XOCALI...

 

 

Bu misilsiz milli VAY yaman qocalı...

 

Şivəni ərşdə, meyiti yerdə qalmış şəhid-şəhərimizin vayı!

Bəs bu vayın qarşılıq-TOYu haçan olu, əfəndilər?! Nə qədər çığırıb-bağırsan da beynəlxalq hüququn qulağına çatmayan bu Haqq haqda başqa çarən yoxmu, ay xalq? Özün öz zərb-məsəllərinin birində demirsənmi “Qisas qiyamətə qalmaz!”? Bəs bu ruh-şəhər şahidlərinin hamısı yavaş-yavaş şəhidlər aləminə köçdükcə, o era başlayacaq, axı! O zamansa, ola bilər ki, ötən əsrin yetmiş ilini “SSRİ mənim vətənimdir!” manqurtluğuyla yola vermiş sələflərin super xələfləri hiper “baxış-proje”lərlə tərbiyələnə və haman bu “arxaik qisas” qiyamətdən də o yana qala...

 

 

 

Hə, bu da 28!...

 

 

 

Və yenə... bir də... bir daha Xocalı...

 

Daha söz, yazı, fikir-zikr də adamın üzünə durur; axı, yetərincə (gərəyincə, videokadrlar “adekvat”ınca!) siyasi-hüquqi-mənəvi əks-sədası olmayan, fiziki qarşılığı verilməyən, beynəlmiləl sarğı-sığalı çəkilməyən, Allah-bəndəvi babala, rəsmi sorğu-suala məruz edilməyən bir faciədən nə qədər yazmaq olar?! – “deyə”!

 

Bəs necə?! Günü-gündən “ikili”ləşib “məzlum-müslim” xalqları incik salan bu dünyada küskünləşdirilən söz tərkibləri, fikir düzgüləri də var, axı! Ulu tarixdə müdrik bir sual, qalib bir nida tilsimi qarşısında mənəvi-məntiqi-nitqi təslimata uğradığını boynuna almayan tiranlar azmı olub?!...

 

Bəli, bir qərinəyə yaxındır halal bir xalqın bu vandal bəşəri faciəsi, “kor-kor – gör-gör” soyqırımı ilə bağlı bütün incik-küskün sual və nidalar, hər tür fikir, düşüncə və nifrinləri ümumdünyəvi “qulaqardı”na vurulmada. Bəs bunun Haqq zavalı, baş babalı?! Əlbəttə, şəri müdafiə edən, işğaledilənlə işğaledənə “paritet” münasibət sərgiləyən dünya yönətmənlərinin boynunda! 

 

Bu məqamda neçə illərdi eyni sözü “saqqız”layıb, gün kimi aydın bu məsələni “rezin”ləyən AŞPAçıları, “Minsk qrupu”nun “serial” həmsədrlərini bizim Mirzə Fətəlinin “Kimyagər”indəki məlum “yaddançıxmaz” obraz kimi xatırlamamaq olmur. Yuxarıda vurğuladığım bezmə-bıqma giley-güzarımla “paradoksallıq” təşkil etsə də, “613 ölüm, 1275 əsir, 150 itkin, valideynlərinin hər ikisini itirmiş 25, birini itirmiş 130 uşaq” faktını isə bir daha, min daha, milyon daha xatırlatmamaq olmur!

 

Bu konuda saysız-hesabsız foto-kino-tele-qəzet-kitablardakı faktları milyonuncu kərə sadalamağa ehtiyac yox, adına “dünya malı” deyilən neçə milyardlıq maddi ziyan-miyanı isə vecə almalı. Nədən ki, bu 28 ildə arasıkəsilməz “get-gəllər”ə xərclənən milli büdcəmizə, məşhur şairimizin “davam edir 37” təhlükəsi var...

 

Bu “köhnə” Faciənin sənədli faktlarından “yorulmuşlar”a həmin o ölüm Gecəsinin “bədii” çığırtıları altında doğulub (və doğulma macalı verilmədən!) ölən çağaların olumununmu, ölümününmü 28 illiyindən yazaq? Ya bəlkə, indilər hər cür “tur”lar kəşf etməkdə olan Avropa centlmenlərini – o Gecə ana döşündə güllələnən, qar-çovğunlu meşə yollarında donub qalan, “inqələyib, ermənini duyuq salar, uşaqlarımın hamısı qırılar” deyə, öz ana (!) əllərilə boğulan, gözləri süngüylə oyulan körpələrin “RuhTur”larının təşkili məsələsini qaldıraq?...

 

Hə, bu illər ərzində vecə almadığınız bu Faciənin hərb istisi soyumayıb, qəlb tüstüsü kəsilməyib hələ, qospadinlər! Bu qədər texnogen qitə olduğunuzu hamı bilir və o qar-çovğunlu yollara vicdan mikrofonu uzatsanız, Xoca kişinin öz Ağca balasına: “Elə indidən məni bağışla, qızım, murdarların əlinə keçməməyinçün, səni ata əliylə öldürə billəm” sözlərini də eşidə bilərsiz.

 

Siz bunu da yaxşı bilirsiz ki, o Xoca kişilər keçmişdə bu təhər məzlum olmayıblar. Bunların “qılınc qımıldansa, düşmən mızılanmaz” deyən Atilla kimi babaları olub. Bunların xalq ordularından birinin “şəxsi heyət”ində bəşəriyyətin “haqyeyənlər heyəti”nə ədalət dərsi, demokratiya ağılı verən 7777 “dəli”si olub. Lakin “iki qoçun başı bir qazanda qaynamaz” məsəlinə binaən yıxdığınız (əlbəttə, müttəfiq respublikalar millilərinin köməyilə!) SSRİ o kişilərin ov tüfənglərini belə əvvəlcədən yığdığından, bunlar nəinki canlarını, heç namuslarını da düz-əməlli qoruya bilmədilər...

 

 

 

Ay hörmətli...

 

 

 

əlaqədar təşkilatlar” (xüsusən də, türk-müsəlman dünyasına humanizmlik əvəzinə cumanizmlik yapan Amerika-Avropa cütlüyü)! Dünyanın ən şirin maddi nemət və universal istirahətlərilə yaşadığınız bu era ucqarlarda yetişdirdiyiniz acı siyasi-informativ bibərlərdən də xali deyil, ha! Məsələn, inişilki “Xocalınamə”mdə sizi “planetimizin ən yaxşı maddiyyatlarını idxallayıb, öz “əla” əxlaqiyyətlərini ixracatlayanlar” adlandırmalı oldum. Ötənilki yazımdakı “açıq-saçıqlıq eksportlarınız, neo-kovboy jestlərinizlə başımızı hərləndirməyə nail olsanız da, məxfi testlərinizlə qanımızı soyuda bilməmisiz” sözlərimsə, hələ də qüvvədədir. Yəni belə getsə, bu xalq oraya – öz halal Vətən kəsiyini kəsəyənlərdən azad etməyə, öz Şəhid Şəhərinin ruhuna lap yaxından da salavat çevirməyə doğru “özbaşına” – sizin “rezalyutsiya”nıza məhəl qoymadan yürüyə bilər! Sizlərin paraqraf-parametrlərinizcə “öz müqəddəratını təyinetmə” statuslu vandalların dağıtdığı milli və dini mədəniyyət abidələrinin gününə baxıb, “namərdəm, əgər bir də “erməni yazıqlığı”na aldansam!” xoru oxumağa doğru! Bütün gələcək boyu bir daha yaltaq-yalıncığa, “ayağıma yer eylərəm, gör sənə neylərəm!” xislətilə ahu-zar edənlərə əl tutmayıb, “zalıma zülm!” andı içməyə doğru!...

 

Və öz işini bitirdikdən sonra, sizin indiyədək eyninizə belə gəlməyən bir para anti-protokol sözlər də deyə bilər. Məsələn, bağışla bizi, Şəhidşəhərim! O günlər səsinə səs vermədiyimizə görə, hamımızın yerinə öldürüldüyünə görə bağışla!...

 

Deyirəm, bir vaxtlar Fəxri xiyabanda xristian ermənilər də yönü qibləyə dəfn ediliblər (Cəlil Məmmədquluzadə isə yönü fələyə), bəs görəsən, müsəlman xocalılılar yönü nəyə?...

 

Bu Faciənin övladları neçədir (və necədir!)bunlar haqda çox yazılıb, çox deyilib. İndi (əslində, çoxdan!) növbə sizlərin “antiişğal”, “antiterror” kimi “baş altına yastıq” əvəzi terminlərinizindir, cənablar!

 

Qədərindən çox humanitar təşkilatları, uşaqlarının sayından artıq təsisatları, qoca-qarılarının nəsihət-vəsiyyətlərindən ziyadə məclisləri, TV-ləri olan Dünya, sənin bu qədər möhtəşəm saymazlıq, eşitməzlik, görməzlik istedadın da varmış!

 

Sizin – xalqları öyrənmək, öz dişinə (və “iş”inə!) vurmaq, işlərini burmaq institutlarınız da az deyil. Bütün ekran-efirlərə göz qoyur, qəzetləri, jurnalları izləyir, ağızları arayır, dilləri dinləyir, fikirləri dənləyirsiz. Hansı xalqın hanki rəngi xoşladığından tutmuş, milli xislətinə, verdiyi sözə zəmanətinə, dəyanət-xəyanətinə, kişiliyi-dişiliyinə qədər bəlləyirsiz. İyirmi səkkiz fevraldır ki, isti kabinetlərinizdə əyləşib, qocaltmaqda olduğunuz bu gənc Faciəmizi necə ağlayıb-ağılamağımızı seyr edirsiniz. Siyasiləriniz Atilla, Tamerlan (Teymurləng), Osman paşa xəyallarına dala-dala (hələ yanlarında erməni varsa, gülə-gülə), “humanitar”larınız göz yaşlarımızın yanaqlarımız aşağı nə sayaq süzülüb-düzülməsini, “şaxsey-vaxsey”lərimizin necə ritmik-polifonikliyini müzakirə edə-edə...

 

Hələ kino-tele kameralar yox ikən, olmayanı olan kimi gördüyünüz – Türkə “erməni genosidi”ni sırımağa cəhd etdiyiniz halda, korların da gözünə girən bu qədər sivil-sivri kadrları necə vecə almamaqdasınız?! Bura baxın (yox, kobud çıxdı; axı sizlər öldürəndə də etika-estetikanı əldən vermir, “zəhmət olmasa, əllər yuxarı” deyirsiniz). Qoy “muzıkalnı” müraciət edim: tele-pəncərələrinizdən daş gəlir, ay bəri baxın, bəri baxın, 10220 gündür Xocalı qızı Xumarın gözündən yaş gəlir... Məlum kadrlardakı bir qayışbaldır kişini - dizlərini qarnına yığıb, yumağa dönmüş ağsaqqalı görürsünüzmü, cənablar? Nə olsun ki, mordaca sizin ata-babalarınıza bənzəmir, hər halda, hamımızın ilk babamız Adəmin övladlarından deyilmi?

 

Yaxud, sinəsi güllə yağışından sel olmuş bu cavana baxın, centlmenlər! Atəş leysanı anında qaş-gözünün qıyımına, yumruqlarının düyümünə diqqət edin...

 

...Bunlar hamısı vəhşi atəşlərdən qonşu rayonlara qaçmaq istəyənlərdir. Meşələrdə ölüm yurdu salanlar, bəy otağı, gəlin gərdəyi əvəzinə, vay ortağı olanlardır. Ey gözləri siyasi rentgenli, qəlbləri demokratiya genlilər, bu tufana, qara baxın!

 

 

 

Bura baxın!

 

 

 

Artıq 28 yaşına çatdırdığınız bu Faciənin çöl-biyaban dizaynlı qar döşəklərinə, ar yorğanlarına, yanlarına düzülmüş qol-qıç, göz-bəbək “inventar”larına baxın...

 

Bizdə “təkrar biliyin anası”, sizdə laqeydliyin atası?!...

 

Hə, bir də, əgər Zori Balayanın “Ocaq” kitabını mütaliə etməkdən macal tapsanız,  Puşkinin, Dümanın, Qriboyedovun, Veliçkonun “məzlum” erməni namərdlikləri və məğrur azərbaycanlı comərdlikləri haqda yazdıqlarına göz gəzdirin.     

 

Yolda-rizdə qırılanlarının bir parasını görənlər, bir göynək də olsa ağrıyıb-acımayıblar. Bəs heç kəsin görmədiyi meyitlərdən, didərginlərdən nə xəbər, alçaldıla-alçaldıla gəncləşməkdə, qocalmaqda olan girov-əsir isim-mübtədalardan nə zərf?!...

 

Sağ qalmış hər kəsin başı öz ölüsünə qarışdığından, başın üstdə dayanıb Səni bir ağlayan da olmadı, yiyəsiz Şəhər!

 

Ağlamaq heç, 28 ildir Səni yerdən götürüb, siyasi arxiv məzarına belə qoyan yox...

 

“Lələ köçüb, yurdu qalıb” zərb-məsəli ayağından yanaşsaq, o qətliam-Gecədən oyanıb “yurd” da görməyən Şəhid-Şəhərim!...

 

Küçələrindəki cavan-cavan meyitlər xalçalanıb – al-qan çeşniləri kimi. Alınlarda donmuş qəzəb-qırış – çarəsizlik ilmələri.

 

Belə, Şəhidşəhərim! Bu yazımda da elegiyalıq elementlər çox oldu, “ölegiyalıq” nüanslar da. Nədən ki, Sənin hüzn illərin “növbəti”ləşdikcə, daha da ağırlaşır.

 

Belə. Bu gün qətl günün, sabah “üçü”n, birisi gün “yeddi”n, ta birisi gün “qırx”ın və... növbəti ildönümlərin...

 

Neynək, hər il dünya rəsmilərindən bir səs çıxmasa da, “şair yeni-yeni sözlər bulacaq, kainat olduqca...”, yazı-pozu olacaq...   

 

Sonda səndən yetim düşmüş uşaqların diliylə danışım; nolaydı, bu əmi-dayılar növbəti “il”ə qədər öz fərdi fikir-xəyallarındakı hüzn çadırlarından çıxıb, Səni yenidən inşalamağa gedəydilər və bir biz də gedib görəydik haqqında bu qədər danışılan o Xocalı şəhəri nətərdi?...

 

Amin!...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.6.