Dünya Xocalı gerçəyinə şahidlik etsin!
Soyqırımı qurbanlarının xatirəsi
müxtəlif ölkələrdə yad olunub
Qan yaddaşımızın ən acı səhifəsi olan Xocalı soyqırımının 28-ci ildönümü dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimizin, diaspor təşkilatlarının, ictimai qurumların iştirakı ilə qeyd olunur.
Faciənin ildönümü ərəfəsində ən irimiqyaslı tədbir fevralın 22-də Almaniyanın paytaxtı Berlində təşkil edilib. 30-a yaxın ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə şəhərdəki Brandenburq qapıları yaxınlığında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.
Aksiyada Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çexiya, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ və Kanadada yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.
Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini tələb ediblər.
Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibənin nəticələrini əks etdirən broşürlər paylanılıb. Min nəfərdən çox soydaşımızın iştirak etdiyi mitinqdə beynəlxalq təşkilatlara ünvanlanan müraciət qəbul edilib.
Berlin şəhərində Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunmuş əsərlərinin sərgisi təşkil edilib.
Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlindəki Azərbaycan evində gerçəkləşən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, eləcə də Ümumavropa Qarabağ mitinqinə gəlmiş soydaşlarımız iştirak ediblər.
Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolundan, Azərbaycan evinin bu istiqamətdə fəaliyyətindən, Almaniyada yaşayan tanınmış rəssam Əşrəf Heybətovun bu mövzuda əsərlərindən söz açıblar.
***
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım tədbiri keçirilib.
Səfirliyimizin müşaviri Vaqif Ağayev və İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan 28 il əvvəl baş verən soyqırımı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat veriblər, faciə ilə bağlı film nümayiş olunub.
***
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Londonda da yürüş keçirilib. Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrin də qatıldığı mitinqdə faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edilib, şüarlar səsləndirilib. Trafalqar meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.
***
ABŞ-ın Çikaqo şəhərində, İllinoys ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Xocalı faciəsinin 28-ci il dönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir çərçivəsində “Xocalı faciəsi – qanlı yaddaş və anım” mövzusunda fotosərgi və seminar təşkil edilib.
Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov, Çikaqoda yaşayan azərbaycanlı icmasının nümayəndəsi Nigar Çaybasarski, ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova çıxış ediblər.
***
İstanbulun Gültepe Mədəniyyət Mərkəzində “Cəhənnəmdə 8 gün” tamaşasının premyerası olub. Baş rolun ifaçısı, Türkiyə-Azərbaycan Vizyon Teatrının rəhbəri Kəmalə Kamal bildirib ki, Xocalı sakini Dürdanə Ağayevanın xatirələri əsasında hazırlanan tamaşanın mətn müəllifi Aygün Həsənoğlu, rejissoru Kamran Dadaşzadə, musiqi tərtibatçısı Aynur Axundzadədir. Xocalıda əsir düşmüş və səkkiz gün əsir həyatı yaşamış qadının hekayəsini əks etdirən səhnə əsərində Şəlalə Coşqun Tuna, Bülənt Altay, Yavər Hüseynzadə, Said Vardar, Musa Çakır və digərləri iştirak edirlər.
Tamaşadan əvvəl Xocalı qətliamının dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub. Teatrın foyesində Xocalı soyqırımını əks etdirən rəsm sərgisi təşkil edilib.
***
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib. Türkiyə-Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil olunan konfransın iştirakçıları əvvəlcə soyqırımı dəhşətlərini əks etdirən fotosərgiyə baxıblar.
TÜRKAZDER-in başqanı Ənvər Türkoğlu çıxışında vurğulayıb ki, Xocalı soyqırımının dəhşətləri heç zaman unudulmayacaq. Tədbirdə TBMM-in sabiq deputatı Sinan Oğan, Azərbaycanın Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Orta Doğu Texniki Universitetinin dosenti Ayça Ergün konfransda çıxış ediblər.
***
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov, Daşkənddəki Katolik kilsəsinin rəhbəri Eji Masuleviç, xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, Özbəkistanın mədəniyyət xadimləri, diasporumuzun üzvləri iştirak ediblər.
İştirakçılar Xocalı faciəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov tərəfindən şəhidlərin ruhuna dualar oxunub. Hüseyn Quliyev Xocalı soyqırımı barədə məlumat verib. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov dünyanın Xocalıda baş verənlərə seyrçi qalmasının yolverilməz olduğunu vurğulayıb. Sonra şəhidlərin ruhuna ehsan verilib.
Mədəniyyət.- 2020.- 26
fevral.- S.1;8.