Etnoqrafiyamızın tanınmış tədqiqatçısı

 

 

Xalqımızın qədim tarixinin, zəngin etnik-mədəni sisteminin öyrənilməsi XX əsrin ikinci yarısından etibarən daha geniş xarakter almışdı. Bu sahədə sistemli araşdırmalar apararaq adət-ənənələrimizin, sosial həyatımızın hərtərəfli tədqiqinə töhfələr verən etnoqraf alimlərdən biriprofessor Qəmərşah Cavadov idi. 

 

O, 1938-ci il fevralın 23-də Quba rayonunun Aydınkənd kəndində doğulub. Atası müharibədə həlak olan Qəmərşah Cavadovun uşaqlığı ağır illərə təsadüf edib. Çətin güzəran içində yaşayıblar.

 

1956-cı ildə orta məktəbi bitirən Qəmərşah Azərbaycan Dövlət Universitetinin (BDU) tarix ixtisasında ali təhsil alır. Bir müddət təyinatla Dəvəçi (indiki Şabran) rayonunun Aygünlü kənd məktəbində işləyir.

 

Azərbaycan xalqının tarixi keçmişinə, məişətinə və adət-ənənələrinə olan marağı onu Azərbaycan EA-nın Tarix İnstitutuna gətirir. Etnoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olunur. Həmin dövrdə dünya xalqlarının tarixi-etnoqrafik atlasları hazırlanırdı. Bu fundamental əsərin bir bölməsi Qafqaz xalqlarının əkinçilik təsərrüfatına, onun əmək alətlərinin xəritələşdirilməsinə həsr edilmişdi. Bunun üçün ənənəvi əkinçilik alətlərini toplayıb növlərini aşkar etmək, xüsusiyyətlərini müəyyənləşdirmək, inkişaf dinamikasını izləmək, forma və variantlarını tapmaq tələb olunurdu.

 

Araşdırmalarda qeyd olunur ki, Qəmərşah Cavadov 20 il bu sahədə gərgin axtarışlar aparır. Azərbaycanın bölgələrini gəzir, hər bir rayonun, kəndin adının necə meydana gəldiyini, yerli sakinlərin adət-ənənələrinin, məişət və kənd təsərrüfatı alətlərinin necə yarandığını öyrənir. O, azərbaycanlıların dünya xalqları sırasında özünəməxsus əkinçilik texnikasına malik olduğunu tutarlı faktlarla göstərir.

 

1967-ci ildə dissertasiya müdafiə edərək, alimlik dərəcəsi alır. Akademik V.K.Bondarçuk onun monoqrafiyasına rəyində yazırdı: “Monoqrafiya müəllifin  Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər gördüyünü qiymətləndirməyə əsas verir. Gənc alimin tədqiqatları... dünya etnoqrafiya elminə böyük töhfədir”.

 

Görkəmli alim 1990-cı ildə Azərbaycanın yerli kənd təsərrüfatı texnikaları ilə bağlı doktorluq dissertasiyası müdafiə edir. Onun bu mövzuda rus dilində çap etdirdiyi  monoqrafiya keçmiş ittifaq miqyasında böyük əks-səda doğurur.

 

Ömrünün 40 ildən artıq bir dövrünü tarixmüasir etnoqrafiyanın müxtəlif məsələlərinin öyrənilməsinə həsr edən alim 300-ə yaxın elmi məqalə və 10 monoqrafiyanın müəllifidir. “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri”, “Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik”, “Əkinçilik mədəniyyətimizin sorağı ilə”, “Xalq təbabətimiz məişətimizdə” və s. əsərləri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. O, tədqiqatlarında həmçinin respublikamızın ərazisində məskunlaşmış azsaylı xalqetnik qrupların da apardığı araşdırma sahələrində rolunu ortaya qoyub. Etnoqraf alim topladığı müxtəlif mövzulu materialları dövri mətbuatda da dərc etdirərək daha geniş ictimaiyyətə çatdırılmasına nail olub.

 

Tanınmış tədqiqatçı peşəkar etnoqraf kadrların yetişməsi üçün də səylər göstərib, faydalı məsləhətləri və tövsiyələri ilə onları düzgün istiqamətləndirib. Professor Qəmərşah Cavadov 27 aprel 2005-ci ildə vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.6.