Əsrin faciəsi türk,
azərbaycanlı və qırğız rəssamların əsərlərində
Muzey Mərkəzində
“Xocalıda can qaldı” adlı anım tədbiri
İstiqlal Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə fevralın 21-də Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi.
Tədbirdə ADMİU-nun müəllim və tələbələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunları, muzeyin əməkdaşları və digər qonaqlar iştirak edirdilər.
Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova çıxış edərək Xocalı soyqırımının bəşər tarixinin ən qanlı səhifələrindən olduğunu bildirdi. Qeyd etdi ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırımı erməni millətçilərinin insanlığın düşməni olduğunu nümayiş etdirdi. Bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, yandırılıb və girov götürülərək ağır işgəncələrə məruz qalıb. Xalqımız bu soyqırımı aktını heç vaxt unutmayacaq.
Xalq artisti, rejissor Vaqif Mustafayev bildirdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu təbliğat aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan, ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli və universitetin professoru, Xalq rəssamı Arif Əziz çıxış edərək ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını bildirdilər.
Daha sonra rejissor Vaqif Mustafayevin “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində lentə alınmış “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olundu.
Sonda Ankaranın Qazi Universitetində təhsil alan Türkiyə, Azərbaycan və Qırğızıstandan olan rəssam tələbələrin Xocalı soyqırımına həsr edilən 13 əsərinin yer aldığı sərgiyə baxış keçirildi.
NURƏDDİN
Mədəniyyət.- 2020.- 26
fevral.- S.5.