüfuzu
Vaşinqton üçün
üzərində düşünüləsi
faktdır. M.Pompeonun Qazaxıstan
və Özbəkistanda
danışdıqları bunu
bir daha təsdiq edir. Orada amerikalı diplomat Çində
etnik qazaxlara qarşı ayrı-seçkiliyin
olduğunu və bu məsələdə Qazaxıstanın yanında
olduqlarını açıq
deyib. Ancaq Qazaxıstan hökuməti
bəyanat verərək,
Çində qazaxların
təzyiqə məruz
qalmadıqlarını ifadə
edib. Ayrıca, onlar üçün
filtrasiya düşərgələrinin
də yaradılmadığını
vurğulayıb.
Özbəkistanla aparılan müzakirələrdə
də buna bənzər notlar özünü göstərib. Yəni, M.Pompeo
faktiki olaraq nümayiş etdirib ki, regiona səfərinə
Çin faktoru ilə bağlı baxır. Ekspertlər bu aspektdə
dunqanlarla bağlı
baş verən və Qazaxıstanla yanaşı Qırğızıstanı
da əhatə edən hadisələrə
müəyyən qiymət
verirlər. Onu Mərkəzi
Asiyada geosiyasi vəziyyətin gərginləşdirilməsi
prizmasından qiymətləndirirlər
ki, son məqsədin də Çinin ətrafında münaqişə
ocaqları yaratmaqdan ibarət olduğu nəticəsi çıxarılır.
Risklər məkanında tanqo:
Şərqi Avropadan Əfqanıstana qədər...
Bu kontekstdə Əfqanıstan faktoru da ayrıca önəm kəsb etməkdədir. Qlobal geosiyasət üçün Əfqanıstan Asiya məkanı miqyasında həlledici sayılan amillər sırasındadır. Əfqanıstan narkoticarət, terror və dini radikalizm ixrac edə bilən mühit kimi qəbul edilir. Bu üç dağıdıcı faktorun ilk olaraq Çin və Rusiyaya yönəldiyi də etiraf edilən məqamlardandır. Lakin bu çərçivədə Mərkəzi Asiya dövlətləri də həmin risklərin təsir dairəsinə düşür. Onların artıq bundan əziyyət çəkdiyi sirr deyil. Qırğızıstan, Özbəkistan və Tacikistan bir neçə dəfə hər üç dağıdıcı faktorun fəallaşdığı məkan olub. Silahlı toqquşmalar baş verib. Əsgərlər həlak olublar. Bir neçə dəfə mülki vətəndaşlar arasında toqquşmalar yaradılmağa cəhdlər olub.
Bunların fonunda Rusiya xüsusi xidmət orqanlarının Əfqanıstandan terrorun qonşu ərazilərə yayılma ehtimalının yüksəldiyi barədə xəbərdarlıq etməsi təsadüfi deyil. Bunun üçün Yaxın Şərqdən terrorçuların Əfqanıstana daşındığı haqqında da informasiyalar yayılır. Bu məqamda Rusiya faktorunun geosiyasi məzmunu da M.Pompeonun səfəri fonunda düşündürücü görünür. Təbii ki, M.Pompeo açıq şəkildə terrora və ya radikallığa çağırış etməyib və etməz. Lakin qlobal geosiyasi mübarizənin təcrübəsi göstərir ki, bir sıra hallarda deyilməyənlər deyilənlərdən daha tez praktikada tətbiq edilir.
Bu bağlılıqda M.Pompeonun Mərkəzi Asiya ölkələrindən bəzilərində təhlükəsizliyin təmini məsələsinin həssaslığı üzərində dayanması təsadüfi görünmür. Burada qlobal miqyasda geosiyasi savaşın regional səviyyədə kəsb etdiyi konkret məzmun önə çıxmış olur. Lakin Mərkəzi Asiya başlanğıc deyil, əksinə, bu, siyasətdə son dayanacaqdır. Başlanğıc isə London-Kiyev-Minsk xəttində axtarılır.
Bəli, ekspertlər hesab edirlər ki, qlobal geosiyasi konfiqurasiyada M.Pompeonun postsovet məkanına səfərini Londondan başlaması adi hadisə deyil. Niyə Paris və ya Berlin, Brüssel deyil, məhz London? Belə görünür ki, bütövlükdə Avrasiya məkanında Vaşinqton Böyük Britaniya ilə birgə siyasət yeritməyə hazırlaşır. Bu isə qlobal geosiyasətdə həm transatlantik məkanın statusunu, həm də Avropa İttifaqının Amerika üçün geosiyasi qiymətinin aşağı düşməsini ifadə etməkdədir. Vaşinqton konkret olaraq Londonla işləyəcək. Bunu "Breksit"in ilk qlobal geosiyasi nəticəsi saya bilərik.
Beləliklə, M.Pompeo Kiyev və Minskə Londondan gəlib. Ukrayna və Belarusla aparılan danışıqlarda bütün hallarda Rusiya faktoru mərkəzdə dayanıb. Belarusa qaz vədinin verilməsi, Ukraynaya böyük miqdarda yardıma söz verilməsi və onun da təqribən yarısının hərbi sahə üçün nəzərdə tutulması, ölkənin ərazi bütövlüyünün dəstəklənməsi bununla bağlıdır. Bunları Moskvada anlayır və həmin səbəbdən də Belarusun ABŞ-la əlaqələri inkişaf etdirmək xəttinə qıcıqlanıblar. Bir sıra rusiyalı ekspertlər hətta Aleksandr Lukaşenkonu xəyanətdə suçlayıb. Belarusla Amerika arasında diplomatik münasibətlərin bərpasına həssas yanaşılıb. Ancaq bütün hallarda ABŞ-ın Belarusu Rusiyadan ayıra bilməyəcəyi proqnozlaşdırılır. Bunların fonunda Minsklə Moskvanın qaz məsələsində anlaşa bilməməsini ekspertlər müsbət qiymətləndirmirlər.
Göründüyü kimi, M.Pompeonun dörd postsovet məkanı ölkəsinə səfəri birbaşa qlobal geosiyasi proseslərlə əlaqəlidir. Bu səfərə qlobal prizmadan nəzər salınmasa, konkret nəticələrini anlamaq çətin olar. Həmin dörd dövlətin Rusiya ilə münasibətləri mənzərəsinə ayrıca baxdıqda, bu məqam daha aydın özünü göstərir. Belə ki, Ukrayna Rusiya ilə birbaşa və açıq münaqişədədir. Belarus və Qazaxıstan Rusiyanın KTMT və Aİİ-də müttəfiqidirlər. Əlavə olaraq Belarusla ittifaq dövlətindədir. Qazaxıstan və Özbəkistan ŞƏT-də Çin və Rusiya ilə tərəfdaş ölkələrdir. "Yeni İpək Yolu" layihəsinin iştirakçılarıdırlar. Özbəkistan Rusiya və Çinlə əlaqələri genişləndirməkdədir.
Bu cür
fərqli və oxşar cəhətlərə
malik mürəkkəb münasibətlər
sistemində Amerikanın həmin dörd
ölkə ilə əlaqələri necə
sinxronlaşdırması çətindir. Onlarla
əməkdaşlıq hansı aspektlərdə Amerikaya real nəticələr
verə bilər? Və bu baş
versə, ABŞ-Çin-Rusiya geosiyasi üçbucağında hansı tendensiyalar özünü
göstərə bilər? Bu kimi suallara mövzuya
aid növbəti yazıda cavab
verməyə çalışacağıq.
Xalq qəzeti.-2020.-22 fevral.-S.7.