“Xocalıya göz yumanlar soyqırımına ortaq
olurlar”
Türkiyənin nüfuzlu qurumlarından olan Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqının yerli şöbələrində hər il ənənəvi olaraq Xocalı soyqırımı anılır, faciə ilə əlaqədar bəyanatlar verilir.
Türk dünyasının sevincinin də, kədərinin də hər zaman birgə yaşandığını, eyni zamanda tarixi həqiqətlərimizin də daim gündəmdə yer tutduğunu vurğulayan qurumun baş direktoru Talip Geylan bildirir ki, Türk Eğitim-Sen təkcə təhsil sahəsində çalışanların haqlarını müdafiə edən bir təşkilat deyil: “Bu, təkcə Türkiyəni deyil, bütövlükdə türk dünyasını əhatə etməyi hədəfləyən qeyri-hökumət təşkilatıdır. Üstəlik, sadəcə üzümüz, könlümüz türk dünyasına çevrilməyib, biz bunu öz əməllərimizlə də ortaya qoymağa çalışırıq. Bu mənada Türk Eğitim-Sen həm də vətəndaş cəmiyyəti (qeyri-hökumət təşkilatı) kimi türkdilli respublikalarla əhəmiyyətli ortaq layihələr gerçəkləşdirir, öz fəaliyyəti ilə türk dünyasına töhfələr verməkdədir”.
Həmsöhbətim bildirir ki, Türk Eğitim-Senin qurulduğu tarixdə türkdilli respublikalar da müstəqilliklərini qazandılar: “Biz bu əsasda Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqı (BATHİ) adlı bir qurum yaratdıq. Qurumun Türkiyə ilə bərabər 9 üzvü var. Türk dünyasının mədəniyyətdə, dildə, işdə birliyinin təsis edilməsində qurumumuz önəmli bir məsuliyyəti öz üzərinə götürüb”.
Eyni zamanda Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqına rəhbərlik edən Talip Geylan deyir: “Türk dünyasının harasında bir məsələ varsa, onu öz məsələmiz, öz problemimiz olaraq görürük. Türk dünyasının bütün nöqtələrində insanların sevinci sevincimiz, acısı acımız, dərdi dərdimizdir. Xocalı soyqırımı da bizim ortaq dərdimizdir. Çünki Xocalıda törədilən qırğın Qarabağda Azərbaycan türklərini yox etməyə yönəlmiş siyasətdir”.
T.Geylan qeyd edir ki, bizlər Xocalını unutmadıq və əsla unutmayacağıq: “Dünyanın gözlərinin önündə illərdir ki, Azərbaycan torpaqları işğal altındadır. Niyə bu haqsızlığa göz yumulur? Tez-tez bəhs etdikləri haqq və ədalət haradadır? Bu insanlıq əleyhinə cinayətə səssiz qalan, Ermənistanın işğalçı əməllərinə qarşı susqunluq nümayiş etdirən beynəlxalq təşkilatlar, özgə vaxt başqalarına insanlıq dərsi keçməyə qalxan ölkələr isə bununla, əslində, soyqırımına da, işğala da ortaq olurlar”.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2020.- 26
fevral.- S.6.