Bəstəkarlar İttifaqında faciə qurbanları yad olunub

 

Fevralın 24-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

 

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının ümumilikdə bəşəriyyətə, insanlığa qarşı cinayət olduğunu vurğuladı, xalqımızın zaman-zaman başına gələn bu faciələrlə bağlı tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışdı. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti diqqətə çatdırıldı.

 

Qeyd edildi ki, bəstəkarlarımız da xalqımızın qan yaddaşı olan Xocalı soyqırımını öz əsərləri vasitəsilə dünyaya çatdırırlar.

 

Xocalı faciəsinin beynəlxalq aləmdə tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir. Belə əsərlər həm də onun üçün vacibdir ki, böyüməkdə olan nəsil və gələcək nəsillər də bu faciədən xəbərdar olsunlar, tariximizi unutmasınlar.

 

Tədbirdə Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova “Azərbaycan bəstəkarlarının yaradıcılığında Xocalı faciəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Xocalıya həsr olunan əsərlərin təbliği”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Əsədova “Xocalı faciəsi Azərbaycan incəsənətində” mövzularında çıxış etdilər. Bəstəkarlardan Azad Zahidin “Şəhidlər ölməz, Vətən bölünməz” kompozisiyası, Rüfət Ramazanovun orqan və xanəndə üçünAnd” əsəri, Şəmsəddin Qasımovun “Xocalı” mahnısı və gənc bəstəkar Sevinc Əliyevanın violinfortepiano üçün “Elegiya”sı səsləndi.

 

SAVALAN

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.5.