Bir kəndin sərgüzəşti” əsərində erməni məkri

 

 

Görkəmli yazıçı-dramaturq, publisist, maarifçi və dövlət xadimi Nəriman Nərimanov (1870-1925) Azərbaycan mədəniyyəti və ictimai fikrinin inkişafında mühüm rol oynamış şəxsiyyətlərdəndir. Dövlət başçısının sərəncamı ilə bu il Nərimanovun 150 illik yubileyi qeyd edilir. Sözsüz ki, yubiley ilində yazıçının irsi yeni baxışlar kontekstində bir daha araşdırılacaq.

 

Bu yazıda biz ədibin “Bir kəndin sərgüzəşti” hekayəsində eyhamlara bürünən müəllif qayəsi ilə bağlı mətləblərdən söz açacağıq. Məlumat üçün deyək ki, digər adı “Əmi” olaraq da bilinən bu hekayə ilk dəfə 1915-ci ildə Bakıda “Açıq söz” qəzetinin 1, 3, 7, 10 və 11-ci nömrələrində dərc olunub. Sonrakı illərdə də Nərimanovun digər əsərləri ilə birgə dəfələrlə işıq üzü görüb.

 

Əsər indiyəcən əsasən “dini fanatizm və nadanlığı tənqid edən”, “yekdilliyin qüdrəti”ni ortaya çıxaran, “iki aləmi, iki dünyagörüşünü qarşı-qarşıya” qoyan, “Azərbaycan kəndlilərinin həyatı, məişəti, düşüncə tərzi və mübarizə (?!) yolu haqqında təsəvvür yaradan” nəsr nümunəsi kimi qiymətləndirilib. Amma nədənsə buiki aləm” və “iki dünyagörüşünün üzərində dayanmayıblar. Necə ola bilər ki, bir kəndin iki məhəlləsi mühitə, ictimai proseslərə yanaşmalarında bir-birindən bu dərəcədə fərqlənsin?

 

Əslində, Nərimanov hekayədə çox mühüm milli məsələlərə toxunub. Əsər ermənilərlə həmin dövrdə “müsəlman” adlandırılan Azərbaycan türklərinin münasibətlərinə, daha doğrusu, erməni şovinistlərinin torpaqlarımıza qarşı ərazi iddialarından bəhs edir. Təbii ki, oxucular ilk baxışdan bu hekayədə milli münaqişə barədə nüansların olmadığını iddia edə bilərlər. Ancaq Nərimanov əsərdə çox incə detallarlaheç bir şübhə yeri qoymadan problemin mahiyyətini oxucu üçün əlçatan edir.

 

Yeri gəlmişkən, deyək ki, yazıçı bu hekayədən təxminən 20 il əvvəl – erməni millətçilərinin milli zəmində münaqişəni alovlandırmağa daha sistemli şəkildə başladığı bir dövrdə – 1896-cı ildə “Bahadır və Sona” romanını qələmə almışdı. Romanda müəllif erməni qızı Sonanın dilindən erməni xalqı və müsəlmanlar (azərbaycanlılar) barədə bir sıra mətləbləri dilə gətirir. Əsərdə ermənilərin öz gələcəkləri haqqında davamlı düşündükləri və bu istiqamətdə real addımlar atdıqları qeyd edilir.

 

Yazıçı “Bahadır və Sona”nı qələmə almaqla bir tərəfdən həmin tarixi-siyasi reallıqda iki xalqın övladlarını “məhəbbət çətiri” altında bir araya gətirib baş verə biləcək münaqişənin qarşısını almaq niyyəti güdürdü. Digər tərəfdən müəllif öz müşahidələrinə əsasən, erməni birliyinin sonrakı mərhələdə Azərbaycanın köklü türk-müsəlman əhalisi üçün daha böyük fəsadlar törədəcəyini geniş kütlənin diqqətinə çatdırır, xalqımızı ayıq-sayıq, tədbirli olmağa səsləyirdi.

 

Bu kontekstdə “Bir kəndin sərgüzəşti” hekayəsini müəyyən qədər “Bahadır və Sona”nın davamı kimi də düşünmək olar. Lakin hekayədə təsvir olunanlardan görünür ki, artıq zaman o zaman deyil, ermənilərin 1905-1907-ci illərdə havadarlarının dəstəyi ilə xalqımıza qarşı törətdiyi qırğınlar, misli görünməmiş talanlar diqqətdən kənarda qala bilməzdi.

 

Həmin dövrdə görkəmli mütəfəkkir, şair, naşir Əli bəy Hüseynzadə erməni təxribatları haqqında yazırdı: “Erməni üdəbasından (ədiblərindən – F.Y.) bəzisi ittihadi-islam qorxusu saiqəsilə (səbəbi ilə) rast gələn qəzetlərə kizbböhtandan ibarət məqalələr yazdıqları bir zamanda biz:

 

Dövri-islahatdır, sülh və səlah əyyamıdır,

Arkadaşlar, sülh edin, sülh etməyin həngamıdır.

 

beytini ...təfriqi-din və məzhəbi ümumi vətəndaşlarımıza xitabən təkrarlamaqda idik”. Əli bəy eyni zamanda Mirzə Ələkbər Sabirin məşhur “Beynəlmiləl” şeirinin “Həyat” qəzetində nəşr olunduğunu diqqətə çatdırır və təəssüfünü dilə gətirirdi ki, erməni mühərrirləri bir dəfə də olsun buna əhəmiyyət vermədilər, bir şeir, bir məqalə yazmadılar...

 

Ona görə də Nərimanov “Bir kəndin sərgüzəşti”ndə artıq “Bahadır və Sona” xəttini davam etdirə bilməzdi və etmədi də. Müəllif hekayəni belə başlayır: “Keçәnlәrdә Qafqaz kәndlәrindәn birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kәndә tәzә gəlmiş olsaydı, iki mәhәllәnin bir-birindən seçilməyini görərdi... Mәhәllәnin biri N., ikincisi isə İ. adı ilə məşhur idi...”.

 

Fikrimizcə, hekayənin əsas məğzi, müəllifin qayəsi məhz elə bu “N.” və “İ.” hərflərində mərkəzləşib. “N.” hərfini yazıçı bir neçə məqamda açıq yazsa da (“naməlsəm”), yenə də məsələyə bir qədər ehtiyatla yanaşır. Bu sözü əks istiqamətdə oxuduqda “məsləman”, “müsəlman” kəlməsi olduğu aşkara çıxır. Hekayədə “naməlsəm” sözünün üç yerdə bu şəkildə yazılışı ilə rastlaşırıq: “Doğrusu, İ. mәhәllәsinin camaatı durbin camaat idi. Әminin N. mәhәllәsindә nüfuzu artmaq üçün qәsdәn Әmini tərif edir və namәlsәmlilәrә: “Siz çox xoşbəxtsiniz ki, Әmi kimi böyüyünüz var” deyirdilər”; “İ. mәhәllәsinin camaatı sәhәrnәn açıq-açığına kәndxudanın evinin qabağına dәstә-dәstә yığıldılar, səs-küy etdilər və üç adamın kәnddәn sürülməyini tәlәb etdilər. Namәlsәm mәhәllәsindәn üç adamı əlli-ayaqlı göndәrdilәr”; “İ. mәhәllәsinin adamı bu ittifaqlardan sonra belə bir ayaq aldı ki, daha o mәhәllәnin qorxusundan, axşamçağı Namәlsәm mәhәllәsinin adamı evdən çıxa bilməzdi”.

 

İndi gələk hekayədəki “İ.” hərfinə. Nərimanov əsərdə bu hərfin açılışını, amma yenə də tərs yazılışla “in(ə)mirә” kimi verir. Bunun da əks oxunuşu “əriməni”, “erməni” sözləridir. Müəllif bu sözü hekayədə cəmi bir yerdə – “Sudya, kәndxuda və yainki müәyyәn bir üçün in(ə)mirәlilәr hәmişә cidd-cəhd edәrdilәr ki, әmәlli adamlarını seçsinlər, yeni seçdikləri şәxslәr işə yarayan olsunlar, müftəxor olmasınlar, rüşvət yemәsinlәr, camaata xәyanәt etmәsinlәr” cümləsində ifadə edir. “İ. məhəlləsi” deyərkən yazıçının konkret olaraq erməniləri nəzərdə tutduğunu sübuta yetirən digər bir tutarlı eyham da mövcuddur. Əsərdə “Bu iki mәhәllә bir-birinə oxşamadığı kimi, bunların camaatı da bir-birinə oxşamırdı, yəni hər mәhәllәnin xalqı xüsusi bir yolla dövran sürürdü. N. mәhәllәsinin camaatı ata-babadan yerli, tavanlı olub...” fikirləri ermənilərin bu ərazilərə sonradan köçürüldüyü həqiqətini ifadə etmək baxımından böyük əhəmiyyət kəsb edir.

 

Nərimanov xalq üçün taleyüklü mahiyyət daşıyan milli birlik məsələsini xüsusi vurğulayır. Göstərir ki, kənddə “N.” məhəlləsinin sakinləri, yəni azərbaycanlılar bu yurdun əzəli sakinləri olsalar da, daim təzyiq altında, cəmiyyət işlərinə etinasız... və bütün bənzər səbəblər üzündən buraya sonradan məqsədli şəkildə yerləşdirilən ermənilərdən geri qalırlar. Sözsüz ki, bunun da obyektivsubyektiv səbəbləri vardı. Necə ki, Mirzə Cəlilin Novruzəlisi həbsxananın yerini yaxşı bilsə də, poçtxananı tanımırdı... Çar Rusiyasının müstəmləkə xalqlarına münasibətdə ikili yanaşması, “sadiq”, “fəqir” ermənilərin imtiyazimkan gölündə üzməsinə şərait yaratması inkaredilməz faktdır. Onlar da bu imkanlardan maksimum dərəcədə yararlanmağa çalışır, məqam düşdükcə yerli əhalini sıxışdırırdılar.

 

Əsərdə oxuyuruq: “Vaxt bir vaxt idi ki, şәhәrlәrdә mәktәb az tapılardı. Bununla belə İ. mәhәllәsinin camaatı mәktәb fikrinə düşmüşlərdi. Fәqәt N. mәhәllәsi bu fikrə bir növ mane olurdu. Mәsәla, belə bir mәsәlә üçün kәndxuda (starşina) hər iki mәhәllәdәn adam çağırardı, vәkillәr dәvәt edirdi. İ. mәhәllәsinin vәkillәri hәmişә gәlәrdilәr, halbuki N. mәhәllәsindәn bir adam da gәlmәzdi. Xülasə, İ. mәhәllәsinin camaatı camaat işlәrindә artıq dәrәcәdә cidd-cəhd edər və öz arasında böyük ittihadla görərdi”.

 

Bu geriliyin bir səbəbi azərbaycanlı məhəlləsinin taleyini hər cəhətdən özünə “başbilən”, “ağsaqqalseçdiyi Əmiyə etibar etməsi ilə bağlıdır. “Nәinki N. mәhәllәsindә, bәlkә bütün kәnddә, uezddә dəxi” var-dövlətdə tayı-bərabəri olmayan bu 70-80 yaşlı kişi kasıb-kusuba əl tutduğu üçün camaat da onu çox sevir. Əmi həmçinin “məhəllənin ac bəyləri”nə borc pul verir və vaxtında qaytarmayanda da onların torpaq sahələrini əllərindən alır. O, “yuxarı”ların yanında nüfuzuna xələl dəyməsin deyə “İ.” məhəlləsinin – ermənilərin bütün özbaşınalıqlarını görməzdən gəlir. Özünü azərbaycanlı məhəlləsinin vəkili kimi aparsa da, əslində, ədalət yox, ətalət carçısıdır. Məhz bu “keyfiyyət”lərinə görə kəndxuda Daşdəmir (nədənsə bu ad mənə Şuşada türk-müsəlman əhaliyə zülm edən “yarımsaqqal” erməni Xandəmirovu xatırlatdı) də Əmi həzrətlərinin xətrini (həm də bəxşişlərini) çox istəyir. Çünki öz soydaşlarının taleyüklü problemlərinə biganədir. Camaatı yağlı vədlərlə sakitləşdirib ermənilərin ərşə dirənən özbaşınalıqlarına əlavə zəmin yaradır.

 

Nəriman Nərimanov “Bir kəndin sərgüzəşti” əsəri ilə həm də XIX əsrin əvvəllərində Azərbaycan ərazilərinə köçürülən ermənilərin “özümə yer eləyim, gör sənə neyləyirəm” prinsipi ilə yaşadıqlarını diqqətə çatdırır. Əminin “vəkil”liyi sayəsində ciddi bir reaksiyanın olmamağı azərbaycanlı məhəlləsinin suyunun tez-tez kəsilməsi, hətta qız-gəlinə qarşı nalayiq hərəkətlərin ortaya çıxması ilə nəticələnir. Müəllif göstərir ki, ermənilər qeyrətli, xalqını sevən insanları milli zəmində münaqişəyə cəlb etməklə onları tədricən aradan götürdərək yerli camaatı öz yurd-yuvasından daha rahat şəkildə didərgin salmaq məqsədi güdürdü.

 

Bir kəndin sərgüzəşti” hekayəsi 105 il öncə qələmə alınsa da, milli tarixi yaddaşın bərpasına xidmət edən bədii nümunə kimi bu günöz dəyərini qoruyub saxlayır.

 

Fariz YUNİSLİ

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.7.