26 fevraldan 28 il sonra...

 

 

Bu acının miqyası sonsuz, yaddaşımızda yeri silinməzdir...

 

1992-ci il fevralın 26-da erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdiyi dəhşətli soyqırımından 28 il ötür.

 

Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi vəhşiliklə qətlə yetirilmişdi. Qırğın nəticəsində 130 uşaq yetim qaldı, 8 ailənin bütün üzvləri öldürülmüşdü. 1275 sakin erməni əsirliyinin dəhşətini yaşadı, onlardan 150 nəfəri hələ də itkin hesab olunur.

 

Xocalının mülki əhalisi məqsədli şəkildə, azərbaycanlı olduqları üçün qırılmışdılar. Bu, XX əsrin son onilliyində dünyanın gözü qarşısında baş verən bir soyqırımı idi. Xocalıda yaşanan müsibət bəşəriyyətin vicdanına yazılan, insanlıq və ləyaqət lövhəsinə vurulan qara ləkədir.

 

Beynəlxalq aləmdə əsas söz sahibi olan dövlət və təşkilatlar tərəfindən bu faciəyə indiyədək adekvat hüquqi qiymət verilməsə də, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü aparır. Bu günədək 20-dək ölkənin parlamentlərində Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il dünyanın 50-dən çox ölkəsində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırır.

 

Qardaş Türkiyədə, eləcə də bənzər faciələri yaşamış Çexiyada (Lidise), Bosniyada (Sarayevo) və digər ölkələrdə Xocalı memorial abidələri var. Həmin abidələrdə 1992-ci il fevralın 26-da baş verən müsibət “daş dili” ilə oxunur. Öz paytaxtımızda ucaldılan bu abidə də Xocalının bəşəri kədər və fəryadının daşlaşmış ifadəsidir. Amma Xocalının ən böyük, ölçüyəgəlməz abidəsi Azərbaycan xalqının qan yaddaşındadır. Bu acının miqyası sonsuz, yaddaşımızda yeri silinməzdir...

 

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.1.