Qarabağ tarixinə qravürlərlə səyahət

 

Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitab-kataloqunun təqdimat mərasimi keçirildi.

 

Tədbir iştirakçıları əvvəlcə kitaba daxil edilən qravürlərdən ibarət sərgi ilə tanış oldular.

 

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonaqları salamlayaraq Arif Hüseynovun Azərbaycan rəssamlığında, xüsusən də kitab qrafikasında göstərdiyi xidmətlərdən söz açdı.

 

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev çıxışı zamanı diqqətə çatdırdı ki, xalqımızın tarixində və qan yaddaşında elə unudulmaz hadisələr var ki, illər, qərinələr keçsə də, həmişə xatırlanacaq və unudulmayacaq. 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda törədilən soyqırımı qan yaddaşımızda iz qoyan həmin faciələrdən biridir. “Qarabağnamə. Tarixin səhifələri” kitabında toplanan əsərlər də erməni qəddarlığının növbəti ifadəsi olan həmin məşum gecədə baş verənlərə bir sənət abidəsidir. Bu kitab Qarabağ yaddaşımıza həsr edilən ən gözəl bədii nümunələrdən biridir.

 

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, qanlı fevral gecəsində baş verənlər erməni vandalizminin ifadəsi olmaqla yanaşı, həmin gün son nəfəsinədək döyüşən və şəhid olan igidmübariz oğullarımızın torpağa, Vətənə olan sədaqət və qəhrəmanlıq nümunəsidir. Kitabı Xocalı uğrunda şəhid olanların xatirəsinə ehtiramın ifadəsi adlandıran Vaqif Əliyev “Qarabağnamə”nin sənətdə hər zaman aktual mövzu olduğunu diqqətə çatdırdı. Bildirdi ki, rəssamın üz tutduğu hər bir mövzu tariximiz, incəsənətimiz üçün dəyərli bir töhfə olur: “Arif Hüseynov bu kitabla təkcə son dövr Qarabağ münaqişəsini deyil, bütöv bir tarixi əks etdirməyə nail olub. Kitab həmçinin ideoloji-siyasitarixi yük daşıyaraq gələcək nəsillər üçün mənbə olacaq”.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tarixi mövzuda yazılmış “Qarabağnamə” adlı salnamələrdən söz açaraq, görkəmli rəssamın kitabını təsviri sənətdə ilk “Qarabağnamə” kimi dəyərləndirdi.

 

Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova kitabın cəmi 200 nüsxə çap olunduğunu bildirərək gələcəkdə əlavə nəşr edilməsi ilə bağlı xahişini diqqətə çatdırdı. Vurğuladı ki, belə kitabların daha böyük tirajla nəşr olunaraq sərgi salonlarında, muzeylərdə, habelə müxtəlif mərasimlərdə xalqımızın haqq səsini ucaldan sənət əsəri kimi nümayiş etdirilməsi vacibdir.

 

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, kino tarixçisi,  Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq yazıçısı Natiq Rəsulzadə, kitabın ideya müəllifi və naşiri Tural Axundov və başqaları çıxış edərək nəşri yüksək qiymətləndirdilər. Qeyd olundu ki, dahi bəstəkar Üzeyir Hacıbəyli, şairə Xurşudbanu Natəvan, Qarabağ xanəndələri, görkəmli hərbçilər Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski və İbrahim ağa Vəkilovun, eləcə də Qarabağın təbiətinin, xarı bülbülün, vətən torpağı uğrunda gedən döyüşlərin əks olunduğu qravürlər yaddaşımızın bədii salnaməsidir. Kitaba daxil olan qrafik rəsmlərdə işğalçı erməni vandallarının torpaqlarımıza, tariximizə əsassız iddiaları, Qarabağ müharibəsi və Xocalı faciəsi son dərəcə təsirli və yaddaqalan şəkildə canlandırılıb.

 

Sonda Arif Hüseynov çıxış edərək kitabda əksini tapan əsərlərin əksəriyyətinin keçən il Xocalı soyqırımının ildönümü münasibətilə təşkil edilən sərgidə nümayiş olunduğunu bildirdi: “Ümid edirəm ki, kitabda əks olunan rəsmlər Qarabağın düşməndən azad ediləcəyi günlərdə ağrılı-acılı tariximizin unudulmaz bir parçası kimi yad ediləcək”.

 

Tədbirdə Əməkdar artist Yasəf Eyvazov, beynəlxalq müsabiqə laureatları Vüsal Aydəmirov və İbrahim Babayev, gənc xanəndə Qızılgül Babayeva musiqi nömrələri təqdim etdilər.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S. 1; 4.