İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Roma, 20 fevral 2020-ci il

2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq.

Sercio MATTARELLA,

İtaliya Respublikasının Prezidenti

Roma, 20 fevral 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 19-da İtaliya Respublikasına başlanan dövlət səfərinin nəticələri müasir tariximizin ən parlaq səhifələrindən biri kimi həm xalqımızın, həm də beynəlxalq aləmdəki tərəfdaşlarımızın böyük marağına səbəb olmuşdur. Çünki dövlət başçımızın da dediyi kimi, səfər çərçivəsində çoxsaylı ikitərəfli sənədlər imzalanmışdır. Onların hamısı önəmli olsa da, Prezident xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmişdir.

Çünki həmin sənəddə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl, həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir.

Dövlət başçımız dönə-dönə xatırladır ki, Bakının Roma ilə iqtisadi əməkdaşlığının gələcək inkişafı çox müsbət olacaqdır: “Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”.

Azərbaycanın BMT, Avropa İttifaqı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarda tərəfdaşı olan, ikitərəfli əməkdaşlıqda isə böyük uğurlara imza atdığımız İtaliya Respublikası ölkəmizin yeganə problemi olan Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün aparılan müzakirələrdə daim Azərbaycanın mövqeyini dəstəkləyir. Ona görə də Prezident İlham Əliyev fevralın 20-də cənab Sercio Mattarella ilə birlikdə mətbuata bəyanatla çıxış edərkən də həmin məsələni xüsusilə qabartdı: “O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Yeri gəlmişkən, cənab Sercio Mattarella da Dağlıq Qarabağ münaqişəsinin gündəlikdə saxlanıldığını dilə gətirdi və əlavə etdi ki, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq: “Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq”. Xatırladaq ki, İtaliya Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrə də hər zaman dəstək olmağa çalışır. Roma rəsmiləri bəyan edirlər ki, İtaliya rəhbərliyi Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də fəallığını artırır.

Ümumiyyətlə, Azərbaycan–­İtaliya əməkdaşlığı ölkəmizin öz dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bu günədək daim artan templə inkişaf edir. Rəsmi sənədlərdə qeyd edilir ki, İtaliya 1992-ci il yanvarın 1-də Azərbaycanın dövlət müstəqilliyini tanımış, 8 may 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilmişdir.

Sonrakı illərdə bu əməkdaşlıq qarşılıqlı səfərlər nəticəsində daha da genişləndirilmiş və indiki yüksək səviyyəyə nail olunmuşdur. Təkcə ötən – 2019-cu ilin əməkdaşlıq istiqamətlərinə nəzər salsaq, bu ölkələr arasındakı əlaqələrin miqyası barədə təsəvvür yaranar.

2019-cu il fevralın 20-də İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Andrea Çioffi Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etmişdir. İki həftə sonra – martın 4-də isə ATƏT Parlament Assambleyası yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldi Azərbaycanda səfərdə olmuş, Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, Milli Məclisdə İtaliya ilə Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmilərlə görüşlər keçirmişdir.

Ötən il iyun ayının son günlərində Bakıda keçirilmiş UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək məqsədilə İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaio, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Quqlielmo Pikki, Mədəniyyət İrsi və Fəaliyyəti Nazirliyinin dövlət katibi Luçia Boqronzoni və İtaliyanın Veneto regionunun prezidenti Luka Zayadan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş və səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişlər.

Bu faktları yada salmaqda məqsədimiz odur ki, Romadan Bakıya gələn istənilən dövlət və hökumət rəsmisi Prezident İlham Əliyev tərəfindən qəbul edilir və əməkdaşlığın gələcək prerspektivləri barədə müzakirələr aparılır. Eləcə də, Azərbaycandan İtaliyaya səfər edən dövlət və hökumət rəsmiləri dost ölkədə daim böyük hörmət və ehtiramla qəbul edilirlər.

Xatırladaq ki, 2018-ci il iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə təşkil edilən rəsmi qəbulda ölkələrarası münasibətlərin bütün spektrləri barədə müfəssəl məlumat vermişdi. Dövlət başçımız qeyd etmişdi ki, ikitərəfli münasibətlərimizin tarixində ilk dəfədir ki, İtaliya Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir: “Əminəm ki, bu əlamətdar hadisə əlaqələrimizin inkişafında yeni bir səhifə açacaqdır. Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edir. Bu işdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Mən İtaliyaya etdiyim səfərləri və Sizinlə görüşümüzü məmnunluqla xatırlayıram. 2014-cü ildə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır”.

Bu gün həm Bakıda, həm də Romada hamının məmnunluqla qarşıladığı bir faktı dilə gətirən Azərbaycan Prezidenti xatırlatmışdır ki, uzun illərdir energetika sahəsində əlaqələrimiz mövcuddur. Azərbaycan bu sahədə fəaliyyət göstərən İtaliya şirkətləri ilə sıx əməkdaşlıq edir: “Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir. Bu gün işə saldığımız polipropilen zavodu sənaye istehsalı sahəsində əməkdaşlığımızın gözəl nümunəsidir. Digər sahələrdə, o cümlədən infrastruktur, inşaat, nəqliyyat, kənd təsərrüfatı sahələrində də ölkələrimiz əməkdaşlıq edir”.

Prezident İlham Əliyevin fikrincə, Azərbaycanla İtaliya arasında zəngin tarixi-mədəni əlaqələr də mövcuddur: “Hələ XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulmuş, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparmışlar. Qeyd etməliyəm ki, 1972-ci ildə Bakı ilə Neapol qardaşlaşmış şəhərlər olmuşdur”.

Müasir tariximizə gəlincə isə qeyd etmək lazımdır ki, Bakı ilə Roma arasında təkcə siyasi, iqtisadi və ticari sahələrdə deyil, eləcə də mədəniyyət sahəsində əməkdaşlıq uğurla aparılır. Məsələn, 2012-ci ildə Romada dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Azərbaycan tərəfinin dəstəyi ilə Roma Forumunun bərpası işləri aparılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən birgə humanitar layihələr mədəniyyət sahəsində əlaqələrimizi daha da möhkəmləndirir. Bundan başqa, Azərbaycan “Milan Ekspo”da 2015-ci ildə fəal iştirak etmiş və orada ayrıca pavilyon inşa etmiş ilk ölkələrdəndir. Bizim pavilyonu 3 milyon 200 min insan ziyarət etmişdir.

Ən əsas faktlardan biri də odur ki, bu ölkə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella da Bakıda həmin faktı dilə gətirmişdi: “İtaliya Azərbaycanın səmimi, qətiyyətli və sadiq tərəfdaşı olmaqda davam edəcək”.

 

İttifaq MİRZƏBƏYLİ,

Xalq qəzeti.-2020.-22 fevral.-S.6.