Xocalı faciəsi musiqidə
Musiqi əsrarəngiz gözəlliyi təbliğ edən hisslərin, düşüncələrin tərcümanı olsa da, onun vasitəsilə dərd, faciə də ifadə olunur.
Bu, musiqinin gücünün təzahürüdür. Bu gücü, qüdrəti ifadə etmək isə onu – yəni musiqini yaradanların istedad və peşəkarlığından, həmçinin xalq və vətən sevgisindən irəli gəlir. Bu yerdə unudulmaz bəstəkarımız Süleyman Ələsgərovun fikirləri düşür yadıma. O deyirdi: “Gərək sənətkar yaşadığı zamanın hadisələrini öz əsərlərində ifadə edə bilsin ki, gələcək nəsil də bundan xəbərdar olsun. Çünki musiqi də tarixdir və o, nəsillər arasında bir mənəvi körpü funksiyası daşıyır”.
Bəli, doğrudan da, musiqi tarixin səs yaddaşıdır. Ötən illərin bir çox hadisələri, yaşantıları bizə məhz musiqi vasitəsilə də çatdırılıb. Təbii ki, xoşbəxtliyi sevinc, qəhrəmanlığı mübarizə, faciəviliyi isə kədər hissi ilə dinləmişik. Bu məqaləni də elə kədər dolu hisslərlə qələmə alıram. Qəlbimdən keçən bu misralar kədər yükümü bir az da artırır.
Əzizim, Vətən bağı,
Cənnətdir Vətən bağı.
Qəlbimizi göynədir,
Yurd dağı, Vətən dağı.
Xocalı da Vətənimizin cənnət guşələrindən biri idi. 28 ildir ki, bu torpaq düşmən tapdağındadır. Bəs, görəsən, hələ qönçə olub gül kimi açılmayıb yerində solan, hələ nə vətən, nə ana, nə həyat sevgisinin dadını bilməyən, hələ Xocalının gözəl təbiətini gəzib-dolaşmayan, hətta ayağı hələ yer tutmayan körpələrin ah-naləsi düşməni tutmayacaqmı? Ötən illərdə qələm və sənət əhli bu kimi ağrılı suallara cavabı bədii dillə ifadə etməyə çalışıblar. Bu minvalla Azərbaycan musiqi tarixində Qarabağ mövzusu böyük bir şaxəyə çevrilib. Qarabağın füsunkar təbiətini, çal-çağırlı, sevincli günlərini tərənnüm edən əsərləri son illərin faciəvi motivləri əvəzləyib. Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, “Natəvan” operası, Hacı Xanməmmədovun “Kamança ilə orkestr üçün konsert”i, Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil” oratoriyası, Sevda İbrahimovanın “Qurbansız qalan tarım” əsəri, Firəngiz Əlizadənin “İntizar” operası və daha neçə-neçə bəstəkarların əsərləri Qarabağ dərdinin, Qarabağ faciəsinin musiqidə ifadəsidir.
Bu silsilədə Xocalı faciəsi də bəstəkarlarımızın diqqətindən kənarda qalmayıb. Dəhşətli soyqırımına həsr olunan ilk əsərlərdən biri Məmməd Quliyevin böyük simfonik orkestr üçün “Rekviyem”idir. Bu əsər Xocalı faciəsinin ümumiləşmiş kədər hisslərindən doğan matəm musiqisidir. Bəstəkar Arif Mirzəyevin orqan üçün “Xocalı uşaqlarına layla” kompozisiyasında isə sanki itkin düşmüş, qəddar düşmən gülləsinə tuş gələn körpələrə ağı deyən anaların fəryadı, onların qəlb göynədən laylasına qovuşub dərin kədər hissi yaradır.
Elnarə Dadaşovanın “Xocalı laylası” əsəri də həzin və qəmli notlar üzərində köklənib. Oqtay Rəcəbov “Xocalı avazları” oratoriyasında bu ağır faciədən doğan ağrını-acını xalqın ruhuna yaxın melodik çalarlarla elə ifadə edib ki, əsərin hər bir musiqi parçasında ümumxalq faciəsi əks olunub.
Xocalı faciəsinin 613 faciə qurbanının xatirəsini bəstəkar Yusif Mirişli “Xocalı 613” simfonik poemasında yad edib.
Bu ümumxalq faciəsini musiqinin dili ilə ifadə edən bəstəkarlarımızın bir çoxu öz daxili emosiyalarını əsərin ideya və məzmununa uyğun təsvir etməklə bərabər bəzən əsərin sərlövhəsində də ifadə ediblər. Azər Dadaşovun “Xocalıya ədalət!” simfonik plakatı, Faiq Nağıyevin xor üçün “Xocalı harayı” əsərləri də bu qəbildəndir.
Xocalı faciəsinin musiqidə ifadəsindən danışarkən bəstəkar Azad Zahidin Abdulla Qurbaninin sözlərinə yazdığı “Xocalı yol gözləyir” və “Kül altından boy atacaq Xocalı” əsərlərini də qeyd edə bilərik. Ümumiyyətlə, Azad Zahidin vətənpərvərlik mövzusunda bir neçə əsəri var ki, onlar təkcə Qarabağ faciəsini deyil, bu torpaq uğrunda mərdlik göstərən qəhrəman oğulların igidliyini, insanların mübarizə əzmini də öz musiqisi ilə ifadə edir. “Lələtəpə fatehləri”, “Biz gəlirik, Qarabağ!”, “Qartaltəpə”, “Aprel zəfəri”, “Bayraqtəpə qartalları” və başqa mahnılar bu qəbildəndir.
Xocalı faciəsi bütün insanlığa qarşı dəhşətli cinayət kimi tarixə yazıldı və yalnız Azərbaycan bəstəkarlarının deyil, digər xalqların sənətkarlarının da kədər hissinin ifadəsinə çevrildi. Bu mənada Rusiyanın Xalq artisti Aleksandr Çaykovskinin “Xocalı” matəm musiqisi, fransız bəstəkarları Pyer Tillau və Roman Zantenin əsərlərini, qazax bəstəkarı Balnur Kıdırbekin “Xocalı qurbanları”nın da adını çəkə bilərik. Bu əsərlərin hər birində bu vətəndən olmayan, bu torpaqda doğulmayan, amma yüksək insani hisslərə malik olan İNSAN ürəyinin vəhşiliyə, qəddarlığa, amansızlığa qarşı hiddəti, etirazı musiqi dili ilə təqdim olunub. Bu da bir daha sübut edir ki, faciə dünyanın müxtəlif yerlərində yaşayan sənət adamlarını da sarsıdıb.
Biz isə yenidən qayıdırıq Azərbaycan bəstəkarlarının yaradıcılığına. Deyirlər dərd uzaqlaşdıqca dağa dönər. Xocalı faciəsi də bir dərd olaraq sənətkarlarımızın qəlb dağına çevrilib. Bəstəkar Nazim Quliyevin “Xocalı” operası, Rəna Qədimovanın “Sarı gəlin” balladası, Tofiq Bakıxanovun “Humayun” simfonik muğamı, Rüfət Ramazanovun “Təəssürat”, “And” əsərləri və digər bəstəkarların əsərlərində hüzn, kədər, qəm-qüssə intonasiyaları ilə yanaşı, mübarizə ruhu və düşməni məğlub edərək qələbəmizə inam hissi öz əksini tapır.
Bu mövzuda həmsöhbət olduğumuz hər bir Azərbaycan bəstəkarı belə deyir: “Mən qələbə himni yazmaq arzusu ilə yaşayıram”. Bu yalnız bəstəkarın yox, hər bir azərbaycanlının arzusudur. Tanrının qüdrəti, dövlətimizin gücü sayəsində bu arzumuz çin olsun.
Səadət TƏHMİRAZQIZI
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Mədəniyyət.- 2020.- 26
fevral.- S.5.