Nəriman Nərimanovun xatirə muzeyində Xocalı faciəsi yad edilib

 

Fevralın 22-də Nəriman Nərimanovun xatirə muzeyində Abdulla Şaiqin mənzil-muzeyi ilə birgə Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçirilib.

 

Xatirə muzeyinin direktoru Kamilə Hüseynova, elmi işçi Rəna Qəhrəmanova, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Şövkət Ələkbərova adına Mədəniyyət evinin direktoru Cabbar Süleymanov, 58 nömrəli tam orta məktəbin müəllimi Pərvanə Abbasova və başqaları çıxış edərək Xocalı soyqırımının XX əsrdə insanlığa qarşı ən amansız cinayətlərdən, ən qəddar terror aktlarından biri olduğunu söyləyiblər.

 

Bildirilib ki, Xocalı faciəsi iki əsrə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib. Vurğulanıb ki, Azərbaycan dövləti, eləcə də bir çox ictimai təşkilatlar, diaspor qurumlarımız tərəfindən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü aparılır.

 

Tədbirdə 58 nömrəli tam orta məktəbin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Gənc istedadların ifasında musiqi nömrələri səsləndirilib.

 

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.7.